İlham Əliyevin islahat paketi: ölkədə nələr dəyişəcək?

İlham Əliyevin islahat paketi: ölkədə nələr dəyişəcək?
Son aylar prezident İlham Əliyevin ölkə daxilində atdığı addımlar-idarəetmə sahəsində islahatlar, vergi, gömrük, icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflıq təmin olunması istiqamətində verilən qərarlar, iqtisadi münasibətlər sistemini tənzimləyən qanunverici aktlarda azad iqtisadi mühitin, biznesin inkişafına yönəlmiş çoxsaylı dəyişikliklər, nəhayət, mart ayında siyasi məhbusların böyük əksəriyyətinin azadlığa buraxılması analitiklər tərəfindən Azərbaycanda "yeni bir dövrün” başlanması kimi qiymətləndirilir. 


Prezident idarəetmə sahəsində islahatların "yeni formatda” davam etdiriləcəyini hələ 2016-cı ilin astanasında bəyan etmiş, yeni formatın nədən ibarət olacağını "Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”, deyərək konkretləşdirmişdi. Bu prosesə paralel olaraq hakimiyyət Qərblə korlanmış münasibətlərinə də yeni düzən verib, Avropa institutları (Avropa Birliyi, AŞ PA)  və ABŞ-la siyasi, hətta hərbi əməkdaşlığı bərpa edib. 


Neftin qiymətinin düşməsi ilə müşahidə olunan devalvasiyadan sonra ölkə daxilində narazılığın artmasının önlənməsi, hətta "narıncı inqilablar ssenarisi” quran bəzi Qərb dairələrinin planlarının əngəllənməsi hakimiyyətin özünəinamını artırıb. 


Bir neçə gün əvvəl "Yeni Müsavat” Qərb diplomatik mənbələrinə istinadən rəsmi Bakının əsas dəstəkçisi olan Pentaqonun prezident İlham Əliyevlə bağlı mövqeyini əks etdirən bir məlumat dərc etmişdi. Həmin məlumatdan sitatı xatırladaq: "Pentaqon rəhbərliyi hesab edir ki, prezident İlham Əliyev neftin yaratdığı böhrana baxmayaraq ölkəsində stabilliyi qorumağa nail olub və mövqeləri möhkəmdir. Bu səbəbdən də yaxın illərdə də İlham Əliyevin hakimiyyətdə qala biləcəyi üçün Pentaqon  Ağ Ev administrasiyasını ”daha çıxarlı" siyasət yürütməyə razı salıb".


***
Daxili amillər-xüsusən də özlərini radikal adlandıran, əslində isə çoxdan "virtual mübarizlərə” çevrilmiş  ənənəvi müxalifətin hakimiyyətə heç bir təhlükə yaratmaması, üstəlik,  iqtisadi çətinliyə baxmayaraq, xalqın meydanlarda "hakimiyyətə alternativ axtarışına” çıxmaması iqtidarı siyasi islahatları daha da dərinləşdirməyə meylləndirib. Qeyd olunur ki, iqtidar bəzi anti-Azərbaycan dairələrinin həm Avropada, həm də Amerikadakı fəaliyyətlərini yerli hökumətlər tərəfindən nəzarətə alınmasına nail olub ki, bu da xaricdən "ixrac olunan inqilablar” ssenarilərini birdəfəlik gündəmdən çıxarıb.  


Məlumata görə, iqtidar "idarəolunan demokratiya” modelinə keçidi qətiləşdirib və son aylar atılan addımlar da bunun göstəricisidir. Bu, mərhum prezident Heydər Əliyevin yürütdüyü daxili siyasət modelidir və bütün çərçivələrin genişliyi ilə fərqlənir. 


Məsələn, məlumat var ki, hakimiyyət Qərbin demokratiya institutlarının Bakıda bağlanmış ofislərinin yenidən açılmasına prinsipial razılıq verib. Yada salaq ki, 2014-cü ilin əvvəlindən Bakıda ofisi bağlanan əsas təşkilatlar məhz Amerika təşkilatlarıdır. Bu beynəlxalq təşkilatlar Bakıdan gedəndən sonra insan hüquqları, demokratiyaya ilə  bağlı məsələlərin layihələşdirilməsi və maliyyələşdirilməsi faktiki mümkünsüz olub. 


Xəbərlərdə bildirilir ki, hesablarına həbs qoyulmuş QHT-lərin də normal fəaliyyəti üçün yenidən pəncərə açılır. Hesablardakı həbslər götürülür, müəyyən nəzarətlə qrant almaları və işləmələri əngəllənmir. 


Yeri gəlmişkən, bir ildir Bakını həm də QHT-lərin fəaliyyətinə yaradılmış ciddi maneələrdən sonra  tərk etmiş İqtisadi Təhqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun ölkəyə qayıtmasının səbəblərindən birinin də yeni açılımla bağlı olduğu vurğulanır. 


***


İqtidar illərdir ağır şərtlər altında fəaliyyət göstərən müxalifətə də müəyyən nəfəslik, hətta efir verməyi  düşünür. Şübhəsiz ki, burada da müəyyən "filtrizasiya” olacaq, iqtidarı ən sərt dildə tənqid, təhqir edənlərin "başını sığallamayacaqlar”, amma heç tutmayacaqlar da. Bu, mərhum prezident Heydər Əliyevin idarəçilik metodunu xatırladır, bəlkə də həmin idarəetmənin eynidir. Həmin illərdə Heydər Əliyev hətta ən sərt tənqidçilərini belə həbsə salmır, onların efirə çıxmasına şərait yaradır, müxalifətin etiraz aksiyalarını sanksiyalaşdırır, qəzetlərini oxuyur, rastlaşanda hətta onlara əl də uzadırdı... 


Xəbərlərə görə, hakimiyyət müxalifətə müəyyən fəaliyyət çərçivələri tanımaqda qərarlıdır. Müxalifətin aksiyalar keçirməsi ilə bağlı qadağalar olmasa da, onlara müəyyən efir vaxtının verilməsi müzakirə olunur. Mövzu ilə bağlı bir mənbə deyib ki, iqtidar tam yeni keyfiyyətdə-xalqın qəbul etmədiyi yandaş müxalifət yox, sağlam tənqidçi müxalifətin yaranmasında maraqlıdır. "Bu sırada yeni təşkilatlar da ola bilər, hətta bizim ənənəvi müxalifət də...” deyə, mənbə bildirib. 


***


Daha bir maraqlı gəlişmə hakimiyyətin media siyasəti ilə bağlıdır. Aydındır ki, bir neçə il əvvəl müxalifət qəzetlərinə qarşı yaradılmış və iqtidarın mövqeyinin müdafiə edən çap mediasına indi elə də ehtiyac yoxdur. Ümumilikdə bütün dünyada print medianın zəiflədiyi bir vaxtda iqtidar televiziyalara xüsusi diqqət yetirməyə başlayıb. Onlara da əlbəttə ki, müəyyən çərçivələr gözlənilməklə tənqid üçün yer verilib. Təsadüfi deyil ki, ATV telekanalı martın 30-da nazirləri və bütövlükdə məmurları kəskin tənqid edən süjet yayımlayıb. 


Süjetdə məmurların KİV-lərlə əməkdaşlıqdan imtina etmələri də tənqid olunub. Bundan başqa, telekanal xatırladıb ki, dövlət başçısının nazirlər və icra başçılarına dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq onlar hələ də xalqdan uzaqdırlar. İqtidar bu baxımdan müxalifətin və tənqidçi medianın rolunu da üzərinə götürmək istəyir ki, artıq ATV-də başlanmış bu proses  digər hökumət telekanallarında da davamlı olacaq.     


***


Dünya hazırda qaynar qazanı xatırladır. Ən stabil ölkələr belə sarsıdıcı hadisələrlə üzləşir.
Bu yazıda dəyişikliklərin qeyd olunan və olunmayan əlamətləri, verilən qərarların təhlili bir daha onu göstərir ki, Azərbaycanın yeni formatda idarəçiliyə keçidi başlayıb. Bütün problemli sahələrdə əsaslı struktur dəyişiklikləri, idarəetmə sisteminin yenilənməsi və şəffaf idarəçilik prinsiplərinin daha geniş formada tətbiqi başlayıb. Başqa sözlə, söhbət keyfiyyət və idarəetmə prinsipləri baxımından İlham Əliyevin quracağı yeni hakimiyyətdən gedir. 


OXŞAR XƏBƏRLƏR

FED faiz dərəcəsini açıqladı

ABŞ Federal Ehtiyat Sistemi (FED) illik faiz qərarını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Amerika tənzimləyicisinin saytında məlumat yer ...

Son altı ayda əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarınınsayı

Cari ilin ilk altı ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 080 nikah bağlanıb.   Sfera.az&nbs...

HƏMAS: Qəzza zolağında 154 fələstinli aclıqdan ölüb

Ən azı 154 nəfər, o cümlədən 89 uşaq, son vaxtlar Fələstinin Qəzza zolağında aclıqdan ölüb.   Sfera.az-ın məlumatına görə, bu barədə HƏMAS hərəkatı &...

Zukerberqin 1 milyard dollarlıq təklifini RƏDD ETDİLƏR

Süni intellekt sahəsində fəaliyyət göstərən bir tədqiqatçı “Meta” şirkətinin rəhbəri Mark Zukerberqin 1 milyard dollarlıq əmək müqaviləsi təklifini ...

Birdəfəlik müavinətlərdə ciddi artım

2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketinin icrası digər sosial ödənişlər kimi birdəfəlik müavinətlərdə də ciddi artıml...

Azərbaycanda bu xəstələrə verilən dərmanların sayı artırıldı

Səhiyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 27 iyul tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb ...