İnternet məhdudlaşdırılıb, abonentlərə ödəmədə güzəşt ediləcəkmi? – Ekspertdən açıqlama

Cəbhədə baş verən hadisələrlə əlaqədar ölkə üzrə internet təminatı məhdudlaşdırılıb. Belə ki, bundan əvvəlki vəziyyətdən fərqli olaraq internetin sürəti xeyli azaldılıb, əhali sosial şəbəkə və sosial mediadan demək olar, rahat şəkildə istifadə edə bilmir.
Maraqlıdır, belə olan halda internet üçün aylıq ödənişlərdə hansısa güzəştlər tətbiq ediləcəkmi?
Məsələ ilə bağlı Sfera.az-a danışan İT üzrə ekspert İsa Qasımov internet istifadəsinin məhdudlaşdırılmasının xidmət verən tərəflərin xərclərinin azalması ilə nəticələndiyini bildirib:
"Mən bu məsələylə bağlı həm ekpsert kimi, həm müştəri kimi, həm də xidmət verən tərəf kimi danışacam. Biz hazırda satdığımız xidmətləri əvvəl üzbəüz müştəri ilə əlaqədə olaraq satırdıq, karantin tətbiq olunduqdan sonra isə onlayn satışa keçdik. Onlayn rejimə keçməklə əlaqədar verdiyimiz xidmətlərin keyfiyyəti bizdən aslı olmayan səbəblərdən aşağı düşmədiyinə görə xərclərimiz azalmadı. Amma işıq pulu, su pulu və s. kimi ofis xərclərimiz onlayn rejimlə əlaqədar azaldı.
Bu da faktdır ki, satdığımız məhsulların maya dəyəri bununla aşağı düşdü. Biz avtomatik olaraq etik qaydalara riayət edib müştərilərimizi məmnun etmək üçün xidmətimizin qiymətini aşağı salmalı idik və saldıq.
İndi internet əvvəlki sürətlə verilmədiyinə görə əvvəlki xərclər də yoxdur. Yəni, həm elektrik enerjisində, həm də yüklənmələrdə sərfiyyat yoxdur. Deməli, xidməti verən provayderlərin xərcləri azalıb. Xərclər azaldığı halda abunəçilərdən əvvəlki ödənişi tələb etmək təbii ki, doğru deyil. Amma indiki hal xüsusi haldır və bir neçə günlük məsələdir.
Ona görə məsələni problemə çevirməmək də olar. Lakin provayderlər müştərilərin diqqətini çəkən, onların mənafeyinə uyğun addımlar atmalı, yaxud bu yöndə açıqlamalar verməlidir. Xidmət verən tərəflər belə olan hallarda müştərilərin problemlərinə biganə qalmadıqlarını göstərməlidir. Biznes etikası bunu tələb edir ki, satan tərəf də, alan tərəf də belə halllarda ortaq olmalıdır”.
Əzizə Zeynal
Sfera.az