Yeni zirvələr fəth edilməlidir – Lobbimiz niyə zəifdir?

Qarabağda döyüşlərin başlanması ölkəmizdə həmişə gündəmdə olan lobbiçilik fəaliyyətimizin arzuolunan səviyyədə qurulmaması məsələsini yenidən aktuallaşdırıb.
Sfera.az xəbər verir ki, "facebook” sosial şəbəkəsinin fəallarından olan, bir vaxtlar SOCAR-ın Brüsseldəki təmsilçisi, hazırda Avropada peşəkar lobbist olaraq fəaliyyət göstərən Vüsal Məmmədov bununla bağlı paylaşım edib. "Lobbimiz niyə zəifdir?” sualı ətrafındakı həmin mülahizələri təqdim edirik.
Avropa İttifaqı Lobbi fəaliyyəti ilə məşğul olan qrupların şəffaflığı məsələsində çox həssas yanaşma nümayiş etdirir. Bu baxımdan həmin təşkilatların maliyə mənbəyi ilə bağlı məlumatların Aİ Şəffaflıq Reyestrində yerləşdirilməsini tələb edir.
Hazırda bu reysterdə 11838 lobbist və maraq qrupları qeydiyyatdan keçib ki, bunlardan 4-ü tamamən Ermənistanın təbliğatına köklənib:
1) European Business Association Armenia (EBA Armenia)
2) European Friends of Armenia (EuFoA)
3) Armenian General Benevolent Union Europe (AGBU Europe)
4) IDeA Europe Foundation (Initiatives for development of Armenia).
Əfsuslar olsun ki, Azərbaycanla bağlı bu tipli qurumların sayı 0-dır. Yəni, bu illər ərzində dayanıqlı şəkildə bu reyestrdə rəsmi lobbiçi qurum kimi qeydiyyatda qalmağa nail ola bilməmişik.
Cəhdlər olubmu? Olub.
15 avqust, 2007-ci ildə ilk dəfə FASE bu reyestrdə qeydiyyata alınıb. 2009-cu ildə isə eyni qaydada Bundestaqda lobbist kimi qeydiyyata alınıb.
Sonrakı illərdə digər cəhdlər də olub, müxtəlif təşkilarlar qeydiyyatdan keçib, 2-3 il fəaliyyət göstərdikdən sonra isə hamısı ya "sönüb", ya da "söndürülüb".
İstənilən lobbistin uğuru DAYANIQLILIQDAN keçir. 10-15-20 il ərzində bu insanlar Brüsseldə, Londonda, Berlində, Parisdə, Vaşinqtonda bütün qurumlardakı şəxslərlə əlaqə yaratmalıdır. Söhbət deputatlardan daha çox, onlara sənədləri hazırlayan müşavirlərlə, köməkçilərlə, idarə rəisləri ilə, bir sözlə bürokratiya ilə qurulan şəxsi, birbaşa, səmimi münasibətlərdən gedir.
Biz təəssüf ki, buna HƏLƏ də nail ola bilməmişik.
Əmin edirəm ki, bütün bu nöqtələrdə yüksək peşəkarlıqla vətənə xidmət edəcək insanlarımız mövcuddur. Sadəcə, gücümüzə inanaraq növbəti 10-20 il üçün bu nöqtələrdə heç olmasa indi DAYANIQLI lobbi dayaq nöqtələri yaratmalıyıq.
Erməniləri sona qədər qıra bilmərik, bu coğrafiyada onlarla yaşamağa məhkumuq. Ancaq həm də anlamalıyıq ki, bu planetdə yaşayırıqsa bütün qlobal siyasi güc mərkəzlərində professional lobbistlərimizi yetişdirməliyik. Elə lobbistlər ki, səfirlərimiz, diplomatlarımız, deputatlarımız gəlib-getsə də, onlar daim yerlərində qalıb, bütün bürokrarik "koridorlara", media qurumlarına nüfuz edə bilsinlər. Aldığımız postlarla yanaşı bu şəhərlərdə də yüksəkliklər tutmalı, postlar qurmalıyıq!
Bu insanları hansısa konkret (daxili) siyasi konyukturaya QƏTİYYƏN alət etmədən, onların DÖVLƏTƏ xidmət edə bilmələrinə şərait yaratmalıyıq.
Məncə, edə bilərik!