Könül Nurullayeva: "Yeni xəstəxanaların istifadəyə verilməsi virusla mübarizə imkanlarını genişləndirir"

Könül Nurullayeva:
 

"Azərbaycanda pandemiyadan az itkilərlə çıxmaq üçün bütün imkanlar səfərbər edilib. Yeni modul tipli xəstəxanaların istifadəyə verilməsi isə mövcud imkanları daha da genişləndirir. Məlumdur ki, ölkəmizdə artıq modul tipli 4 yeni xəstəxana istifadəyə verilib və iyunun sonuna kimi daha 6 tibb müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Bununla da məhz pandemiya dövründə yeni yaradılmış modul tipli xəstəxanaların sayı 10-a çatdırılacaq. Koronavirus xəstələrini müalicə etmək üçün ən qabaqcıl 20 xəstəxana ayrılıb. Azərbaycanda yeni laboratoriyalar alınıb, hazırda onların ümumi sayı 20-dən çoxdur".

Sfera.az  xəbər verir ki, bunu millət vəkili Könül Nurullayeva deyib: "Ümumiyyətlə, təcrübə də göstərir ki, bu prosesdə ən vacib məsələlərdən biri səhiyyə infrastrukturunun, tibbi sənayenin inkişafıdır. Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycanda həyata keçirilən tədbirlərin əsas məqsədi həm də kritik vəziyyətə hazır olmaq, ən böhranlı vəziyyətdə belə bütün xəstələrə tibbi xidmətin göstərilməsini təmin etməkdir. Çünki biz bilirik ki, vaksin tapılmayana qədər insanlar virusla birgə yaşamaq məcburiyyətindədir. Odur ki, dövlətin mübarizə tədbirlərindən əlavə, insanlar da fərd olaraq məsələyə məsuliyyətlə yanaşmalıdır. İndiki həssas məqamda yalnız bir məqsəd var - insanları xəstəlikdən qorumaq, onların həyatını xilas etmək. Bunu dövlət başçısı da yeni xəstəxanaların açılışı zamanı bir daha bəyan etdi. Dünyanın mənzərəsinə nəzər yetirsək, bəzi inkişaf etmiş ölkələrdə virusdan vəfat edənlərin sayı Azərbaycanda yoluxanların sayından dəfələrlə çoxdur. Bu mənzərə həm də onu deməyə əsas verir ki, məsələyə kompleks yanaşma olmadıqda vəziyyətin nəzarətdən çıxması qaçılmazdır.
Bu gün Azərbaycan həm də koronavirusa yoluxan bütün xəstələrin tibb müəssisələrində müalicəsini təmin edən ölkə kimi fərqlənir. Əslində ölüm hallarının az olmasının əsas səbəbi də budur - yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir. Bu prosesin davamlı olması vacibdir və bu da birbaşa vətəndaşların məsələyə ciddi yanaşmasından asılıdır. Qapalı məkanlarda maska taxmaq, dezinfeksiya məhsullarından vaxtında və düzgün istifadə etmək, fərdi gigiyena qaydalarına əməl etmək vacibdir. Çünki hər gün daha çox əmin oluruq ki, virusla mübarizədə ən effektiv vasitə qoyulan qaydalara əməl etmək və cəmiyyətdə həmrəyliyi gücləndirməkdir. Yalnız belə olduğu halda biz təhlükənin miqyasını azalda bilərik".


OXŞAR XƏBƏRLƏR