Oktyabrın 18-dən sonra toyların keçirilməsinə icazə verilir? - AÇIQLAMA

Bir çox insanlar koronavirusa yoluxanların sayının bu cür azlama dinamikası davam edəcəyi təqdirdə Məhərrəm ayından sonra toyların keçirilməsinə icazə veriləcəyini bildirir.
Qeyd edək ki, ölkəmizdə Məhərrəm ayının 1-i Miladi təqvimlə avqustun 21-nə təsadüf edir. Məhərrəmin 10-cu günü, yəni Aşura avqustun 30-da qeyd olunacaq. Qeyd edək ki, Məhərrəm ayından sonra gələn Səfər ayının bitməsi bu il oktyabrın 17-nə düşür. Beləliklə, artıq oktyabrın 18-dən toy və digər şadlıq mərasimlərini keçirmək mümkün olacaq. Koronavirusa yoluxanların sayı azalma dinamikası ilə davam edərsə, oktyabrın 18-dən sonra Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilərmi?
Bununla bağlı KONKRET.az-a danışan deputat Cavid Osmanov bildirib:
"Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də dünya üzrə fövqəladə vəziyyət yenidən 3 ay uzadıldı. Bu gün biz koronavirusla yaşamağa məcburuq. Kütləvi tədbirlərin, o cümlədən toy mərasimlərin 2 ay sonra keçirilməsinə icazə verilib-verilməyəcəyini proqnozlaşdırmaq çətindir. Bu günə kimi virusa qarşı heç bir vaksin və peyvənd tapılmayıb. 15 gündən çoxdur ölkəmizdə virusa yoluxma müsbət tendesiya ilə davam edir. Artıq gündəlik yoluxanların sayı 150-dən aşağı düşüb. Gündəlik sağalanların sayı isə 3 dəfə yoluxanlardan çoxdur. Bu müsbət dinamikanı qoruyub saxlamaq lazımdır.
2 ay sonra toyların keçirilməsinə icazə verilməsi məsələsinə gəlincə, bu barədə həmin dövrə yaxın yaranacaq vəziyyəti, yoluxanların və sağalanların artma-azalma dinamikasını təhlil etdikdən sonra dəqiq bir söz demək olar. Amma bununla yanaşı təbii ki, toy və digər mərasimlərə icazə verilərsə, çox ciddi qaydalar hazırlanmalıdır. Təbii ki, o qaydalara ciddi əməl edilməlidir. Oktyabrın 18-dən sonra Nazirlər Kabineti yanında Operativ Qərargah mövcud vəziyyəti təhlil etdikdən sonra bununla bağlı qərarını açıqlayacaq. Əgər oktyabrın 18-dən sonra Operativ Qərargah toyların keçirilməsinə icazə verəcəksə, qoyulan qaydalara əməl edilməsinə ciddi nəzarət olunmalıdır”.