Nazarbayev Ərdoğanla görüşəcək
Qazaxıstan prezidenti Nursultan Nazarbayev gələn həftə Türkiyəyə səfər edəcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.
O, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində iştirak edəcək və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparacaq.
Xatırladaq ki, aprel 13-14 tarixlərində Türkiyədə İƏT sammiti keçiriləcək. Sammitdə əsas mövzu "ədalət və sülh üçün birlik və həmrəylik” olacaq.
"Səfər çərçivəsində dövlət başçısının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü planlaşdırılır, görüş əsnasında Astana və Ankaranın əməkdaşlıq istiqamətləri müzakirə ediləcək”, - Nazarbayevin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısının rəsmi saytında verilən məlumata görə, Türkiyə prezidentindən başqa Nazarbayev, Türkiyənin işgüzar dairələri və heyət rəhbərləri ilə də görüşəcək.
Qeyd edək ki, İƏT sosial, iqtisadi və siyasi sahələrdə islam həmrəyliyinin təminatı məqsədi ilə 1969-cu ilin sentyabrında təsis edilib. Onun tərkibinə 57 ölkə daxildir. 2005-ci ildən Rusiya İƏT-də müşahidəçi statusuna sahibdir.