Uçot dərəcəsi kredit faizlərinə niyə təsir etmir? – TƏHLİL

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsini 7,25 %-dən 7 %-ə endirilməsi haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6,5 %, faiz dəhlizinin yuxarı həddi isə 7,5 % səviyyəsində müəyyən olunub. Mərkəzi Bank bildirir ki, bu qərar pul siyasətinə həsr olunan son iclasdan keçən dövrdə illik inflyasiyanın azalması və valyuta bazarında stabilliyin davam etməsi, beynəlxalq konyunkturun nisbətən yaxşılaşması, istehlak tələbinin zəifləməsi və onun inflyasiya gözləntilərinə təsiri nəzərə alınmaqla qəbul edilib.
Sfera.az xatırladır ki, Mərkəzi Bankın uçot dərəcəsini azaltmaqda əsas məqsədlərindən biri kredit faizlərinin aşağı düşməsinə nail olmaq və bununla da daha çox kredit verilməsini təşviq etməkdir. Mərkəzi Bankın uçot dərəcəsini endirməklə bağlı qərarı kredit faiz faizlərini endirəcəkmi?
Təcrübə göstərir ki, uçot dərəcəsinin kommersiya banklarının ayırdığı kreditlər üzrə faizlərə ciddi təsiri hiss edilmir. Bunun əsas səbəbi uçot dərəcəsi ilə ayrılan kreditin həcminin az olması və bankların az hissəsinin bu krediti əldə etməsidir.
Uçot dərəcəsi yenidənmaliyyələşdirmə dərəcəsi də adlanır. Mərkəzi Bank kommersiya banklarına bu faiz dərəcəsi ilə kredit verir və bank öz mənfəətini, xərclərini nəzərə alaraq faiz müəyyən edərək kredit ayırır. Buradan aydın olur ki, uçot dərəcəsi yüksək olduqda kredit faizləri də yüksəlməlidir, aşağı olduqda isə kredit faizləri də enməlidir.
Amma təəssüflər olsun ki, Azərbaycanda bu mexanizmin işləməsini müşahidə etmirik. Bunun yeganə səbəbi Mərkəzi Bank tərəfindən ayrılan kreditlərin ümumi kreditləşmədə payının çox az olmasıdır. Kreditlərin faiz dərəcəsinə ən çox əmanətlərin faizləri təsir göstərir. Çünki bankların öhdəliklərində onların payı daha çoxdur.
Mərkəzi Bankın 2020-ci ilin mayın 1-nə olan məlumatına əsasən, uçot dərəcəsi ilə bankların aldığı kredit borcu 822 milyon manatdır. 2020-ci ildə uçot dərəcəsi ilə verilən kreditlərin həcmində artım müşahidə edilir. 2019-cu ilin sonunda kreditlərin həcmi 681,7 milyon manat olduğu halda bu ilin aprelin 1-də 707,3 milyon maata, mayın 1-də 822 milyon manata yüksəlib. Mayın 1-nə olan məlumata əsasən, ölkə üzrə verilən cəmi kreditlərdə Mərkəzi Bankın ayırdığı vəsaitin payı 5,42 faizdir. Mərkəzi Bankın kreditlərinin cəmi kreditlərdə payı ən yüksək səviyyə 2015-ci ildə çatmışdı. Həmin tarixdə yenidənmaliyyələşmənin həcmi 6,157 milyard manat idi və onun cəmi kredit qoyuluşuna nisbəti 28 faizi ötmüşdü.
Deməli, uçot dərəcəsinin bankların verdiyi kreditlərə ciddi təsir etməsi üçün yenidənmaliyyələşmə vəsaitinin həcmi yüksək olmalıdır. Hazırda biz bunu görmürük. Amma banklarda son aylarda əmanətlərin azalması Mərkəzi Bankın yenidənmaliyyələşmə vəsaitlərinin həcminin artmasına səbəb olacağı görünür. Yanvar-mart ayının nəticələrinə əsaslanıb deyə bilərik ki, may və iyun aylarında da uçot dərəcəsi ilə ayrılan kreditlərin həcmi artacaq.
Bankların ayırdığı kreditlərə ən güclü təsiri öncə də qeyd etdiyimiz kimi əmanət faizləri təsir göstərir. Son 2 ildə əmanət faizlərində ciddi azalma var və bu yeni kreditlər üzrə faizlərə azaldıcı təsir göstərib. Bu əlaqəni Mərkəzi Bankın yanaşmasından da görmək olar. Mərkəzi Bank depozit və kredit faizləri ilə məlumatları müqayisəli açıqlayır ki, bu da hər iki göstərici arasında əlaqədən xəbər verir. 2019-cu ilin əvvəlində manatla yeni qoyulan depozitlər 9,25 faizlə ayrılıb. Həmin dövrdə manatla kreditlər üzrə faizlər 15,87 olub. 2020-ci ilin mayın 1-nə olan məlumata əsasən, manatla yeni qoyulan depozitlərdə faizlər orta hesabla 6,2 olub, kreditlər üzrə faizlər isə 11,31-ə enib.
Əmanət faizlərinin kredit faizlərinə təsir göstərməsinin səbəbi onun həcminin çox olmasıdır. Mayın 1-nə aid olan məlumata əsasən, əmanətlərin məbləği 7,75 milyard manatdır ki, bu da kreditlərin 50 faizinə bərabərdir.
Uçot dərəcəsindəki dəyişiklik daha çox depozit hərraclarına təsir göstərir. Mərkəzi Bank həm depozit hərracları keçirir, həm də qısa müddətli notları buraxır. Bu qısa müddətli notların əsas alıcısı və depozit hərraclarının iştirakçısı da banklardır.
Son bir neçə ayın nəticələri göstərir ki, tələb təklifi üstələyir. Mərkəzi Bank depozit hərracında 200-250 milyon arası təklif edir, ancaq banklar tərəfindən tələb təxminən 400-600 milyon arası təşkil edir. Tələbin yüksək olmasına baxmayaraq, yatırılan depozitlərin illik faiz dərəcəsi 6-6,5 faizdir. Uçot dərəcəsinin aşağı endirilməsində məqsəd həm də hərraclarda faiz dərəcəsini aşağı salınmasıdır. Son dəyişiklikdən sonra, bu, Mərkəzi Banka imkan verəcək ki, faiz dərəcəsini banklar üçün aşağı salsın.
Vasif