Tələbələr niyə xarici universitetlərə üz tutur? – Ekspertlərdən fərqli baxışlar
"Azərbaycan gənclərinin xaricdə oxumağa maraq göstərməsinə ölkəmizdə təhsil haqqının kifayət qədər baha, keyfiyyətin isə aşağı olması öz təsirini göstərib, eyni zamanda daxildə təminat da yoxdur”.
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan gənclərinin ölkə daxilindəki universitetləri deyil, xaricdə imtahansız qəbul keçirən ali təhsil ocaqlarına üstünlük vermələri məsələsinə aydınləq gətirərkən təhsil eksperti Kamran Əsədov deyib:
"Türkiyənin ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 15 mindən çoxdur. 8 min soydaşımız Ukraynada oxuyur. 3 minə yaxını Gürcüstanda, Rusiyada isə 4 min tələbəmiz təhsil alır. Ümumilikdə öz vəsaiti hesabına xaricdə təhsil alan soydaşlarımızın sayı 40 mindir. Onlar xarici universitetləri ona görə seçir ki, Azərbaycanda keçirilən qəbul imtahanlarında müsabiqə şərtlərini ödəmir, lazım olan balı toplamırlar. Ölkə daxilində belələri üçün şərait yaranmadığından onlar xarici universitetlərə üz tutur. İkinci bir tərəfdən, ölkə daxilində keçirilən imtahanlarda lazım olan balı toplasalar da bəzilərinin qəbul olunduğu ixtisaslar onları qane etmədiyindən, xaricə gedirlər”.
Ekspert qeyd etdi ki, burada keyfiyyət, təminat amili başlıca rol oynayır: "Başlıcası, bu axına Azərbaycanda təhsil haqqının kifayət qədər baha, keyfiyyətin isə aşağı olması öz təsirini göstərib, eyni zamanda təminat da yoxdur. Türkiyənin dövlət universitetlərində illik təhsil haqqı 400-500 manat civarındadır. Dünya reytinqli Sarbon Universitetində təhsil haqql illik 400-600 avrodur. Təhsilin keyfiyyəti isə ölkəmizlə müqayisədə yüksəkdir.Azərbayanda isə təhsil haqqı 2500-6000 civarında var-gəl edirsə də, keyfiyyət göstəriciləri çox aşağıdır. Türkiyədə hər bir univerditet tələbəni yataqxana ilə təmin etmək öhdəliyi daşıyır. Tələbənin də burada qalmaq xərci aylıq 100-150 manat arasındadır. Azərbaycanda isə bu təminatlar yoxdur”.
K. Əsədovun dediyinə görə, xaricdə universitetlər öz məzunlarının gələcək taleyilə maraqlandığı halda, Azərbaycan universitetləri təhsili başa vuran məzunu başlı-başına buraxır: "Xaricdə universitetlər tələbələri ilə maraqlanır, onları işlə təmin etməyə çalışır.Azərbaycan universitetləri isə bitirən tələbənin taleyilə qətiyyən maraqlanmır. Məhz belə yanlış yanaşma tərzi tələbələrimizi xarici universitetlərə üz tutmağa vadar edir”.
"Tələbələrimizin oxumaq üçün xaricə üz tutmasına başlıca olaraq iki amil təsir göstərir”
Bunu isə sayta açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov söylədi: "Xarici ölkələrin nüfuzlu ali məktəblərinə gedən gənclərimiz imkan və potensiala ciddi önəm verirlər. Hesab edirələr ki, qabaqcıl universitetlərdə daha yüksək təhsil ala və karyeralarını inkişaf etdirə bilərlər. İkinci bir tərəfdən, hazırlıq səviyyəsi aşağı olanlar da bir çox hallarda xarici, xüsusən də qonşu ölkələrin hətta nüfuzlu olmayan, imtahansız qəbul mümkün olan universitetlərinə üz tutur. Qarşı tərəf isə bu amilə valyuta nöqteyi-nəzərindən yanaşır. Yəni, hər iki tərəf sanki razı qalır. Amma hesab edirəm ki, bu yolu seçən tələbələr uduzur. Çünki diplomun olması hələ heç nə demək deyil. Bu fonda diplom keyfiyyət ölçüsünə çevrilmir və belə tələbələr dövlət qurumlarında tələb olunan kadrlara çevrilə bilmirlər”.
Deputat gənclərimizin sözügedən istəyini başa düşdüyünü bildirdi: "Ümumiyyətlə, gənclər fəaldır, onlar hər zaman hərəkətdədir, bir yerə qapanıb qalmır. Məsələn, İtaliyadakı gənc İspaniyada, Almaniyadakı isə Amerikada, Kanada da və əksinə oxumaq istəyir. Bu nöqteyi-nəzərdən Azərbaycan gənclərinin də təhsil üçün xaricə getməsi motivlərini başa düşmək olar”.
Elçin
Sfera.az