"Ermənistanın hərbi-sursat anbarlarına ciddi zərbələr vurulub" - Hikmət Hacıyev

"Əməliyyatların gedişi onu göstərir ki, Azərbaycan Ordusu dronlardan, yüksək texnologiyalardan istifadə edərək düşmənin hərbi infrastrukturunu sıradan çıxarır”.
Sfera.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mətbuat brifinqində bildirib.
H.Hacıyev deyib ki, bu, Ermənistan silahlı qüvvələrinin müqavimətini əsaslı şəkildə sarsıdıb:
"Ermənistanın silahlı qüvvələrinin əsas logistik, hərbi-sursat anbarlarına ciddi zərbələr vurulub. Bu da Ermənistan silahlı qüvvələrinin bu cəbhədə olan bölmələrinin müqavimətini güclü şəkildə azaldıb. 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində hərbli istehkam sistemləri qurulub, maddi-texniki baza quraşdırılıb. Bunların qısa müddətdə sıradan çıxarılması Ermənistan silahlı qüvvələrinin döyüş müqavimətinin sıradan çıxarılması deməkdir”.
Qeyd edək ki, Hikmət Hacıyev Rusiyada akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (Reuters, Voice of America, Financial Times, Frankfurter Allgemeine Zeitung, Die Welt, EFE, ABC Spain, Bloomberg, CNN, France Presse, RAI, Al Jazeera, Al Arabiya, Der Standard, Asahi və s.) videoformatda mətbuat brifinqi verib. O, xarici media nümayəndələrini Ermənistan silahlı qüvvələrinin son təxribatları barədə geniş məlumatlandırıb.