Su ehtiyatı ilə ehtiyatsız davranış - VİDEO

Su ehtiyatı ilə ehtiyatsız davranış - VİDEO
Azərbaycan su ehtiyatı ilə zəif təmin olunan ölkələr sırasındadır Azərbaycan su ehtiyatları ilə zəif təmin olunan ölkələr sırasındadır.
 
Sfera.az "Real TV"yə istinadən xəbər verir ki, respublikamızın su ehtiyatları cəmi 32 kubkilometrdir. Bunun təqribən 22 kubkilometri qonşu ölkələrdə, 10 kubkilometri isə ölkə daxilində formalaşır. Bunu Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyir. Alim, bu gün dünyanı narahat edən ən böyük problemin məhz su ehtiyatlarının azalması olduğunu, ekoloq və mütəxəssislərin də bu sahədə "həyəcan təbili” çaldığını bildirir. Su ehtiyatlarının azalmasının səbəblərinə gəlincə, bu, ona olan tələbatın çoxalması, əhalinin sayının artımı nəticəsində əlavə ərazilərin kənd təsərrüfatı dövriyyəsinə daxil edilməsi və həmin ərazilərin su ehtiyatlarından istifadə etməsidir.
 
Digər tərəfdən, Azərbaycan ərazisinin 60 faizindən çoxu quraq ərazilərdir. Həmin ərazilər də əsasən əkinçilik zonasını təşkil edir. Kür-Araz ovalığı, Qarabağ, Mil, Şirvan, cənub-şərqi Şirvan düzü, Gəncə-Qazax düzündə əkilən bitkiləri vegetasiya dövründə bir neçə dəfə suvarmaq lazımdır. Suyun azalmasının bir səbəbi də həmin əkinlərin suvarılması ilə bağlıdır. İqlim amilləri də burada əsas rol oynayır. Temperaturun yüksəlməsi, atmosfer yağıntılarının azalması və buxarlanmanın çoxalması iqlim dəyişikliyinə və nəticədə su ehtiyatlarının azalmasına gətirib çıxarır. Bu gün su qıtlığı ilə nəinki Azərbaycan, hətta bütün dünya mübarizə aparır. Mütəxəssislər üçüncü dünya müharibəsinin torpaq, iqtisadi resurslarla bağlı deyil, məhz su ilə bağlı olacağını düşünürlər. Ramiz Məmmədov problemin həlli üçün preventiv tədbirlərin görülməsini və sudan səmərəli istifadəni məsləhət görür.
 
Qeyd edək ki, su idarəetmə sistemi üçün yol xəritəsinin yaradılması məqsədilə xüsusi hökumət komissiyası yaradılıb. Komissiyaya Baş Nazirin müavini Şahin Mustafayev rəhbərlik edir. Xatırladaq ki, Dünya Bankının təşəbbüsü ilə Prezident İlham Əliyev və bankın Avropa, Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfrans keçirilib. Videokonfransda bir sıra məsələlər, o cümlədən su təchizatı ilə bağlı problemlər də müzakirə olunub.
 

OXŞAR XƏBƏRLƏR