Döyüşlərdən sonra ilk - Məmmədyarov və Nalbandyan bir arada
Siyasət
14:21 / 08.04.2016
2366
Rusiyanın paytaxtı Moskvada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı ilə görüşüb. Anspress-in məlumatına görə, XİN rəhbəri Moskva şəhərində keçiriləcək MDB-yə üzv dövlətlərin xarici işlər nazirləri şurasının iclasında iştirak etmək üçün ötən gün Rusiyaya gedib.
İclas çərçivəsində Məmmədyarov erməni həmkarı Edvard Nalbandyanla da qarşılaşıb. İki nazir əl verərək görüşüblər. Türkiyə mətbuatı nazirlərin bu görüşünü son günlər vəziyyətin gərginləşdiyi işğal altında olan torpaqlarda münaqişənin həlli üçün ümidverici addım adlandırıblar.
Cəbhə xəttində vəziyyət aprelin 2-dən başlayaraq gərginləşidb. Ermənilər təxribat törətməyə çalışıb. Bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Döyüşlərdə ermənilərə məxsus hərbi texnikalar – tanklar və artilleriya qurğuları məhv edilib, yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb, düşmənin bir batareyası darmadağın edilib. Düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.
Cəbhə bölgəsində döyüşlər başladığı günlərdə dünya ictimaiyyəti, o cümlədən Rusiya tərəflərə müraciət edərək atəşkəsə səsləyib. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov cəbhədəki hadisələri müzakirə etmək üçün Bakı və İrəvana səfər edib.
Bu gün isə Rusiyanın baş naziri Dmitri Medvedyev və onun müavini Dmitri Roqozinin Azərbaycana səfəri başlayıb.