POLKOVNİK: Vəziyyət pisdir, müharibə hər an başlaya bilər

"Türkiyənin Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfərə gəlməsi dostları sevindirdiyi kimi, düşmənlərimizi qorxuya salıb”.
Bu sözləri Redaktor.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov avqustun 12-də Türkiyə Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfərə gəlməsi haqda danışarkən deyib. O bildirib ki, bu səfər iki ölkənin birlik və bərabərlik içərisində olduğunu bütün dünyaya göstərir:
Ekspert Türkiyənin Azərbaycanın yanında olmasını vacib hesab edir:
"Ermənistan Rusiyaya arxalanır və bütün təhlükəsizlik məsələlərinə Moskvanın prizmasından baxır. Azərbaycan üçün də güclü bir qardaşının olması vacib amildir.
Bütün dünya bilir ki, Azərbaycanın məqsədi sadəcə torpaqlarını işğaldan azad etmək, öz torpaqlarından didərgin düşən insanları evlərinə geri qaytarmaqdır. Amma Ermənistanın arxasında dayanan qüvvələr bizim bu məqsədə çatmağımıza imkan vermir. Azərbaycana Türkiyənin dəstək olması regionda bir çox problemlərin, xüsusilə Dağlıq Qarabağın işğaldan azad olunmasında mühüm rol oynayacaq.
Həmçinin, Türkiyə kimi böyük bir dövlətin bu gün açıq şəkildə Azərbaycanın haqq davasını dəstəkləməsi düşmənə, onun havadarlarına bir mesajdır. Bu birlik düşmənin canına qorxu salır. Onlar hərbi təlimlərin başladığı ilk gündən qorxu narahatllıq içərisindədirlər.
Amma istər Azərbaycan, istərsə də Türkiyə hər zaman regonda sülhü və sabitliyi qorumağa çalışıb.
Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana gəlişinin məqsədlərindən biri də budur”.
Ş. Ramaldanov Azərbaycanın təkbətək döyüşə hazır olduğunu bildirib:
"Azərbaycan hər zaman Ermənistanla təkbətək döyüşə hazırdır. Bunu dəfələrlə ölkə başçısı Prezident İlham Əliyev də vurğulayıb. Azərbaycan və Ermənistan təkbətək müharibəyə başlasa, ordumuz qısa zamanda düşmənin ordusunu darmadağın edib, torpaqlarımızı işğaldan azad edər. Buna heç kimin şübhəsi olmasın!
Amma düşmən o qədər qorxaq və ikiüzlüdür ki, bunu qəbul etmir və öz təxribatlarına davam edir”.