Qonşularda milli valyuta ucuzlaşır: Manatı nə gözləyir? - \"Mərkəzi Bankın açıqlamasından aydın olur ki...\"
11:52 / 31.03.2021
1427
"Mərkəzi Bank qonşu ölkələrdə milli valyutaların dollara nisbətən dəyər itirməsinə münasibət bildirib. Açıqlamadan aydın olur ki, növbəti dövrlərdə də manatın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledici olacaq”.
Sfera.az-ın xəbərinə görə, bu barədə deputat Vüqar Bayramov bildirib.
O qeyd edib ki, regionun aparıcı ölkələrində milli valyutaların ucuzlaşmasının hazırda Azərbaycanın valyuta bazarınıza iqtisadi deyil, daha çox psixoloji təsirləri var:
"Bununla yanaşı, Mərkəzi Bankın açıqlamasından da göründüyü kimi, neftin dünya bazar qiyməti bu kontekstdə daha vacib indikatordur. Çünki ölkəyə daxil olan valyutanın 85 faizə yaxınını enerji sektoru formalaşdırır. Hazırda isə neftin qiyməti Mərkəzi Bank üçün məqbul səviyyədədir. Bununla belə, neft bazarında volatilliyin yüksək olması da diqqətdə saxlanılmalıdır”.
Deputatın sözlərinə görə, həm Türkiyə, həm də Rusiya Azərbaycan üçün vacib ticarət tərəfdaşlarındandır:
"Türkiyə ilə 4.5 milyard dollara yaxın, Rusiya ilə isə 3 milyard dollardan artıq ticarətimiz var. Bu ümumi xarici ticarət dövriyyəmizin 23 faizi deməkdir. Bu baxımdan, əsas ticarət tərəfdaşlarımızdakı iqtisadi və maliyyə dəyişikliklərin xarici ticarət dövriyyəmizə təsirlərinin minimumlaşdırılması istiqamətində fəaliyyətlərin genişləndirilməsi də məqsədəuyğundur”.