Nəsimidə ağacəkmə aksiyası keçirilib - FOTOLAR
Nəsimi rayonunda Yaşıl Marafon layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.
"Qafqazinfo”ya daxil olan məlumata görə, rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, təsərrüfat xidmətlərinin – ümumilikdə 300 nəfərdən çox insanın iştirakı ilə rayon ərazisində ağacəkmə aksiyası təşkil olunub. İlk növbədə Nəsimi rayonunda abadlaşdırılan ərazilərdə təmizləmə işləri görülüb, yeni torpaq qatı salınıb, əraziyə mineral gübrələr səpilib.
Əvvəllər əkilmiş və yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunub. Keçirilən aksiya zamanı yeni ağaclar əkilib, əvvəl əkilmiş ağaclara qulluq göstərilib. Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Nəsimi rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olub. Mövsüm ərzində rayonda bu kimi yaşıllaşdırma aksiyalarının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.


