Kredit qoyuluşu azalır – Səbəblər nədir?

Azərbaycanda fevral ayından sonra kredit qoyuluşunda müşahidə edilən azalma davam edir. 2020-ci ilin fevralında kredit qoyuluşu 15,7 milyard manata yaxın olduğu halda iyunun sonunda 14,55 milyard manata qədər geriləyib. Qısa müddətdə kredit qoyuluşu 1,15 milyard manat və ya 7,32 faiz azalıb.
Sfera.az bildirir ki, azalmanın 2 səbəbi var. Birinci səbəb pandemiya və onunla əlaqədar tətbiq olunana karantin rejimidir. İkinci səbəb isə aprel və mayda 4 bankın bağlanmasıdır.
Hazırda mövcud olan təsir karantinlə əlaqədar yaranan iqtisadi böhrandan qaynaqlanır. Bir çox sahələrdə iqtisadi fəaliyyətə məhdudiyyətin gətirilməsi, əhalinin real gəlirlərinin azalması kreditə olan tələbi zəiflədib. Buna görə də fiziki və hüquqi şəxslər tərəfindən kredit götürülməsi azalır.
Karantinlə əlaqədar qeyri-ərzaq mağazalarının əksəriyyətinin bağlanması istehlak kreditlərinin və ticarət sektoruna verilən kreditlərin azalması ilə nəticələnib. Məlumdur ki, elektron avdanlıqların, məişət avadanlıqlarının bir çoxu məhz kreditlər hesabına satılırdı. Eyni zamanda ticarət obyektləri də cəlb etdikləri kreditlər hesabına əhaliyə məişət avadanlıqlarını güzəştli şərtlərlə, dəyəri aylar üzrə hissə-hissə ödənilməklə təklif edidi. Mart və apreldə həmin mağazaların işləməməsi istehlak kreditlərinə olan tələbi xeyli azaldıb.
Xüsusən ev təsərrüfatlarına verilən kreditlərdə daha çox azalma müşahidə olunur. Fevralda ev təsərrüfatlarına 7,1 milyard manat və ya cəmi kreditlərin 45,2 faizi qədərində kredit verilmişdisə, iyunda onun həcmi 6,5 milyard manata (cəmi kreditlərin 44,5 faizi) enib. Ticarət və xidmət sektoruna ayrılan kreditlər də azalıb. Bir ay ərzində bu sahəyə verilən kreditlər 26 milyon manat azalaraq 2,39 milyard manata enib.
Həm ev təsərrüfatlarına, həm də ticarət və xidmət sektoruna kredit verilməsinin azalmasının başlıca səbəbi kreditlərə tələbin azalmasıdır. Məntiqlə kreditlərə tələb azaldığı təqdirdə onların ucuzlaşması lazımdır. Amma kredit faizlərində ciddi fərq hiss edilmir.
Bəs, bu hal banklar üçün hansı problem yarada bilər?
Kreditlərin azalması bankların gəlirinə mənfi təsir edəcək. Çünki bankların əsas gəlir qaynağı faiz gəlirləridir ki, bu da əsasən kreditlərdən əldə edilir. Banklar əhalidən və digər depozitçilərdən vəsaiti cəlb edir, həmin vəsaitin üzərinə bütün xərcləri və divident faizlərini əlavə etdikdən sonra kredit şəklində digər şəxslərə verirlər. Son aylarda banklarda olan əmanətlərin də həcmi azalır. Əmanətlərin həcmi fevraldan sonra 800 milyon manatdan çox azalıb. İyunun sonunda banklarda 7,7 milyard manat əmanət var. Əmanətlərin azalması təbii olaraq kreditlərin də azalmasını şərtləndirir. Amma dinamika göstərir ki, kreditlərdə azalma daha böyük sürətlə gedir. Bu hal bankların maliyyə vəziyyətinə mənfi təsir göstərir.
Bütün böhran dövrlərində kredit qoyuluşunun azalması müşahidə edilən faktdır. Bunun üçün banklar kredit faizlərini azaltmalıdır ki, kreditə tələb artsın. Lakin son aylarda kredit faizlərində ciddi enmə baş vermir. Eyni zamanda əhalinin gəlirlərinin azalması kreditalma qabiliyyətini də zəiflədir.
Kredit qoyuluşuna təsir göstərən digər amil bəzi sahələr üzrə fəaliyyətə məhdudiyyət gətirilməsidir. Həmin sahələrdə çalışan muzdlu işçilərin və sahibkarlara banklar kredit verməkdə maraqlı olmur.
Sadalanan amillərin təsirindən son aylarda kredit qoyuluşu azalmaqdadır. Bu azalmanın pandemiya şəraitində daha bir neçə ay davam etdməsi proqnozlaşdırılır. Belə bir vəziyyətin qalması zəif olan bankların müflis ehtimalını artırır.
Vasif