Sərt karantin qadağasının ev itlərinə aid edilməməsi doğrudurmu? – Deputatdan “baytar deyiləm” AÇIQLAMASI

"İtlərin bu dövrdə küçələrdə gəzdirilməsinə əslində ehtiyac yoxdur”.
Sfera.az-a açıqlamasında bu sözləri sərt karantin dövründə itlərin müəyyən yerlərdə küçələrdə gəzdirilməsinə icazə verilməsinin sosial şəbəkələrdə müzakirə və tənqid olunmasına münasibət bildirərkən Tibb elmləri doktoru Adil Qeybulla deyib.
"Söhbət ondan gedir ki, it saxlayan adam istər-istəməz onu da havaya çıxarmalıdır. İndiki şəraitdə problem də budur. Əslində insanlar küçəyə, bayıra çıxan müddətdə itlərin də gəzdirilməsini qadağa edə bilməzsən. Bu istiqamətdə hansısa bir qərar, qanun yoxdur. Amma adi karantin günləri təbii ki, itlərə də aiddir. Onlar küçəyə özbaşına buraxılmamalı, kimsə onu müşayiət etməlidir”.
A. Qeybulla deyir ki,karantin qaydaları sahibinə aid olduğu kimi, evdə saxlanılan dördayaqlılara da aiddir: "Təəssüf olsun ki, həm qanunda müəyyən boşluqlar var, həm də bəzi məqamlar mədəniyyətə, mentalitetə bağlıdır”.
Milli Məclisin deputatı Fazil Mustafa isə açıqlamasında mövzu üzrə mütəxəssis olmadığını söyləyib: "Bu barədə fikrim yoxdur. İtlərin indiki halda küçədə gəzdirilməsinin təhlükəli olub-olmadığına yəqin ki, baytarlar aydınlıq gətirməlidir. Bunun nə məqsədlə edildiyi, faydasının nə olub-olmadığı barədə bilgim yoxdur”.
Elçin
Sfera.az