Mehriban Əliyeva – dünya qadınlarına örnək: zəriflik, əzmkarlıq, kübarlıq və vətənpərvərlik mücəssəməsi MƏQALƏ

Mehriban Əliyeva – dünya qadınlarına örnək: zəriflik, əzmkarlıq, kübarlıq və vətənpərvərlik mücəssəməsi MƏQALƏ
 

Tarixlər boyu hər bir ölkənin, xalqın özünəməxsus qadın obrazı formalaşıb və bu aksiomdur ki, Azərbaycan qadını məfhumunda mövcud olan mükəmməl ana, kübar və alicənab, həmçinin mübariz xanım amili bənzərsizdir. Hətta deyərdim ki, Azərbaycan qadını bütün dövrlərdə yazdığı öz möhtəşəmlik salnaməsi ilə dəyəri ölçülməyən cavahirat və müqəddəs mücəssəmədir. Belə ki, bütün tarixlərimizdə bizim örnək kimi qəbul etdiyimiz qadınlarımız olub və indi də vardır. Məhz bu baxımdan, çağdaş zamanımızda ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, xanım Mehriban Əliyeva özünün həm ictimai-siyasi, həm humanitar fəaliyyəti, həm də elmi yaradıcılığı ilə dünya qadınlarına bir nümunə etalonudur. O da əbəs deyil ki, Mehriban xanım müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi, inkişafı naminə kifayət qədər geniş fəaliyyət göstərir, bu işlərinin həyata keçirilməsi istiqamətində əzm, qətiyyət göstərir və müasir dünyanın qadın siyasətində novatorluq tendensiyalarını nümayiş etdirir.

Onun Azərbaycan qadınının ailədəki rolu və ailəyə münasibəti, əsl milli-dəyərlər kontekstini əks etdirən mükəmməl fikirlərində təsdiqini tapır

Mehriban xanımı şəxsiyyət kimi, xarakterizə edərkən daha bir mühüm məqamı da nəzərdən qaçırmaq olmaz ki, onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir. Bu mənada, onun Azərbaycan qadınının ailədəki rolu və ailəyə münasibəti, əsl milli-dəyərlər kontekstini əks etdirən fikirlərində təsdiqini tapır.

"Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”.

Eyni zamanda, Mehriban xanım Azərbaycan qadınını ailədə sülhün, razılığın və məhəbbətin təminatçısı hesab edir: "Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”.

Bəli, bu ifadələr çox sadə görünə bilər, amma eyni zamanda, çox böyük və dərin mənaları ehtiva etməkdədir. Həmin kəlamları daha dərindən incələyərsək, növbəti əsrarəngiz amilləri görmüş olarıq.

***

Mehriban Əliyevanın həyata keçirdiyi layihələrdə maarifçi, xeyriyyəçi, kreativ ideyaları ilə yanaşı, mədəni, dini, milli-mənəvi dəyər və ənənələrə sədaqət müşahidə olunur.

***

Onun gördüyü işlərin harmonik məcrasında Azərbaycan xanımının yorulmaz əməyi, güclü iradəsi dayanır və Mehriban xanım şərəfli, xeyirxah missiyanı layiqincə yerinə yetirir.

Beləliklə, Azərbaycan qadınının bütün ali keyfiyyətlərini özünün təkrarsız şəxsiyyətində birləşdirən Mehriban Əliyevanın cəmiyyətdə yaratdığı müsbət aura insanları mənəvi saflığa, nəcibliyə, xeyirxahlığa səsləyir.

Bir məsələni də qeyd etmək istərdim ki, bu gün bizim bir çox xanımlarımız, gənc qızlarımız onun fəaliyyətindən ruhlanaraq ictimai həyatda aktiv iştirak etməyə başlayıblar.

Azərbaycan xalqı onu sevir və dəyərləndirir!

Daha bir məqama toxunmaq istərdim. Belə ki, Mehriban xanımın müsahibələrinin birində birinci xanım olmağın məsuliyyəti haqqında çox önəmli bir nüansa toxunur. O, bu hissi belə izah edir ki, "Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür...”

Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz ona verilən dəyər, eyni zamanda, millətə layiqli xidmət faktoru dayanır. Bu gün onun xalq sevgisini qazanması bu dəyərlərlə ölçülməkdədir.

Əgər nəzərə alarsaq ki, müasir dünyanın öz çətinlikləri, müəyyən tələbləri, enişləri və yoxuşları var, bu zaman onun öz işlərinin öhdəsindən layiqincə gəlməsini həm də qadın qəhrəmanlığı olaraq qiymətləndirə bilərik. Çünki qloballaşma şəraitinin tələblərindən biri də, hər bir millət, dövlət özünün varlığını qoruyub saxlamaq və digərlərinə tanıtdırmaq üçün müxtəlif mədəni - kütləvi, ictimai, sosial layihələr keçirirlər. Mehriban Əliyeva istər birinci vitse-prezident kimi, istər Heydər Əliyev Fondunun prezidenti kimi, istərsə də birinci xanım olaraq, hətta Azərbaycanın müharibə vəziyyətində olmasına baxmayaraq, öz tarixini, mədəniyyətini, adət və ənənələrini dünya ictimaiyyətinə çatdırır. Əlbəttə, bu proses hədsiz səbr və əzmkar iradə tələb edir. Mehriban xanımın Azərbaycanın şifahi xalq ədəbiyyatının, milli-mədəni və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada təbliği, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərin, yorulmadan, ancaq davamlı aparılan səylərin bu biz müsbət nəticələrini görürük.

Daha bir reallığı unutmamalıyıq ki, Mehriban xanım İSESCO və UNESCO-nun xoşməramlı səfiri kimi də müstəqil Azərbaycanın nailiyyətlərini, ölkəmizdə hökm sürən tolerantlığı təbliğ edir, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun bərqərar olması üçün bütün səylərini göstərir. Bütün bu ağırlıqları, çətinlikləri zərif qadın çiynində saxlamaq isə hər qadına, hər xanıma müyəssər olmur!

Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı edilən genosidin dünyaya yayılmasında və təbliğ olunmasında Mehriban xanım Əliyevanın rolu böyükdür. "Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünya dövlətləri tərəfindən tanıdılmasında aparılan işlər xüsusi əhəmiyyət daşıyır. Qısa müddət ərzində bir çox ölkələr Xocalı soyqırımını rəsmən soyqırımı kimi qəbul etmişdir. Əlbəttə, bu onun gördüyü işlərin yalnız bir qismidir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr səhiyyə, mədəniyyət, sosial sahə, ekologiya sahələrindən əlavə, idmanı da geniş əhatə edir.

İlk Avropa Oyunlarının yüksək, güclü və peşəkar səviyyədə təşkil olunması və həyata keçirilməsində, Formula 1 yarışlarının Təşkilat Komitəsinin rəhbəri kimi, xanım Mehriban Əliyevanın böyük və əvəzolunmaz əməyi vardır.

Bildiyiniz kimi, hər bir ölkənin sosial-iqtisadi yüksəlişi, bütövlükdə onun inkişafını şərtləndirən amillərdəndir. Azərbaycanda həmin uğurların əsasını Ümummilli lider Heydər Əliyevin siyasi kursunun ləyaqətlə davam etdirilməsi təşkil edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən mühüm dövlət proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində əhalinin rifahı yüksəldilmiş, paytaxtla bölgələr arasında fərqin aradan qaldırılması istiqamətində addımlar atılmışdır. Dövlət başçımızın cəmiyyətin inkişafına yönəlmiş qərarlar qəbul etməsi, bizi əhatə edən problemlərə böyük həssaslıqla yanaşması Onun vətəndaşlara olan diqqətinin nümunəsidir.

Birmənalı şəkildə qeyd etməliyik ki, ölkə həyatındakı bu dəyişikliklərdə Mehriban xanım Əliyevanın müstəsna rolu olmuşdur.

Mehriban xanımın Milli Məclisin deputatı olaraq fəaliyyət dövrü də özündə bir sıra əhəmiyyətli məqamları əks etdirməkdədir. Məhz onun millət vəkilliyi zamanında çoxsaylı humanizm aksiyaları həyata keçirildi, çoxsaylı məhbusların azadlığa buraxılması, ailələrinə qovuşmaları prosesində münbit addımlar atıldı. Eyni zamanda, parlament fəaliyyətinin digər sahələrində də Mehriban Əliyevanın yorulmaz əməyi öz bəhrələrini verdi.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti göstərən, bəşəriyyətin ali ideallarına xidmət edən Mehriban xanım Əliyeva bütün dünyada müasir Azərbaycan qadınının obrazını təcəssüm etdirir

Lakin buna qədərki fəaliyyətlərin əsas qismlərindən biri Heydər Əliyev Fonduna rəhbərliklə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, təbliğ edilməsi işini qarşısına məqsəd qoyan Fond, eyni zamanda, milli-mənəvi dəyərlərin qorunmasında, qadın və uşaq hüquqlarının müdafıəsi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya və s. sahələrində maraqlı layihələr həyata keçirir. Həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb”, "Talassemiyasız həyat”, "Diabetdən əziyyət çəkən uşaqlara qayğı”, "Uşaq evləri və internat məktəblərinin inkişafı”, "Təhsilə dəstək”, internat həyatı başa çatan qızlar üçün yaşayış binasının tikilməsi və digər bu kimi layihələr uşaqların və ümumilikdə ailələrin rifahının yaxşılaşdırılmasına yönəlmişdir.

Mehriban xanımın təşəbbüsü ilə qadın hüquqlarının müdafiəsi istiqamətində apardığı işlər xüsusilə qeyd olunmalıdır. Məsələn, "XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi ölkədə böyük əks-səda doğurmuşdu. Qadın və uşaqların məişət zorakılığından müdafiəsinə yönəlmiş "Məişət zorakılığı haqqında Qanun” 2010-cu ildə qəbul olunmuşdu. Həmin Qanunun qəbul olunmasında, Ailə Məcəlləsində qızlar üçün nikah yaşının 18-ə qaldırılması ilə bağlı dəyişiklik edilməsində Mehriban xanım Əliyeva böyük təşəbbüs göstərmişdi. Bunun nəticəsi olaraq, erkən nikahlar və məişət zorakılığı ilə bağlı cinayətlərin sayı azalmaqdadır.

Mehriban Əliyevanın geniş və əhatəli fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizə yönəldilməsinə imkan yaradıb

Mehriban xanımın təşkilatçılığı və dəstəyi ilə bağlı ölkədə keçirilən beynəlxalq tədbirlərin çox böyük əhəmiyyəti vardır. Onların sırasında "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, "Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması”, Krans-Montana Forumu çərçivəsində "Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzularda keçirilən konfransları, habelə dünya birliyini tolerantlıq və multikultural dəyərlərə dəvət edən nəhəng tədbirləri göstərmək olar.

Bütün bunların nəticəsi olaraq deyə bilərik ki, Mehriban Əliyevanın geniş və əhatəli fəaliyyəti beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizə yönəldilməsinə imkan yaradıb. O, ölkənin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə nəinki Azərbaycan Respublikasının, eləcə də müxtəlif dövlət və beynəlxalq təkilatların mükafat və fəxri adlarla təltif olunmuşdur.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti göstərən, bəşəriyyətin ali ideallarına xidmət edən Mehriban xanım Əliyeva bütün dünyada müasir Azərbaycan qadınının obrazını təcəssüm etdirir. O, nəinki ölkə qadınları, eləcə də dünya qadınları üçün örnəkdir və bizlər Azərbaycan xalqının nümayəndələri olaraq bu amildən qürur və fərəh hissi keçiririk!

Bəhruz QULİYEV,

"SƏS” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...