Bitə acıq edib, köynək yandıran Ermənistanın İsrail fiaskosu - Səfirliyi niyə bağladılar?

"Nəhayət ki, Azərbaycanın İsraildə öz səfirliyini açmasının əsl məqamı yetişib”
Sfera.az-a açıqlamasında bunu Ermənistanın Azərbaycanı dəstəklədiyinə görə, İsraildəki səfirini geri çağırmasını İrəvanın diplomatik cəbhədə darmadağın edilməsinin növbəti təzhürü kimi qiymətləndirən ReAL-ın icra katibi Natiq Cəfərli deyib:
"Əslində son zamanlar Ermənistan tək cəbhədə deyil, diplomatik sahədə də Azərbaycana uduzur. İrəvan Azərbaycanla dünyada və bölgədə vacib dövlətlərdən olan İsrail arasında siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlıqdan ciddi narahat olub. Ona görə də Ermənistanın İsraildəki səfiri geri çağırması sadəcə diplomatik demarşdır.
Sözsüz ki, bu Azərbaycan diplomatiyasının düşmən üzərində qazandığı növbəti uğurudur. Ümumiyyətlə, Azərbaycan dövlətinin atdığı addımlar cəbhədə kifayət qədər ciddi effekt yaradıb. Ona görə İrəvan tərəfindən belə demarşların olmasını gələcəkdə də görə bilərik. Bu fonda Azərbaycanın nəhayət ki, İsraildə öz səfirliyini açmasının əsl məqamı yetişib. Bu, Ermənistana və onun havadarlarına daha bir ciddi mesaj olardı”.
Politoloq Natiq Miri isə bildirir ki, Ermənistanın İsrail siyasəti tamamilə iflasa uğrayıb:
"Ermənistan İsraildən səfirini geri çağırırsa, deməli bu məsələdə ciddi uğursuzluğa düçar olub. Tez-tələsik İsraildə səfirlik açmaqda İrəvanın əsas hədəfi Təl-Əvivi Bakı ilə aralarında mövcud olan dostluqdan çəkindirmək və gələcək perspektivdə həmin ölkənin Azərbaycana hərbi dəstəyinin qarşısını almaqdan ibarət olub. Ancaq gördüyümüz kimi, İsrail birmənalı olaraq Azərbaycanın mövqeyini dəstəklədi və bundan sonra da dəstək verəcəklərini təsdiqlədilər.
Bu isə o deməkdir ki, Ermənistanın İsrail siyasəti tamamilə iflasa uğradı. İsrailin Azərbaycana yönəlik dostluq siyasətinin qarşısını ala bilməyən İrəvan səfiri geri çağırmaqla dolayısı ilə Təl-Əvivə bir növ etirazını nümayiş etdirib. Ermənistan onsuz da İsrailin maraq dairəsində olmayan ölkədir. Ona görə də bu addımı diplomatik və siyasi yöndə Ermənistan rəhbərliyinin uğursuzluğu kimi dəyərləndirmək olar”.
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu isə Sfera.az-a açıqlamasında bildirib ki, İrəvanın daha bir məkrli addımı fiaskoya uğrayıb:
"Yəhudi xalqı Azərbaycanın dostudur, onlar Azərbaycana kifayət qədər böyük hörmət bəsləyirlər. İsraildə Azərbaycanın səfirliyi olmadığı halda belə, iki ölkə arasında bütün istiqamətlərdə ciddi konstruktiv əməkdaşlıq yaranıb. Hansı ki, Ermənistan buna qısqanclıqla yanaşır. Ona görə də İrəvan Bakı-Təl-Əviv münasibətlərinə xələl gətirməyi düşünürdü. Bu fonda da İsraildə səfirlik açmaq niyyətinə düşdü.
Amma göründüyü kimi, digər xarici addımları kimi, İrəvanın bu addımı da fiaskoya uğradı. Onlar Azərbaycan-İsrail münasibətlərinə zərrə qədər də olsa təsir edə bilmədilər. Səfirlik açsalar da bu İrəvan-Təl-Əviv münasibətlərinin inkişafında əsaslı rol oynamadı. Deməli,Ermənistan səfirlik açmaq məsələsində yanıldığını etiraf edir. Guya onlar bununla İsrailə mesaj ünvanlayırlar. Ancaq heç bir nəticəyə nail olmadılar. Azərbaycan-İsrail münasibətləri ən yüksək səviyyədədir. İsrail Azərbaycanın ədalətli mövqeyini ən yaxından dəstəkləyən müttəfiq ölkələrdəndir”.
"Ermənistan Njde və Hitler ideologiyası ilə yaşadığından erməniləri dəstəkləmək mövqeyinin İsraildə populyar olacağını düşünmürəm”.
Bu sözləri isə Milli Məclisin deputatı Asim Mollazadə dedi.
"İsraildə səfirlik açmaqda İrəvanın istəyi Azərbaycan-İsrail münasibətlərinə xələl gətirmək olub. Ancaq son hadisələr göstərdi ki, İsrail yenə də Azərbaycanın tərəfindədir, onun haqlı mövqeyini dəstəkləyir. Ona görə də İrəvan səfirliyini geri çağırdı. Bu diplomatiyamızın düşmən üzərində qazandığı növbəti uğurdur”, - deyə deputat qeyd etdi.
Elçin