Millimizin sabiq baş məşqçisi: "Maaşla bağlı nə lazımdırsa, etməyə hazırıq"
"Futbolçulara evdə məşq proqramları verdik. Bəzilərində velosiped var, ondan istifadə edirlər”.
Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyənin "Kayserispor” klubunun baş məşqçisi Robert Prosineçki "A Spor”a açıqlamasında deyib.
51 yaşlı mütəxəssis bəzi futbolçuların səhər tezdən bazaya girmədən stadionlarda qaçaraq məşq etdiklərini söyləyib: "Hazırda futbolçuların sağlamlığı daha önəmlidir. Bu dönəmin daha tez bitməsini və həyatın normala qayıtmasını istəyirik. Futbolçuların hamısı koronavirus testindən keçdi və nəticəsi mənfi oldu. Oyunçuların vəziyyəti yaxşıdır, hər hansı birinin şikayəti yoxdur”.
Xorvatiyalı baş məşqçi maaşların azaldılması ehtimalına da münasibət bildirib: "Hazırda klub prezidenti ilə belə bir danışığımız olmayıb. Bu vəziyyətin düzələcəyini düşünürük. Bütün klublar pis vəziyyətdədir, nə lazımdırsa, etməyə hazırıq”.
Qeyd edək ki, Robert Prosineçki Azərbaycan millisinə 2014 - 2017-ci illərdə rəhbərlik edib.