Ölkənin ən böyük bankından qlobal şirkətlər üçün daha bir ilk

Azərbaycan Beynəlxalq Bankı hər zaman olduğu kimi yeni texnologiyaların tətbiqi sayəsində korporativ müştərilərinə xidmət imkanlarını daha da genişləndirməkdədir.
İndi Bankın korporativ müştəriləri daha mütərəqqi rəqəmsal kanal vasitəsilə əməkhaqqı köçürmələrini həyata keçirə bilərlər. Belə ki, Bankın müştərisi olan transmilli şirkətlərin ənənəvi üsullardan istifadə etmədən yalnız SWIFT sorğusu (MT 101) əsasında əməkdaşlarının əməkhaqqı köçürmələrini icra etməsi mümkündür.
Bankın korporativ müştərilərinə təqdim etdiyi yeni xidmətin əsas üstünlüyü ondan ibarətdir ki, xaricdə bank hesabına malik korporativ müştərilər vahid platformadan (SWIFT) istifadə etməklə bank hesablarından həm milli, həm də xarici valyuta ilə əməkhaqqı köçürmələrini birbaşa rahat şəkildə həyata keçirə bilərlər.
Bu xidmətdən yalnız SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemində qeydiyyatdan keçmiş korporativ müştərilərin yararlanması mümkündür.