Neft hasilatının azaldılması iqtisadiyyatda tənəzzül yaradıb - TƏHLİL

Neft hasilatının azaldılması iqtisadiyyatda tənəzzül yaradıb - TƏHLİL

2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan iqtisadiyyatında tənəzzül müşahidə edilib. Bu dövrdə ümumi daxili məhsul (ÜDM) istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 1,7 faiz azalıb. Makroiqtisadi göstəricilərlə bağlı ilkin məlumatı Prezident İlham Əliyev üç modul tipli xəstəxananın açılışı zamanı verib. Dövlət başçısı söyləyib ki, bir çox inkişaf etmiş ölkələrlə müqayisədə ölkəmizdəki tənəzzül çox kiçikhəcmlidir. Prezidentin verdiyi digər məlumata əsasən, sənaye istehsalı bir qədər artıb: "Amma qeyri-neft sektorunda sənaye 14 faiz artıb. Kənd təsərrüfatı 3,6 faiz artıb. İnsanların orta əməkhaqqı 740 manata yaxınlaşıb. Bu, təqribən 430 dollardan çoxdur. İnflyasiya 3 faizdən aşağıdır, yəni, proqnozlaşdırılmış səviyyədədir”.


Sfera.az xatırladır ki, ölkəmizdə ÜDM istehsalının azalması gözlənilən idi. Çünki maydan başlayaraq Azərbaycan neft hasilatında ciddi azalmaya getdi. "OPEC+” ölkələri ilə əldə edilən razılaşmaya əsasən, ölkəmizdə neft hasilatı may ayından kəskin azaldılıb.Apreldə gündəlik neft hasilatı 771,4 min barel olub. Bunun 679,8 min barelini xam neft, 91,6 min barelini kondensat təşkil edib. Mart ayı üzrə gündəlik neft hasilatı 763,9 min barel olmuşdu. Bunun 683,7 min barelini xam neft, 80,2 min barelini kondensat təşkil etmişdi.


Mayda isə Azərbaycan öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq gündəlik neft hasilatını 554 min barel həcmində saxlamalıydı. Energetika Nazirliyinin məlumatına əsasən, ölkəmiz öz üzrənə götürdüyü öhdəliyə 98 faiz əməl edib. Yəni, gündəlik hasilat 556 min barel təşkil edib.

Aprellə müqayisə göstərir ki, mayda hasilat 215,4 min barel və ya 27,9 faiz azalıb. Bu, olduqca böyük azalmadır və iyun, iyul aylarında da ölkəmizdə bu həcmdə neft çıxarılmalıdır. Avqustdan ilin sonuna qədər gündəlik hasilat 587 min barel olmalıdır. 2021-ci ildən 2022-ci ilin aprelinə qədər olan dövrdə isə ölkəmiz gündəlik 620 min barel neft hasil etməlidir.


Bəs, indiki şərtlərlə Azərbaycanda ÜDM istehsalındakı azalmanı dayandırmaq olarmı? Zənnimizcə, 2020-ci ilin sonuna qədər bunu etmək çətin olacaq. Yanvar-maydakı azalma (1,7 faiz) yanvar-iyun və yanvar-iyul aylarında bir qədər də dərinləşəcək. İlk beş ayın yalnız 1 ayında hasilat azaldılmışdırsa, sonrakı aylarda hasilat azaldılan ayların sayı artacaq. Belə ki, yanvar-iyunda hasilat azaldılan ayların sayı 2-yə, yanvar-iyulda 3-ə, yanvar-dekabrda isə 8-ə yüksələcək. Nəticədə əvvəlki ilin eyni dövrünə nisbətən hasilat səviyyəsindəki fərq bir qədər də böyüyəcək. Düzdür, dekabrda TAP-ın işə düşməsi ilə Azərbaycanın qaz ixracı bir qədər artacaq. Amma bu artım neft hasilatındakı kəskin azalmanı kompensasiya edə bilməyəcək. Bu səbəbdən biz növbəti aylarda ÜDM istehsalında azalmanın qarşısını ala bilməyəcəyik və tənəzzül davam edəcək.


Neft sektorundan gələn tənəzzülün qarşısını yalnız qeyri-neft sektorundakı böyük artım ala bilər. Amma koronavirus pandemiyası və bununla əlaqədar olaraq tətbiq edilən karantin tədbirləri şəraitində böyük artımı təmin etmək asan deyil. Karantin səbəbindən yanvar-aprel dövründə qeyri-neft sektoru üzrə 0,8 faiz kiçilmə qeydə alınıb.

 

Qeyri-neft sektorundakı artivliyə neftin ucuzlaşması da mənfi təsir edir. Çünki neft ucuzlaşanda dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu xərcləri azalır və bu, əsas kapitala sərmayə qoyuluşunun azalmasına səbəb olur. Buna görə də qarşıdakı aylarda qeyri-neft sektoru üzrə artım təmin edilə bilsə də, bu artım neft sektorunda yaranan geriləməni kompensasiya edə bilməyəcək.

 

Beləliklə, böyük ehtimalla 2020-ci ildə Azərbaycan iqtisadiyyatında yenidən tənəzzül qeydə alınacaq. Xatırladaq ki, sonuncu dəfə 2016-cı ildə iqtisadiyyatda tənəzzül baş vermişdi.

 

 

Vasif

 

 

 


OXŞAR XƏBƏRLƏR

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...

Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki,&nbs...

Xocalı soyqırımından 33 il keçir

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsi...