Bədənimizə düyü böyüklüyündə əşya... - İnsanların çipləşdirilməsinə FƏRQLİ YANAŞMALAR
"İnsanların izlənməsinə şərait yaradacaq, yaxud da onların heyvan kimi hansısa bir formada standartlaşmasına gətirib çıxaracaq addımların atılması qəbuledilməzdir”.
Sfera.az-a açıqlamasında bu sözləri 2030-cu ilədək indi istifadə etdiyimiz şəxsiyyət vəsiqələrini bədənimizə yeridiləcək düyü boyda çiplərin əvəzləyəcəyi barədə səslənən fikirlərə münasibət bildirən hüquqşünas Ələsgər Əhmədoğlu söyləyib: "Fərdin, insan hüquq və azadlığının birinci şərti şəxsiyyətin qorunmazlığı və toxunulmazlığı prinsipidir. Şəxsin toxunulmazlığı dedikdə isə onun həm fiziki, həm də mənəvi-psixoloji toxunulmazlığı nəzərdə tutulur. Şəxsin özünün icazəsi olmadan onun üzərində hansısa cip və ya digər buna bənzər əşyanın yerləşdirilməsi yolverilməzdir. İnsanların izlənməsinə şərait yaradacaq, yaxud da onların heyvan kimi hansısa bir formada standartlaşmasına gətirib çıxaracaq addımların atılması qəbuledilməzdir. Heç bir beynəlxalq hüquq buna imkan vermir”.
"Onsuz da üstümüzdə gəzdirdiyimiz mobil telefonlar yapışdırılmamış infeksiyalardır. Bunu unutmayaq”.
Bu sözləri isə ideyaya tibbi nöqteyi-nəzərdən münasibət bildirən Tibb elmləri doktoru Adil Qeybulla deyib: "Əslində bu məsələ ilə bağlı ideyalar yeni deyil. İnsanların şəkilləri, əl izləri və bəzi digər statistik göstəricilərinin elektronlaşdırılması ideyası yeni söhbət deyil.Bu, insanların dinamikasına nəzarət etmək, yarana biləcək fəsadın, hadisənin vaxtında aşkar olunması məqsədilə çoxdan düşünülmüş ideyadır. Nəticədə insanın yerləşdiyi məkan və hərəkət dinamikasına nəzarət etmək üçün imkanlar yaranır”.
Həkimə görə bu hal insan haqlarının müəyyən qədər məhdudlaşdırılması kimi görünə bilər: "Amma bu hal qanunla fəaliyyət göstərən insanın hərəkət məhdudiyyətinə problem yarada bilməz. Sadəcə bir qədər psixoloji baxımdan qəbul olunmayan məsələdir və bu üzdən hələlik real deyil. Digər tərəfdən, zamanında bu addıma gedilib, gedilməməsi məsələsi öz həllini tapacaq. Hər halda ortalıqda belə bir ideya mövcuddur və onun məqsədəuyğunluğu təbliğ olunur”.
"Texnoloji baxımdan realdır, ancaq bu istiqamətdə real addımların atıldığını və ya yaxın zamanlarda atılacağını eşitməmişəm”.
Bu sözləri isə internet mütəxəssisi Osman Gündüz bildirib. O bu yöndəki müzakirələrin ciddiliyinə şübhə etdiyini bildirib: "Aparıcı, ciddi institutların insanların ÇİP-ləşdirilməsilə bağlı hər hansı bir açıqlamalarla çıxış etdiklərini eşitməmişəm. Bu ciddi bir şey deyil. Düzdür, mümkün olmayan iş yoxdur, bu da mümkün ola bilər. Sadəcə belə bir real layihə barədə ciddi açıqlama eşitməmişəm”.
Elçin
Sfera.az