Taxıl biçinindən öncə dua... – İsmayıllıdan maraqlı görüntülər

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov özünün rəsmi Facebook səhifəsində "İvanovkada ağsaqqallar dualar edir, cavanlar biçinə hazırlaşır...” başlıqlı video görüntü paylaşıb.
Sfera.az xəbər verir ki, icra başçısı sözügedən video görüntünü belə şərh edib:
"İsmayıllının İvanovka kəndində taxıl biçinindən öncə xüsusi dini ayinlər oxunur. Bu, malakanlar tərəfindən əsrlərdir qorunub saxlanılan ənənədir. Kəndin ağsaqqalları məhsulun bol, bərəkətli olması, fəlakətlərdən qorunması üçün Tanrıya dua edir.
"Nikitin” adına kolxozun ərazisində ümumi sahəsi 3700 hektar olan sahədə taxıl əkilib. Təxminən 30 sentner həcmində məhsul gözlənilir. Biçiləcək ot sahəsi 280 hektardır. İndiyə qədər silos üçün 1425 tonluq ot əldə olunub.
Dünyanın tək sahibi olan Uca Yaradandan məmləkətimizi, güclənən dövlətimizi və xalqımızı qorumağı diləyirik!
Bərəkətimiz bol, sağlığımız möhkəm olsun!”