"Əslində,
Ermənistanın baş naziri bizə qarşı ilkin şərtlər irəli sürüb. Yeri gəlmişkən,
düşünürəm ki, bu da növbəti təxribatdır. Bir neçə ay öncə o, Azərbaycan üçün
yeddi ilkin şərt irəli sürmüşdü. Əslində, o, öz gündəliyini bizə və Minsk
qrupuna diktə etmək istəyirdi. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki,
Azərbaycan "Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalıdır. Bunu təkcə biz
yox, həm də Minsk qrupu rədd etdi. Çünki bu, iyirmi ildən çox müddət ərzində
hazırlanmış danışıqların formatını tamamilə dəyişir".
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də "Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.
Prezident bildirib ki, danışıqlar Ermənistan və
Azərbaycan arasında aparılır:
"Beləliklə, o, bizə qarşı ilkin şərtlər irəli
sürür və biz onları rədd etdik. Onun bunu etmə səbəbi ondadır ki, o,
danışıqların dayanmasını və status-kvonun dəyişməz olaraq saxlanmasını istəyirdi.
Bizə gəldikdə, biz həmişə danışıqlara hazırıq. Biz heç vaxt danışıqlardan
imtina etməmişik. Əvvəlki illərdə danışıqlar prosesində çətin vaxtlar
yaşamışıq. Heç də hər şey rəvan getmirdi. Lakin Ermənistanın əvvəlki rəhbərləri
ilə bizim prosesimiz olub və biz mərhələli yanaşmanı işləyib hazırlamışdıq. Əks
halda, biz bu qədər uzun illər bu prosesdə iştirak etməzdik. Bu, faydasız vaxt
deyildir. Hesab edirəm ki, biz çox böyük irəliləyişə nail olmuşduq. Mən bu
prosesdə 2003-cü ildən bəri iştirak edirəm. Mən Ermənistanın iki sabiq
prezidenti ilə işləmişdim. Biz irəliləyişə nail olduq, bu, asan deyildi. Bizdə
çox müxtəlif fikirlər var idi, lakin biz mərhələli şəkildə irəliləyirdik və
indiki məqamda əldə etdiklərimizi işləyib hazırlamışdıq. Paşinyan hakimiyyətə gəldikdən
sonra nəinki ondan əvvəl olanları məhv etdi, o, ondan əvvəl sanki Ermənistanın
mövcud olmadığı və indi yeni Ermənistanın yaradıcısı kimi davranmaq istəyirdi.
O, işlənilmiş bütün prinsipləri məhv etdi. Buna görə bütün məsuliyyət onun və
onun hökumətinin üzərindədir. Yeri gəlmişkən, Ermənistanda rasional insanlar bunu başa düşür. Onlar Ermənistan əhalisinə
xəbərdarlıq edərək bu şəxsin onların ölkəsini fəlakətə apardığı ilə bağlı bəyanatlar
verirlər. Danışıqlarda belə davranmaq olmaz, Azərbaycanı belə təhrik etmək
olmaz".
İlham Əliyev Paşinyanın digər təxribatlarını da xatırladıb:
"Digər
bir təxribat Azərbaycanın qədim Şuşa şəhərində qondarma "Dağlıq Qarabağ lideri”nin
qondarma "andiçmə” mərasiminin təşkil olunması idi. Heç bir digər qondarma
"Dağlıq Qarabağ lideri” bunu etməmişdir. O, bunu nəyə görə etdi? Azərbaycanlıların
hisslərini təhqir etmək üçün. Sonra onlar qondarma "Dağlıq Qarabağın
parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar. Nə üçün? Azərbaycanlılara
qarşı daha bir təhqir. Onlar işğal olunmuş ərazilərdə Livandan olan erməniləri
açıq şəkildə məskunlaşdırır və bunu televiziyada nümayiş etdirirlər. Bu, Cenevrə
Konvensiyanın kobud şəkildə pozulmasıdır və burada məqsəd onların bizə qarşı
nifrətini nümayiş etdirmək idi. Onun etdiyi hər şey danışıqlar prosesini məhv
etmək məqsədini daşıyırdı. Lakin indi onlar danışıqların aparılması üçün
yalvardıqda, Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan
şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, sən danışıqlar
prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən azərbaycanlıların hisslərini
təhqir etdin. Ona görə sən bunun üçün məsuliyyət daşımalısan".
"Erməni xalqı, - mən
bir neçə gün bundan əvvəl Ermənistan xalqına müraciət etdim, - buna görə onu məsuliyyətə
cəlb etməlidir. Bizim erməni xalqı ilə problemimiz yoxdur. Onlar bizim vətəndaşlarımızdır.
Azərbaycanda minlərlə erməni yaşayır və Dağlıq Qarabağda yaşayanları da öz vətəndaşlarımız
hesab edirik. Biz onları Azərbaycanda bir çox digər millətlərin və etnik
azlıqların nümayəndələri kimi bizimlə birlikdə yaşamağa dəvət edirik. Buna görə
Ermənistan bu təhrikedici bəyanatları səsləndirməkdən tamamilə çəkinməlidir, onlar
"Qarabağ Ermənistan deyil” kimi yeni bəyanatla çıxış etməlidir və sonrasına biz
baxarıq", - dövlət başçısı vurğulayıb.