Çıxarışların verilməsi sadələşdirilib

Cəmiyyət
18:20 / 19.08.2020
2948
Daşınmaz əmlakın elektron çıxarışının məzmunu təsdiq edilib.
Sfera.az "Real TV"yə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Fərmanı ilə daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu təsdiq edilib. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq, dövlət reyestrindən çıxarışlar kağız formada deyil, elektron üsulla verilir. Çıxarışların elektron üsulla verilməsi prosesi vətəndaşlar üçün kifayət qədər sadələşdirilib.
Belə ki, vətəndaşlar daşınmaz əmlaka dair sənədlərlə birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aidiyyəti ərazi idarəsinə müraciət edirlər. Daşınmaz əmlak notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında əldə edildiyi hallarda isə vətəndaşların ərazi idarəsinə müraciət etməsinə ehtiyac qalmır, müqavilə notarius tərəfindən elektron üsulla daşınmaz əmlakın dövlət reyestrinə göndərilir. Həmin müqavilə ərizəni əvəz etmiş olur. Daşınmaz əmlaka dair sənədlər əsasında hüquqların qeydiyyata alınması təmin edilir və elektron çıxarış hazırlanır. Bununla bağlı olaraq ərizəçiyə SMS bildiriş göndərilir. Bildirişdə elektron çıxarışın hazır olduğu qeyd edilir və link göstərilir. Ərizəçi bildirişdə göstərilmiş linkə keçməklə çıxarışını görə bilir.
Elektron çıxarışın bir sıra üstünlükləri vardır. İlk növbədə bu, vaxta qənaətdir. Kağız formada verilən çıxarışı almaq üçün hüquq sahibləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə getməli olurdular. Bu da onlar üçün müəyyən vaxt itkisi demək idi. Çıxarışın elektron üsulla verilməsi hüquq sahiblərinə vaxta qənaət etmək imkanı yaradır. Artıq vətəndaş öz iş yerini və ya evini tərk etmədən çıxarışını elektron üsulla əldə edə, həm də çap edə bilər. Çıxarışların elektron üsulla əldə edilməsi vətəndaş-məmur ünsiyyətinin azalmasına da müsbət təsir göstərir.
Dövlət başçısının Fərmanı yalnız elektron çıxarışın məzmununu müəyyən etmir, həm də indiyədək, yəni 2006-cı ilin martından 2019-cu ilin aprelinədək kağızda verilmiş çıxarışların elektron formada tərtib edilməsini və Elektron Hökumət İnformasiya Sistemində yerləşdirilməsini nəzərdə tutur. Bu prosesin həyata keçirilməsi üçün Fərmanla 2022-ci il yanvarın 1-dək müddət təyin olunub.
Əgər bu tarixədək hüquq sahibi tərəfindən kağız çıxarış itirilsə, məhv olsa və ya yararsız hala düşsə, hüquq sahibi yalnız ərizə ilə (hər hansı başqa sənəd tələb olunmadan) qeydiyyat orqanına müraciət edə biləcək. Ərizə əsasında elektron formada çıxarış tərtib edilərək hüquq sahibinə elektron üsulla təqdim olunacaq.
Elektron çıxarışda daşınmaz əmlak və hüquq sahibi barəsində müvafiq məlumatlar öz əksini tapır. Bura daşınmaz əmlakın növü, ünvanı, ümumi sahəsi, torpaq sahəsinin kateqoriyası, hüquq sahibinin adı və BAŞQALARI daxildir. Daşınmaz əmlak üzərində ipoteka, icarə, istifadə kimi yüklülük qeydiyyata alındıqda isə, elektron çıxarışda əlavə olaraq həmin məlumatlar da qeyd olunacaq.