Naqif Həmzəyev: “Microsoft” Şirkəti ilə tərəfdaşlığın böyük gələcəyi var

Cəmiyyət
13:00 / 18.06.2020
2234
Millət vəkili: "Yeni nəsilin öz təhsilini distant formada davam etdirməsi aktuallaşdırılmalıdır”
"Yeni növ koronavirus pandemiyasının dalğalanan çevrəsi yer kürəsində insanları sosial izolyasiyaya məcbur edib, özünü təcrid etməni ön plana çıxarıb. Bu kimi çağırışlar "gözəgörünməz düşmən”dən qorunmanın ən effektli üsulları, koronavirusdan xilas yolu hesab olunsa da eyni zamanda, cəmiyyətin normal və dinamik inkişafına maneələr yaradıb”.
Bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev "Kaspi” qəzetinə açıqlamasında bildirib.
Çətin vəziyyətdən çıxmaq üçün uğurlu və zamanında atılmış addım
Deputat qeyd edib ki, insanların sağlamlığını təhdid altına alan, dünya iqtisadiyyatına ciddi zərbələr vuran virus təhlükəsi təhsil sahəsindən də yan keçməyib: "Koronavirus epidemiyasına görə həyatımızın bütün sahələrində yaranmış müvəqqəti durğunluq tədris prosesində də özünü göstərdi. Ölkəmizin "Microsoft” şirkəti ilə əməkdaşlığı bu çətin vəziyyətdən çıxmaq üçün uğurlu və zamanında atılmış addım oldu. "Microsoft Teams” platformasından istifadə təlim-tədris prosesinin məsafədən təşkilini təmin etdi. Təsadüfi deyil ki, iyunun 16-da "Microsoft” şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və "Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfransda ölkəmizin "Microsoft”la informasiya texnologiyalarının təhsildə tətbiq edilməsi ilə bağlı əməkdaşlığa da toxunulub. Hazırda Azərbaycanda rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işlənir və bu məsələdə ölkəmizin "Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyinə böyük ümid var. Dövlət başçısı bu proqramın növbəti 5 il üçün planlaşdırıldığını deyib. Eyni zamanda süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlərin, kibertəhlükəsizliyin də gündəmdə olduğunu, gələcəyimiz üçün prioritetlər sırasında qaldığını vurğuladı. Azərbaycan Prezidenti "Microsoft” şirkəti ilə ölkəmiz arasındakı ümumi əməkdaşlığın çox təsirləndirici olduğunu, qarşıdakı illərdə tərəfdaşlığın gücləndiriləcəyini, o cümlədən təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxılacağını diqqətə çatdırıb. Şirkətin vitse-prezidenti Filip Roq da təhsil mövzusundan bəhs edilərkən "Microsoft”un Azərbaycanın təxminən 1 milyon tələbəsi üçün əlaqə qura bildiyini söyləyib”.
"Böyük əksəriyyətin distant təhsil prosesində iştirakı təmin olunub"
Millət vəkili N.Həmzəyev deyib ki, hazırda ali məktəblərimizin əksəriyyətində müəllim və tələbələrin ünsiyyəti "Microsoft Teams” proqramı vasitəsilə təşkil olunub: "Respublikanın əksər universitetləri zərurətdən çıxış edərək distant təhsilin tətbiqinə keçid alıb. Müəllim-professor heyətinin və tələbələrin hamısı bu sistemə qoşulmasa da, böyük əksəriyyətin distant təhsil prosesində iştirakı təmin olunub. Lakin bunu bütün təhsil müəssisələrimiz haqqında söyləmək mümkün deyil. Heç də hər təhsil müəssisəsində belə ünsiyyət təşkil olunmayıb. Bu da şagirdin, tələbənin təhsildən geri qalmasına səbəb olur. Beləliklə, bu sistem sayəsində şagird təhsil müəssisəsindən və müəllimindən fərqli məkanda olmasına baxmayaraq, vaxt itirmədən təhsilini davam etdirə bilir. Pandemiyanın nə vaxt bitəcəyini bilmədiyimiz üçün məsafədən idarəetmə və distant təhsil sistemini qura bilməyən təhsil müəssisələrimiz bu sahədə müəyyən işlər aparılmalı, yeni nəsilin təhsilini distant formada davam etdirməsi aktuallaşdırılmalıdır. Sevindirici yeniliklərdən biri də "Microsoft”un süni intellekt platforması Azərbaycan dilini tezliklə dərk edəcəyi və Azərbaycan dilində tərcümə xidmətinin istifadəyə veriləcəyi olub. Daha bir qürurverici məqam Azərbaycanın artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilməsinin videokonfransda vurğulanması oldu. Cənab Prezidentin də vurğuladığı kimi, əsas strategiya karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır. Düşünürəım ki, müasir dövrün yeni çağırışları "Microsoft”la 15 ildən çoxdur davam edən əməkdaşlığımızı daha da gücləndirəcək”.