"Pandemiya dövründə dəmir yolu beynəlxalq yükdaşımalarda əvəzsiz rol oynadı"

 

Dünyanı cənginə alan koronavirus pandemiyası ölkələrin özlərini qorumaq məqsədi ilə məhdudiyyət tədbirlərinə əl atmaları ilə müşayiət olundu. Daha əvvəl olmayan yerlərdə sərhədlər əmələ gəldi, insanların qlobal miqrasiyası heçə endi, ölkə ərazisində vətəndaşların hərəkəti üçün məhdudiyyət və qadağalar tətbiq olundu. Lakin koronavirusun yayılması ilə əlaqədar qlobal təhlükəyə baxmayaraq, heç bir ölkə xarici ticarət əlaqələrini dayandırmadı. İstehsal müəssisələrinin dayanması ilə əlaqədar olaraq, yüklərin həcmində azalma olsa da, yük axınları davam etdi. Yəni yükdaşımalar pandemiyadan əvvəl formalaşan iqtisadi əlaqələri qorumağa imkan verən əsas arteriya olaraq qaldı.

Bəs pandemiya dövründə beynəlxalq yükdaşımalarda dəmir yolu hansı rola malik oldu?

 

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, pandemiya dövründə dəmir yolunun beynəlxalq yükdaşımalarda digər nəqliyyat növləri üzərindəki aşkar üstünlükləri bir az daha qabarmış oldu.

Onun sözlərinə görə, dünya ölkələrinin koronavirusdan qorunmaq üçün tətbiq etdikləri məhdudiyyətlər uzun illər formalaşmış beynəlxalq təchizat zəncirinə əhəmiyyətli dərəcədə korrektələr etdi:

"Bu zaman məhdudiyyət tədbirlərinin müxtəlif nəqliyyat növlərinə təsirləri fərqli oldu. Ənənəvi olaraq ucuz hesab edilən dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə aşağı düşdü. Belə ki, bu nəqliyyat növü ilə yükdaşımalarda insan faktoru mühüm əhəmiyyət kəsb edir. Gəminin funksionallığını təmin etməkdən tutmuş, yüklənmə və boşalmaya kimi bütün mərhələlərdə insanların iştirakı vacibdir. Onların sayını minimuma endirmək isə kifayət qədər müşkül məsələdir. Hava nəqliyyatı da bu mənada əhəmiyyətli dərəcədə fərqlənmir. Lakin mövcud durumda tibbi avadanlıqların tez zamanda dünyanın müxtəlif yerlərinə çatdırılması zərurəti yarandı. Bu zaman isə hava nəqliyyatı ən effektiv vasitə oldu. Bunun xaricində hava nəqliyyatı ilə də yükdaşımaların həcminin azalması baş verdi".

R.Ağamirzəyev əsas yük axınlarının məhz quru nəqliyyatına istiqamətləndiyini deyib: "Ölkələr sərhəd-buraxılış məntəqələrində əlavə təhlükəsizlik tədbirləri həyata keçirdi və tələblər irəli sürüldü. Nəticədə sərhədlərdə avtomobil karvanlarından ibarət uzun təxaclar yarandı. Bu isə, öz növbəsində, avtomobil nəqliyyatı ilə yükdaşımalarda pandemiyadan əvvəlki zamanla müqayisədə ciddi yübanmaların olmasına gətirib çıxardı. Qeyd etdiklərimizin fonunda dəmir yolu nəqliyyatı beynəlxalq yükdaşımalarda rolunu əhəmiyyətli dərəcədə artırmış oldu. Bu nəqliyyat növü ilə yükdaşımalar zamanı insan faktorunu minimuma endirmək olur. Dezinfeksiya ilə əlaqədar sərhəd-buraxılış məntəqələrində dayanmalar olsa da, yükün çatdırılma vaxtında əhəmiyyətli yubanmalar baş vermirdi. Dəmir yolu nəqliyyatının hərəkətinin ayrıca xətt üzrə həyata keçirilməsi isə onun intensivliyi və davamlılığını təmin edir. Böyük həcmdə yükləri uzaq məsafələrə kifayət qədər yüksək sürətlə və daha ucuz qiymətə daşımaq baxımından isə onun alternativi olmadı. Buna bariz misal kimi karantin rejimi dövründə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyədən Orta Asiya istiqamətində iki nəhəng konteyner karvanının yola salınmasını göstərmək olar.

Yük axınlarının dəmir yoluna yönlənməsi və bu nəqliyyat növünün rolunun əhəmiyyətli dərəcədə artması bir üstünlük ola bilər. Lakin bütün bu imkanları tam şəkildə reallaşdırmaq üçün müfaviq infrastrukturun olması mühüm əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycanda xüsusilə son 5 ildə dəmir yolu infrastrukturuna və təsərrüfatına edilən investisiyalar xüsusi önəm qazandı. Mövcud durumda ölkənin tranzit potensialının artırılmasında bu nəqliyyat növünün əhəmiyyəti aşkar göründü".

Ekspert qeyd edib ki, baş verənlərin fonunda dəmir yolu sisteminin modernizasiyasına investisiyalar davamlı olmalıdır: "Belə ki, dəmir yolu xətləri yenilənməli, vaqon və lokomativ parkı genişlənməli, mövcud infrastrukturun işləkliyinin təmin olunması üçün depoların inşası davam etdirilməli, təhlükəsizlik sistemləri təkmilləşdirilməli, rəqəmsal texnologiyaların tətbiqinə daha geniş yer verilməlidir. Bunlar nəticə etibarı ilə Azərbaycanda daha rəqabətqabiliyyətli və rentabelli dəmir yolu sisteminin formalaşmasını təmin edəcək".




OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...