Azərbaycan diasporunun Qarabağ mücadiləsi – Kim, harada və necə mübarizə aparır?

Azərbaycan diasporunun Qarabağ mücadiləsi – Kim, harada və necə mübarizə aparır?

Cəbhədə baş verən hadisələr ölkə daxilində mübarizə əzmini gücləndirib və insanlar müxtəlif yollarla düşmənə qarşı mübarizə aparmaqdadır.


Maraqlıdır, ölkə xaricində yaşayan soydaşlarımız hazırkı vəziyyətlə əlaqədar hansı işləri görür?


Sfera.az-ın əməkdaşı diaspor nümayəndəlikləri arasında sorğu keçirərək görülən işlər barədə maraqlanıb:


"Ermənilər sözün əsl mənasında alovla oynayır və bunun bədələni ağır şəkildə ödəyəcəklər”.



 

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal Türkiyədə yaşayan azərbaycanlıların, eləcə də Türkiyə vətəndaşlarının cəbhədə baş verən son hadisələr səbəbi ilə davamlı etiraz aksiyaları təşki etdiyini diqqətə çatdırıb:


"Ermənistanın iyul hadisələrindən sonra yenidən Azərbaycana qarşı təxribata yol verməsi Türkiyədə, xüsusilə İğdırda böyük etirazla qarşılanıb. İğdırda yaşayan azərbaycanlılar Azərbaycan bayraqları ilə küçələrə axın edərək erməni təxribatının sonlandırılması üçün çağırış edib.

 

Onlar öz məkrli niyyətini birbaşa Rusiyanın da dəstəyi ilə həyata keçirərək mülki əhalini hədəfə alır. ABŞ, Rusiya və Avropa Birliyi bu erməni terroruna yox deməlidir.

 

Ermənilər sözün əsl mənasında alovla oynayır və bunun bədələni ağır şəkildə ödəyəcəklər. 30 ildir, davam edən işğal artıq sonlanmaq üzrədir. Biz türk milləti olaraq lazım gəlsə könüllü cəbhəyə yollanıb döyüşəcəyik. İndiki vəziyyətdə eyni zamanda bütün hallarda qardaş Azərbaycana hər mənada dəstək olacağıq. Diaspor təşkilatı olaraq burada etiraz aksiyaları keçiririk və bu davamlı olacaq”.


"Polşada yaşayan azərbaycanlılar cəbhədə döyüşmək üçün bizə müraciət edir”



Polşada Azərbaycan Diaspor Təşkilatının rəhbəri Fərid Cəfərli Polşada yaşayan soydaşlarımızın erməni təxribatına qarşı son dərəcədə aktiv mübarizə apardığını bildirib:


"27 sentyabr 2020-ci il tarixdə düşmənin bütün cəbhə boyu əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutması nəticəsində Cənab Ali Baş Komandanın göstərişi ilə düşmənə qarşı adekvat tədbirlər görülməyə başladı. İrimiqyaslı əks hücum əməliyyatları artıq bütün dünyaya bəllidir. Polşada bəzi televiziya kanalları və media qurumları bu məsələni "müsəlman xristian müharibəsi" kimi, bəziləri isə "Azərbaycanın Dağlıq Qarabağa hücumu" kimi qələmə verməyə çalışırdı. Biz bu barədə Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinə məlumat verdik. Səfirlik dərhal bəyanat yaydı. Bəyanatdan sonra artıq bu söhbətlər yığışdırıldı.

 

Hazırda Polşa Azərbaycanlıları Şurası olaraq mövcud vəziyyətlə əlaqəli postlar hazırlayır, polyak, rus və ingilis dillərində geniş izləyici kütləsi olan qruplarda paylaşırıq. İndi Polşada informasiya müharibəsi gedir. Düşünürəm ki, biz bu müharibədə çox uğurlu şəkildə iştirak edirik.


Polşada yaşayan soydaşlarımız hər an cəbhədə döyüşməyə hazırdırlar. Bizə hər gün onlarla müraciət daxil olur bu barədə. Əgər ümumi səfərbərlik elan olunarsa, biz də hər bir Azərbaycan vətəndaşı kimi öz torpaqlarımız uğrunda döyüşlərə qatılacağıq”.


"ABŞ-da yaşayan diaspor təşkilatları baş verənlərə biganə qalmır və müxtəlif petisiyalar, məlumatlar hazırlayaraq Amerika hökumətinə çatdırır”.



 

Azərbaycan Amerika Qadın Cəmiyyətinin prezidenti və Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Minəvvər Vahabova Azərbaycann haqlı mövqeyinin ictimaiyyətə çatdırılması üçün lazımi addımların atıldığını qeyd edib:


"27 sentyabr 2020-ci il tarixdə Ermənistanın silahlı qüvvələri iri çaplı silahlardan, minaatanlardan və toplardan istifadə edərək, cəbhə boyu və dörd kəndi intensiv şəkildə atəşə tutdu. Mülki şəxslər və hərbçilər arasında ölən və yaralananların olduğu, evlərə və mülki infrastruktura böyük ziyan dəydiyi bildirildi. ABŞ-da yaşayan diaspora icması üzvləri olaraq hazırda Azərbaycan ərazisində baş verən hadisələrin nə qədər ciddi olduğunu başa düşürük. Azərbaycan xalqı çox sülhsevər, xeyirxah və qonaqpərvərdir.

 

Çox təəssüf ki, bizə hiyləgər, təcavüzkar qonşu ilə yaşamaq qismət olub. Hökumətimiz və xalqımız 30 ilə yaxındır ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün sülh yolu ilə həllini gözləyir. Ermənistan hökuməti öz terrorçu mövqeyini hər zaman göstərir və heç vaxt güzəştə getmir.Yalnız bir həqiqət var ki, Dağlıq Qarabağ heç vaxt Ermənistana məxsus olmayıb. Bu münaqişənin başlandığı zamandan səbr və yüksək mədəniyyət nümayiş etdirən hörmətli prezidentimiz və Ali Baş Komandan İlham Əliyev son hücumlardan sonra min illərdir, Azərbaycana məxsus olan ərazilərin geri qaytarılması məqsədilə təcavüzkar düşmənə layiqli cavab vermək üçün şanlı Azərbaycan ordusuna "İrəli" əmrini verdi.

 

1987-ci ildən bəri az qala hər gün azərbaycanlı mülki şəxslər öz evlərində və həyətlərində erməni snayperləri tərəfindən qətlə yetirilirdilər. Xocalı qətliamı, yüzlərlə təxribatlar, təcavüzlər, Dağlıq Qarabağdan əlavə ətraf rayonların illərdir, düşmən tapdağı altında olması və son aylarda baş verənlər, necə deyərlər, xalqımızın səbr kasasını doldurdu.

 

Azərbaycan hökuməti bu münaqişəni 30 ildən artıq müddətdə dayandırmağa çalışsa da təəssüf ki, Ermənistan heç vaxt bölgədə sülhün tərəfdarı olmadı. Azərbaycanın Naftalan rayonunda ermənilərin artilleriya atəşi nəticəsində bir ailənin 5 üzvünün həlak olması və onların içərisində azyaşlı uşaqların mövcudluğu çox dəhşətli bir faktdır. Erməni terrorçuları hər zaman dinc əhalini hədəfə alırlar. Beynəlxalq ictimaiyyət hər zaman bu münaqişəyə biganə qalmış və ya hər zaman təcavüzkar tərəfi dəstəkləmişdir.

 

Zənnimcə, artıq bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və qəbul etməsi zamanı çatmışdır. Ermənistan ordusu qeyd-şərtsiz geri çəkilməli, işğal etdiyi torpaqları son qarışına qədər Azərbaycana qaytarmalıdır. Azərbaycan ən qısa zamanda öz ata-baba torpaqlarını azad edib öz sərhədlərini bərqərar etməlidir. Bu günün reallığı budur. Azərbaycan heç bir ölkənin torpağını işğal etmir və öz torpaqları uğrunda mübarizə aparır. Təəssüf ki, Ermənistanla Azərbaycan arasındakı bu münaqişə ilə bağlı fərqli fikirlər mövcuddur. Çünki Ermənistan həmişə bu münaqişə haqqında yalanlar uydurur, utopik və qeyri-real ideologiyasını bütün dünyaya təbliğ edir. "Böyük Ermənistan" qurmaq planının boşa çıxması ilə barışa bilməyən işğalçı Ermənistan hər vəchlə öz vəhşı əməllərini həyata keçirir. Xarici ölkələrdə yaşayan Azərbaycan diasporunun nümayəndələri hər zaman vətənin, Ali Baş Komandanın və şanlı Azərbaycan ordusunun yanındadır.

 

ABŞ-da yaşayan diaspor təşkilatları son günlərdə baş verən hadisələrə biganə qalmır və müxtəlif petisiyalar,məlumatlar hazırlayaraq Amerika hökumətinə və ictimaiyyətinə həqiqətin çatdırılması üçün əlindən gələni əsirgəmir. Bu günlərdə müxtəlif mitinq və avtomobil yürüşü də planlaşdırılır. Azərbaycan diasporu müzəffər ordumuzun yanındadır və onun qələbəsinə inanır”.

 

Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov İspaniya hökumətinin də bu məqamada Azərbaycana dəstək olduğunu və vətəndaşlarımızın bu münaqişədə ölkəmizə lazım olan bütün dəstəyi göstərəcəklərini deyib:



 

 

"Məlum olduğu kimi, İspaniya Avropada separatizmdən əziyyət çəkən başlıca ölkələrdən biridir. Bu baxımdan İspaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Cəbhədə baş verən son hadisələrlə bağlı ermənilər burada Türkiyə Baş konsulluğunun qarşısınnda təxribata əl atmaq istədilər.

 

Amma biz maksimum şəkildə onların bu niyyətinin reallaşmamasına çalışdıq. İspaniyada azərbaycanlılar olaraq ölkəmizin haqlı olduğunu beynəlxalq səviyyədə cəmiyyətə çatdırmağa çalışırıq. Hazırkı məqamda bu istiqamətdə əlimizdən gələni edirik və edəcəyik. Yetər ki, Qarabağımız geri qayıtsın”.

 

"İndi hay-küylü mitinqlərin zamanı deyil, bizim indi dünyaya nəsə sübut etməyə ehtiyacımız yoxdur”



Niderland-Belçika Azərbaycanlıları Kordinasiyası Şurasının üzvü, Real TV-nin Avropa təmsilçisi Xatirə Sərdarqızı siyasi əqidəsindən aslı olmayaraq Belçika və Niderlandda bütün azərbaycanlıların birləşdiyini bildirib:


"Biz Niderlandda yaşayan azərbaycanlılar 27 sentyabr səhər saatlarında ermənilərin bütün cəbhəboyu bölgələrə təxribatı ilə bağlı xəbərləri eşitdik. Elə həmin gün Azərbaycanda baş verənləri müzakirə etmək üçün "Zoom” vasitəsi ilə videokonfrans keçirməyi qərarlaşdırdıq. Niderland-Belçika Azərbaycanlıları Kordinasiyası Şurası, Benilüks Azərbaycanlıları Konqresi, bir neçə türk jurnalistlərin və Türk Federasiyası üzvləri ilə birgə baş tutan konfransda bu məqamda görəcəyimiz işlər, müraciət edəcəyimiz qurumlar müzakirə edildi.

 

Qərara gəldiik ki, yerli parlamentə, burdakı siyasi partiyalara, media orqanlarına müraciətlər ünvanlansın. Həmin gün burda bir neçə xəbər portalında Dağlıq Qarabada baş verən hadisələrlə bağlı xəbərlər yayımlanmışdı ki, həmin xəbərlər də daha çox erməni mətbuatından götürülmüş yazılar idi. Biz Kordinasiya Şurası olaraq tez bir zamanda həmin xəbər portalına rəsmi müraciətlər ünvanlayıb günün sonuna doğru iki xəbər portalında bizə əks olan xəbərlərin dəyişdirildiyini gördük. Daha sonra burda debat təşkil edildi və Azərbaycana qarşı sərt çıxış edən bir neçə deputata anındaca cavab yollayıb, haqlı mövqeyimizi çatdırdıq.

 

Bundan başqa biz Avropa Parlamentinə və Avropa İttifaqına müraciətlər ünvanladıq. Avropa İttifaqı "qondarma” Dağlıq Qarabağ statusunun heç bir ölkə tərəfindən tanınmadığını və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi.

 

Sosial şəbəkələrdə bəzən görürük, sual verirlər ki, orada yaşayan azərbaycanlılar niyə bu hadisələrə görə mitinq təşkil etmirlər. İndi hay-küylü mitinqlərin zamanı deyil, bizim indi dünyaya nəsə sübut etməyə ehtiyacımız yoxdur. Çünki biz kiminsə ərazisini işğal etməmişik. Biz işğalda olan ərazilərimizi azad etmək istəyirik və buna görə də informasiya müharibəsində aktiv iştirak edirik ki, bu Tovuz hadisələrində də özünü açıq-aşkar göstərdi. Buradakı gənclərimiz gecə-gündüz sosial şəbəkələr üzərindən ermənilərə lazımı cavabı verib, dünyaya haqlı səsimizi çatdırır.

 

Bundan əlavə deyim ki, biz 27 sentyabr onlayn konfrans etdikdən sonra yenidən toplantı təşkil etdik və bu toplantıda siyasi baxışından aslı olmayaraq bütün azərbaycanlılar çıxış etdi. Bu əslində ilk deyildi. Tovuzda baş verən hadisələrdən sona təşkil etdiyimiz etiraz aksiyalarında orada iştirak edənlər təkcə diaspor nümayəndələri deyild. Həmin aksiyalarda siyasi əqidəsindən asılı olmayan bütün azərbaycanlılar çıxış edib, birlik göstərirdi”.

 

 

Əzizə Zeynal

Sfera.az

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...