Dinc əhali müvəqqəti olaraq daha təhlükəsiz yerlərə köçürülməlidir – Hərbçi ekspert

Dinc əhali müvəqqəti olaraq daha təhlükəsiz yerlərə köçürülməlidir – Hərbçi ekspert

"Bu vandal hərəkətilə düşmən tərəf guya qarşı tərəfdə narahatlıq, qorxu və xof yaratmaq məqsədi güdür”.


Bu sözləri Sfera.az-a açıqlamasında Qarabağ cəbhəsində döyüşlərin başlanması fonunda ermənilərin Tərtər və Goranboy istiqamətində dinc Azərbaycan əhalisinin yaşadığı əraziləri atəşə tutaraq, əsasən mülki əhalini hədəf seçmələrinin hansı məqsəd daşıdığına aydınlıq gətirərkən ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli deyib:


"Düşmənin bu sayaq hərəkəti Azərbayanda çaxnaşma yaratmaq, əhalimizin, ordumuzun torpaqları azad etmək yolundakı iradəsini qırmaq niyyəti daşıyır. Əlbəttə, düşmənin belə vandal hərəkətləri ölkəmizdə və əhali arasında heç bir qorxu yaratmır. Azərbaycan əhalisi və Ordumuz torpaqlarımızı azad etmək əzmindədir və bu yolda düşməni tamamilə darmadağın etməyə qadirik”.


Hərbçi ekspert qeyd etdi ki, Ermənistan bununla müharibə qanunlarına uyğun hərəkət etmədiyini ortaya qoyur:

 

"Ermənilər hara ayaq basırsa orada əxlaqsızlığı təqdim edir. Müharibəni müharibə, siyasəti siyasət, insanlığı insanlıq qanunlarından kənara çıxarırlar. Münaqişə başlayandan əvvəl və ondan sonra da, yəni bütün konfliktlərdə ermənilər hər zaman belə qeyri-etik hərəkətlərə yol verib. Onların düşüncəsində hüquqa, normalara, insani dəyərlərə hörmət etmək kimi bəşəri münasibətlər olmayıb. Ermənistan üçün müqəddəs heç nə yoxdur. Yəni, ermənilər o qədər vəhşidirlər ki, onlardan bu sayaq vandal hərəkətləri hər zaman gözləmək olar”.


Həmsöhbətimizə görə, düşmənin dinc əhalimizi hədəf alnması ermənilərin qorxaq millət olmasından irəli gəlir:

 

"Mülki əhalinin hədəfə alınması əslində Ermənistanın məkrli siyasətinin tərkib hissəsi olub. Bu hal erməni vandalizminin növbəti təzahürüdür. Erməni vəhşiliyinin növbəti nümunəsidir. Ermənilər Xocalıda, Qaradağlıda və digər yerlərdə də belə vəhşiliklərə əl atıb. Düşmənin yürütdüyü siyasət, apardığı müharibə də insanlığa, bəşəri dəyərlərə ziddir, əxlaqsız müharibə aparırlar. Ermənistan siyasiləri, hərbçiləri bu kimi vəhşi nümunələrlə insanlığa, əxlaqa, mənəviyyata meydan oxuyurlar”.


Həmsöhbətimizin fikrincə, düşmənin mülki əhalini hədəfə almasının qarşısını almaq üçün dinc sakinlərimiz müvəqqəti olaraq daha təhlükəsiz yerlərə köçürülməlidir:

 

"Təəssüf ki, bombardmandan sığınacaq yerlərinin təşkili məsələsində az işlər görülüb. Bu birbaşa Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid olan məsələdir. Belə olan halda düşmənin dinc sakinlərimizi atəşə tutması fonunda əhali müvəqqəti olaraq daha təhlükəsiz yerlərə etap olunmalıdır. Müharibə qanunları da bunu tələb edir.

 

Amma bu dəfə həmin prosesi keçən əsrin 90-cı illərində olduğu kimi xaotik halda yox, planlaşdırılmış şəkildə həyata keçirmək lazımdır. Xaos, təşviş və həyacan baxımından heç bir problem yoxdur. Azərbaycan Ordusu nizamlı şəkildə vahid mərkəzdən idarə olunaraq döyüş əməliyyatlarını həyata keçirir. Belə olan halda insanları sakit şəkildə başa salmaq, onlarla maarifləndirmə işləri aparmaq və mülki insanları yaxın ərazilərdəki daha təhlükəsiz yerlərə etap etmək məqsədəuyğun olardı.

 

Qısa müddətə Azərbaycan Ordusu düşməni darmadağın edərək onları dinc əhalimizin atəşə tutulduğu zonalardan uzaqlaşdıracaq. Bundan sonra təhlükəsiz yerlərə köçürülən mülki əhali yenidən öz evlərinə qayıdacaq”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR