Koronavirus manata təzyiqləri artıracaq – BAHALAŞMANIN QARŞISINI ALMAQ MÜMKÜNSÜZƏ ÇEVRİLİR
"Koronavirus sərhədi keçərsə, bunun Azərbaycan iqtisadiyyatına birbaşa təsirləri olacaq”.
Sfera.az-a açıqlamasında bu sözləri koronavirusun Azərbaycana keçəcəyi təqdirdə ölkə iqtisadiyyatına vura biləcəyi təhlükələrədn danışarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib:
"Dolayı təsir ondan ibarətdir ki, dünya iqtisadiyyatı zəifləyir və Azərbaycanın ixrac bazarlarında da imkanlar zəifləyir. Bu isə növbəti dövrlərdə Azərbaycanın ixrac gəlirlərinin azalmasına gətirib çıxaracaq. Mövcud vəziyyətdə neftin qiyməti də azalıb. Neftin 1 dollar ucuzlaşmasının Azərbaycanın ixrac gəlirlərinə təsiri 600-650 min dollardır. Koronavirus başlayandan bu günə qədər isə neftin qiyməti 11 dollar ucuzlaşıb. Bu isə o deməkdir ki,gündəlik ixracdan zərərimiz 6,5-7 milyon dollar civarındadır”.
Ekspert hesab edir ki, virusun sərhədi keçəcəyi təqdirdə manata təzyiqlər daha kəskin xarakter alacaq, qiymətlər bahalaşacaq:"Virusla bağlı proses orta və uzun müddətli dövrə qədəm qoyacaqsa manatın məzənnəsinə təzyiqlər artacaq. Tədiyyə balansında risqlər yaranacaq. Azərbaycana idxal olunan mal və məhsulların əhəmiyyətli hissəsi Çin və İrandan gətirilirdi. 2010-cu ildə 13 milyard dollarlıq idxal olunub ki, bunun da 18 faizini Çin və İran bazarlarından gətirilən məhsullar təşkil edib. İndi bu məhsulların gətirilməsində məhduddiyyətlər tətbiq olunur ki, bu qiymətlərin sürətlə artmasına gətirib çıxaracaq”.
R. Həsənov düşünür ki, Azərbaycan iqtisadiyyatı indiki halda belə bir çətin sitiuasiyalara hazır deyil: "Çatışmazlıqları kompensasiya etmək üçün yerli istehsal yoxdur. Odur ki, prosesin uzanması qiymətlərin kəskin artımı və ciddi qıtlıqla müşaiyyət oluna bilər. Sərhədyanı bölgədə yaşayan və gündəlik dolanışığı İrandan gətirilən xırda ticarət fəaliyyətindən asılı olan insanlar üçün də ciddi çətinliklər yaranacaq. Virusun turizm sektoruna da təsiri olacaq. Bütövlükdə götürdükdə, virusun yayılması domino effektilə iqtisadiyyatımızı iflic halına sala bilər”.
Elçin
Sfera.az