Adil Əliyev: Türk Şurası ölkələri arasında əməkdaşlığın inkişafında Azərbaycanın fəallığı danılmazdır

Adil Əliyev: Türk Şurası ölkələri arasında əməkdaşlığın inkişafında Azərbaycanın fəallığı danılmazdır
 

Aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Videokonfransa türkdilli dövlət başçıları ilə yanaşı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus da qatılmışdı. Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən videokonfrans bir neçə səbəbdən vacib idi.

Birincisi, dövlət başçıları dünyanı sözün həqiqi mənasında lərzəyə salan koronavirusla (COVID-19) mübarizə məsələsini müzakirə etdilər. Möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, fövqəladə Zirvə görüşünün əsas məqsədi dövlətlər səviyyəsində atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, türkdilli ölkələrin bir-birinə dəstək göstərməsi və xalqlarımız arasında həmrəyliyin möhkəmləndirilməsi idi. Prezidentimiz xüsusi olaraq vurğuladı ki, Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir.

İkincisi, türkdilli dövlətlərin fövqəladə Zirvə görüşünün keçirilməsi Türk Şurasının indiki ağır şəraitdə də fəaliyyətini davam etdirməyə qadir olduğunu, müzakirələrə ara vermədiyini nümayiş etdirdi. Türk Şurasının beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməyə hazır olduğu videokonfrans tribunasından bir daha bəyan olundu. Bu mənada Zirvə toplantısı digər beynəlxalq təşkilatlara və birliklərə örnək sayıla bilər. Koronavirusla bağlı pandemiya özlərini strateji tərəfdaş adlandıran ölkələr arasında müxtəlif fikir ayrılıqları yaradarkən, qarşılıqlı ittihamlara yol açarkən, bəzilərini hətta strateji tərəfdaşlarının tibbi maskalarını hava limanlarından "oğurlamaq” dərəcəsinə çatdırarkən, gələcəkdə vəziyyətdən necə çıxacaqlarını bilməyənlərdən fərqli olaraq Türk Şurasının üzvləri əsl əməkdaşlıq və anlaşma nümunəsi göstərirlər və bu əzmlə davam etmək niyyətində olduqları videokonfransdan bir daha göründü.

Üçüncüsü, videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə iqtisadi mövzuların da müzakirə edilməsi onu göstərdi ki, Türk Şurası hətta bu ağır şəraitdə belə iqtisadi və regional əməkdaşlığın inkişaf yollarını təhlil edərək gələcək addımlarını müəyyənləşdirir. Azərbaycan Prezidenti İlham Əliyev dedi ki, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk 3 ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur. Bu, mühüm göstəricidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə öz çıxışında Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı yük daşımaları üçün qurulan dəmir yolunun Orta Asiyaya qədər uzadılması mümkünlüyünü vurğuladı. Bildirdi ki, hazırda əsas məqsəd Bakı-Tbilisi-Qars dəmir yolu ilə gündəlik 3 min 500 ton yük daşınmasına nail olmaqdır. Şübhə etmirəm ki, türkdilli dövlətlər buna da nail olacaqlar.

Videokonfransda Türk Şurası ölkələrinin milli böhran mərkəzləri arasında əməkdaşlığın qurulması da təklif edildi. Beləliklə, Türk Şurasına üzv ölkələr həm koronavirusa qarşı birgə mübarizə, həm də iqtisadi və regional əməkdaşlığın inkişafı yollarını ətraflı müzakirə etdilər. Əlbəttə, Türk Şurası ölkələri arasında hər iki istiqamətdə əməkdaşlığın inkişafında Azərbaycanın fəallığı danılmazdır.

Hazırda ölkəmizdə koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Azərbaycan Prezidentinin qərarıyla yaxın müddətdə hər birinin 200 çarpayılıq yeri olan 10 müasir modul tipli xəstəxana istifadəyə veriləcək. Dövlət başçısı koronavirusla mübarizə aparan həkimlərimizin əməyini yüksək qiymətləndirib. Bu infeksiyaya yoluxmuş vətəndaşlarımıza xidmət göstərən həkimlərin maaşı əvvəlki əməkhaqlarının 3-5 misli məbləğində artırılıb. Bu, dövlətin həkimlərə göstərdiyi qayğının təzahürüdür.

Azərbaycan pandemiya dövründəki fəaliyyəti, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığıyla başqa dövlətlərə örnəkdir. Ölkə rəhbərliyinin təşəbbüsü ilə ÜST-ün nümayəndələri hələ martın əvvəllərində Bakıya dəvət olunmuşdular, o zaman koronavirusa qarşı birgə mübarizə məsələləri müzakirə edildi. Vaxtında görülən tədbirlərin nəticəsidir ki, Azərbaycanda koronavirusun yayılmasını indiyədək nəzarətdə saxlamaq mümkün olub. Halbuki, dünyanın aparıcı ölkələri epidemiya nəticəsində ağır itkilər verməkdə davam edirlər. Azərbaycan həmin dövlətlərin səhvlərini təkrarlamadı. Buna görədir ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus martın 23-də Azərbaycan Prezidentinə göndərdiyi məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verdi. O, pandemiyaya qarşı görülmüş tədbirlərə görə Azərbaycanı nümunəvi ölkə kimi dəyərləndirdi. Təşkilatın rəhbəri videkonfransda bu dəyərləndirməsini bir daha təkrarladı.

Azərbaycan Prezidenti koronavirusdan əziyyət çəkən vətəndaşları və sahibkarları da diqqət mərkəzində saxlayır. Koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına zərbə vurub. Prezidentimiz əhalinin sosial rifahını düşünərək Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək, həm də makroiqtisadi durumu və maliyyə vəziyyətini sabit saxlamaq üçün 2,5 milyard manat vəsait ayırıb.

Təəssüf ki, Azərbaycanın koronavirusla uğurla mübarizə apardığı və bu mübarizənin dünya miqyasında yüksək qiymətləndirildiyi bir vaxtda ölkəmizdəki və xaricdəki marginal qüvvələr çirkin kampaniyalarından yenə də əl çəkmirlər. Doğrudur, xaricdən dövlətimizin ünvanına hər zaman yalan və böhtan yağdıran birisi dünən yazdığı statusda özü də etiraf etməli oldu ki, Azərbaycanın koronavirusla mübarizədə uğurları var. Marginalların ümumi dəst-xətti isə budur ki, dövlətin bütün etdikləri səhvdir.

Dövlətimiz bütün institutları ilə gərgin fəaliyyət göstərir, hər sahə, xüsusilə də sosial problemlərin həlli diqqət mərkəzindədir. Biz ayaqdayıq, kimimiz ehtiyacı olan vətəndaşları müəyyənləşdirərək onlara yardıma tələsirik, kimimiz qan verir və ağır xəstələri xilas edirik. Kimlərsə də azsaylı marginallar kimi kənarda dayanıb, heç kimə yardım etmədən, özlərinin "siyasi ambisiyalarından” çıxış edərək iş görənlərin fəaliyyətini qaralamağa çalışırlar. Ancaq unudurlar ki, cəmiyyət bizim nə etdiyimizi də görür, əllərini ağdan-qaraya vurmayaraq sosial şəbəkənin qara təbliğatçılarını da müşahidə edir.

Adil Əliyev
Milli Məclis Sədrinin müavini


OXŞAR XƏBƏRLƏR