Baş infeksionist Cəlal İsayev vaxt verdi: Bu tarixdə normal həyat başlayacaq!
Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirib ki, koronavirus infeksiyasları respirator virus tipində gedən bir xəstəlikdir.
"Digər koronaviruslar mövsümi xəstəliklər kimi qəbul olunur və hər ilin soyuq fəslində yenidən baş qaldırır. Əvvəl də qeyd etdiyim kimi, bu viruslar dünyada mövcud olan respirator virus infeksiyaların 4-9 faizini əhatə edir. Belə bir fikir var ki, COVİD-19 da gələcəkdə respirator infeksiya kimi mövsümi xəstəliklər sırasına qoşula bilər və o da hər mövsüm təkrarlana bilər. O dövrə qədər hələlik dəqiq fikir səsləndirmək çətindir. Əgər yenidən bu virus təkrar bu qədər geniş yayılsa və belə ciddi nəticələrə gətirib çıxarsa, çox güman ki, artıq o vaxt peyvəndi də olacaq”, – həkim qeyd edib.
C.İsayev onu da bildirib ki, peyvənd olmasa belə, uzun müddət evdə qalmağa ehtiyac olmayacaq:
"Gigiyena qaydalarına riayət etmək, təması azaltmaq, maskadan istifadə etmək və xəstələrin vaxtında müalicə olunması tədbirlərini həyata keçirməklə, insanlar özlərini qoruya bilər. O vaxta qədər isə koronavirus barədə bilgilərimiz də artacaq və müvafiq profilaktik tədbirlər görə biləcəyik. Hazırda bu xəstəlik inkişaf edir. Dünya alimləri hesab edirlər ki, bu ayın axırlarında xəstəliyin müəyyən qədər sönməsi baş verəcək. Adətən virus soyuq dönəmdə yayılmağa meyilli olur. Çünki soyuq havada əlverişli şərait olur və havanın istiləşməsi müəyyən qədər bu xəstəliyin sönməsinə səbəb olacaq. O vaxta qədər tam dayanmasa da, bu qədər geniş əhatəli olmayacaq. Sonda isə özünü respetator virus xəstəliyinə oxşatmaqla davam edəcək. Mənim hesablarıma görə, artıq mayın ortalarından etibarən əvvəlki normal vəziyyətə qayıda biləcəyik”.