No Image

QHT-lərin qeydiyyatında problemlər varmı?

QHT-lərin qeydiyyatında problemlər varmı?
 

Bu gün "Qonaq otağı"nda Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeynidir

- Milli Qeyri-Hökumət Təşkilatları Forumu hansı zərurətdən və nə vaxt yaradıldı?

- Bildiyiniz kimi, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Azərbaycan dövləti bilavasitə üzərinə böyük məsuliyyət götürdü. Belə ki, Beynəlxalq Təşkilatlara, xüsusən BMT-yə üzv olduqdan sonra hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması bir öhdəlik kimi dövlətin üzərində idi. Beləcə, hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaradılmasına start verildi. Xüsusilə, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra sözügedən proses daha da geniş vüsət aldı. 1997-ci ildə BMT ilə Azərbaycan arasında hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaradılması yönündə əməkdaşlıq memorandumu imzalandı. 1999-cu ildə bu zərurətdən irəli gələrək BMT Azərbaycan nümayəndəliyinin QHT-lərlə əməkdaşlıq ofisi var idi ki, orada 202 QHT qeydiyyatdan keçmişdi, onların da yüzdən artığı qurultayda iştirak etdi. 1999-cu ilin 10-11 iyununda indiki Həmkarlar İttifaqının konfrans zalında Qeyri-Hökumət Təşkilatları Forumu yaradıldı. Forum yaradıldıqda 95 QHT ilə təsis olundu, Azərbyacan Mlli Qeyri-Hökumət Təşkilatları forumu kimi 29 iyul 1999-cu ildə Ədliyyə Nazirliyində ilk ən böyük ictimai koalisiya olaraq qeydiyyata alındı. Forum 2000-2001-ci illərdə çox böyük bir layihə gerçəkləşdirdi. Belə ki, biz təxminən  60 rayonda iş apardıq, 2 il ərzində rayonlarda həyata keçirilən iş nəticəsində təxminən 800-ə qədər QHT filiallarını aşkar etdik. Həmin layihənin nəticəsi olaraq 5 respublika regional təlim mərkəzi - Şəmkir, Mingəçevir, Qəbələ, Quba və Şirvanda 60-a yaxın rayonu kordinasiya edən mərkəzlər yaradıldı. Həmin mərkəzlər 20 ildir səmərəli fəaliyyətdədirlər. Qeyd edim ki, 2015-ci ildən Bakı Respublika Regional Təlim Mərkəzi də onların sırasına əlavə olundu. Forum o zamanlar ilk təşkilat idi ki, ölkə miqyasında bu cür işlər həyata keçirirdi. QHT hökumət əməkdaşlığı, QHT-lərlə bağlı qanunun 2000-ci ildə qəbul olunması və oktyabrdan qüvvəyə minməsi məhz Forum ilə Milli Məclisin sıx işbirliyi şəraitində işləməyindən irəli gəlirdi. Hətta həmin qanun layihəsini kamil hesab etdikləri üçün Rusiya QHT-ləri də dumaya təqdim etmək məqsədilə  israrla bizdən  istəyirdilər. Bunun özü də bir ilk idi. Çünki o zamana qədər biz bir çox qanunu Rusiya qanunverici orqanından köçürürdük, ancaq artıq bizdən də bəhrələnmək istəyənlər var idi. 

- MQF qarşısına qoyduğu məqsədə hansı səviyyədə nail ola bilib?

- MQF ilk ictimai koalisiya olaraq aktivliyi ilə öz dəst-xəttini yarada bildi. MQF -nin 20 ildir ki, varlığı onun möhkəm özüllər üzərində yaradıldığını göstərir. MQF qarşısına qoyduğu məqsəd və vəzifələrə nail oldu, həm də vətəndaş cəmiyyətinin yaradılmağında öz layiqli imzasını atdı. Dövlət-hökumət, media-QHT , bələdiyyə-QHT, sahibkarlıq subyektləri ilə QHT münasibətlərinin yaradılmağı və inkişaf etdirilməsində MQF-nin öz rolu var. Forumun bu gün 730 üzvü var. Az öncə də, qeyd etmişdim ki, biz sadəcə 95 üzvlə yola başlamışdıq. Bildirim ki,  bu gün MQF-də bunlarla yanaşı daha 130 təşkilat da birləşir. Bu, o deməkdir ki, Forum öz məsuliyyətinin fərqindədir, bundan sonra da MQF milli-mənəvi dəyərlərimizin, milli maraqlarımızın qorunmasında öz töhfəsini verməyə hazırdır. 

- Bu gün QHT-lərin problemləri siyahısında nələri sadalaya bilərsiniz?

- Bu gün dövlət və özəl təşkilatların imkan və maddi-texniki bazası yüksək səviyyədədir. Bu, təbii ki, bizi sevindirir. Lakin məsələyə müqayisəli yanaşsaq QHT-lər onlardan bu cəhətdə bir qədər geridə qalır. Çünki bu gün QHT-lərin daimi ofislərini, maddi-texniki bazasının olmamağı, maliyyə problemlərinin yaşanması QHT-lərin ən böyük çatışmayan cəhətlərindəndir. Bununla yanaşı, dünyaya çıxış məsələsində də böyük problemlərlə üzləşirik. Bəzi QHT-lər daxili maddi imkan hesabına əcnəbi ölkələrdəki tədbirlərə qatılsalar da, maliyyə imkanı istənilən səviyyədə olmayanda həmişə QHT öz hesabına ölkəni Avropada, dünyada təmsil edə bilmir. Bu məsələləri həll etmək üçün biz bu gün dövlət-QHT əməkdaşlığını yeni müstəviyə qaldırmalıyıq. 

- Bu gün QHT-lərin inkişaf səviyyəsini necə qiymətləndirərdiniz?

- Öncəki illərlə müqayisədə QHT-lər bu gün xeyli inkişaf ediblər. O baxımdan QHT-lərin 20 il bundan qabaqkı durumları ilə bu günü müqayisə etsək, yerlə göy qədər irəliləyiş görə bilərik. Ancaq bu inkişafla kifayətlənə bilmərik. Çatdığımız bu səviyyəni heç də qaneedici saymıram. Bu gün QHT-lərin böhran dövrüdür. Biz ən yaxın zamanda bu böhrandan çıxmalıyıq və daha sürətlə inkişaf etməliyik. 

- Azərbaycan QHT-lərinin xarici QHT-lərlə münasibətləri hansı səviyyədədir? Və onlarla müqayisədə necə görünürük?

- Bu, böyük bir mövzudur. Bizim QHT-lər nə qədər mümkündürsə, beynəlxalq əlaqələr qurublar və ölkə xaricində keçirilən tədbirlərdə təmsil olunublar.  Bu gün BMT EKOSOK-da 14 təşkilat təmsil olunur, onlardan bir neçəsi "General" statusuna malikdir. Avropa Birliyində Şərq tərəfdaşlığı vətəndaş cəmiyyəti forumunda bizim altmışdan çox təşkilatımız təmsil olunur. Onların arasında da 20 QHT bizi hər zaman beynəlxalq konfranslarda təmsil edir. Ancaq beynəlxalq təmsilçilik nöqteyi nəzərdən bunlar çox azdır. Beynəlxalq təşkilatlarda istənilən kimi iştirak etmək üçün ilk öncə beynəlxalq təcrübə yüksək səviyyədə öyrənilməlidir. Bu gün ABŞ-da iki, Britaniyada bir milyona yaxın, Rusiyada 500, Türkiyədə 300 mindən artıq QHT fəaliyyət göstərir. Çexiya və Macarıstanda isə hərəsində 50 min QHT-nin qeydiyyatdan keçdiyi məlumdur. Daha sonra Qazaxıstanın yalnız Almata şəhərində 20 min QHT fəaliyyət göstərir. Ona görə də, dünya təcrübəsini biz yaxından öyrənməli, onların bu inkişaf tempinə necə nail olduqlarını araşdırmalı,   həmin tempi yaxalamağa çalışmalıyıq.

- Belə fikir var ki, QHT-lərin qeydiyyatı ilə bağlı ciddi problemlər yaranır, Ədliyyə Nazirliyinə müraciətlər dəfələrlə geri qayıdır, şərtlər, tələblər sərtdir. Bununla bağlı nə deyə bilərsiniz?

- Bizim Ədliyyə Nazirliyi ilə uzun illərə - 20 ilə dayanan münasibətimiz var. Biz həmişə bu işdə çalışırıq ki, qeydiyyatdan keçmədə heç bir bürokratiyaya yol verilməsin. Və 20 il ərzində MQF-ə üzv olduqdan sonra 500-dən artıq təşkilatin  qeydiyyatdan keçmək üçün göndərdiyi sorğu məktubu  Ədliyyə Nazirliyində qənaətbəxş sayılıb və qəbul edilib. Biz bu illər ərzində qeydiyyata alınmaq üçün qoyulan şərtlərin yumşaldılmasında göstərdiyimiz səylər nəticəsində nail olmuşuq. Ola bilər ki, bu gün də hansısa yumşalmaya ehtiyac var. Ancaq bunu deyə bilərəm ki, kiminki sənədləri tam qaydasındadır o, Ədliyyə Nazirliyindən yaratdığı təşkilatı QHT kimi qeydiyyatdan keçirir. Problemlə qarşılaşanlar isə tələb olunan sənədləri qaydasında olmayan şəxslərdir.

- Bildiyimiz kimi, MQF-də koronavirusla mübarizə qərargahı yaradılıb. Orada görülən işlər haqqında danışmağınızı istərdik.

- Bizim idarə heyətində koronavirusla bağlı yaranmış durum müzakirə olundu. Və MQF koronavirusla mübarizə qərargahı yaradıldı.  Qərargah vətəndaş cəmiyyətinin aktiv qurumu kimi fəaliyyətini qurdu. Biz cəmiyyətdə maarifləndirici tədbirlərin görülməsi, monitorinq və ictimai nəzarətin həyata keçirilməsi tədbirlərində faəl iştirak etdik. Koronavirus dövründə aktual olan "Evdə Qal" kompaniyasına töhfəmizi verdik. Bu dönəmdə Operativ Qərargahla sıx işbirliyində olduq, bizə daxil olan məlumatları ən qısa zamanda oraya ötürürdük.  Biz bu gün də sadaladığım tədbirləri həyata keçiririk ki, virusun yayılmasının qarşısını alaq. Ümumiyyətlə, yaşadığımız son hadisələr göstərdi ki, bundan sonra da, biz karantin rejimini öz həyat rejimimiz kimi mənimsəməliyik. Belə ki, gigiyena qaydalarına daha həssas yanaşmalıyıq, bu halda ailəmiz, cəmiyyətimiz və xalqımız sağlam olar. Ümumiyyətlə, bizim maarifləndirmədə bir şüarımız var: "Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət".  Bunlar bir - birləri ilə sıx bağlıdır. Kamil vətəndaş olmasa, sivil cəmiyyət, sivil cəmiyyət olmasa, güclü dövlət olmaq mümkünsüzdür. 

- Toplumda koronavirusa qarşı fikir birmənalı deyil. Buna münasibətiniz necədir?

- Nə qədər insan varsa, bir o qədər də, düşüncə var. Təəssüflər olsun ki, birinci gündən bu virusa inanmayan, ona biganə yanaşanlar var. Bu, bir məsuliyyətsizlik və etinasızlıq yaradır. Bunun nəticəsdir ki, yoluxma günbəgün artır. Bu da bizim səhiyyənin, iqtisadiyyatın üzərində əlavə bir yük yaradır. Bunlar olmasın deyə maariflənməyə ehtiyac var. Məsuliyyətsizlik sadəcə olaraq, bizim özümüz və ölkəmiz üçün ağır nəticələrə gətirib çıxara bilər. 

- Azərbaycanın işğal edilmiş torpaqlarında qurulmuş qondarma rejimin yeni seçilmiş "prezidenti" bir neçə gün bundan öncə  andiçmə mərasimini Şuşada keçirdi və yeni paytaxt olaraq qədim Azərbaycan torpağını elan etdi. İstərdim, bu məsələyə də münasibət bildirəsiniz...

- Bizim məqsədimiz torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün ən qısa zamanda bərpa olunmasıdır. Şübhəsiz ki, bu günlərdə hər bir vətəndaşın düşüncəsinə hakim kəsilən məsələ budur. Ölkə prezidenti, ali baş komandan bütün tədbirləri görür ki, ölkəmiz, ordumuz, iqtisadiyyatımız güclü olsun. Belə danışaq, 2016- cı lin aprelinə qədər bizi istəyən və istəməyənlər belə düşünürdü ki, görəsən Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə qadirdirmi?  Aprel döyüşləri ordumuzun gücünü ortaya qoydu və hər kəsin beynindəki suala cavab tapıldı. Bəli, Azərbaycan öz torpaqlarını sahib olduğu güclü ordu ilə toplam 4 gün içində   işğaldan azad etməyə qadirdir. İllərlə uydurulan miflər - "Ohanyan kəməri”, erməni ordusu cəmi 2 saatın içində yerlə bir oldu. O dəqiqə Rusiyadan imdad istədilər ki, qoymayın türk bizi qırdı. Bu, bir faktdır. Onların bu gün də keçirdiyi özbaşınalığa cavab olaraq, yenə deyirəm ki, biz torpaqlarımızı - Qarabağı, İrəvanı yağı tapdağından azad etməliyik. Bununla da, onların keçirdiyi təxribat xarakterli aksiyalara ən güclü cavab vermiş olardıq. 30 ildir beynəlxalq təşkilatların sözü yerdə qalırsa,  o zaman Azərbaycan ordusu öz sözünü deyəcək. 

- Bu günlərdə Qərbi Azərbaycan Mühacirət Hökumətinin yaradıldığı elan edildi. Sizcə, bu qərbi azərbaycanlıların öz dədə-baba torpalarına qayıdışında hansı rol oynaya bilər? Ümumiyyətlə, Azərbaycana nələr verə bilər?

- Qərbi Azərbaycan Mühacirət Hökumətinin yaradılmağı  qürbətdə yaşayan soydaşlarımız tərəfindən atılmış böyük və alqışalayiq addımdır. Bu dövlətin yaradılmağı xalqımızın çoxdan gözlədiyi addım idi. Mühacirət Hökumətinə uğurlar diləyirəm. Düşünürəm ki, torpaqlarımızın işğaldan azad olunması, dədə-baba yurdlarımıza qayıdış üçün yaradılmış bütün təşkilatları, addımları dəstəkləməliyik və bu işdə hərə öz töhfəsini verməlidir. Mən bu fikrimi hər zaman demişəm, indi də söyləyirəm ki, biz İrəvanı istəməsək, Qarabağı azad edə bilməyəcəyik. Deportasiya edilmiş soydaşlarımızın Beynəlxalq Hüquq qaydalarından, normalarından istifadə edib Mühacirət Hökuməti vasitəsilə yenidən İrəvana -  tarixi Azərbayacan torpaqlarına qayıdışına inanıram və bu yöndə Mühacirət Hökumətini dəstəkləyirəm. 

("168 saat" qəzeti)

Müsahibəni hazırladı: Səbuhi Qorqud

OXŞAR XƏBƏRLƏR

Bir neçə aya 30 kq arıqlamaq? Bankirin reseptini oxuyaq!

  Sonuncu dəfə nə zaman kiminləsə yarışa girmisiniz? Siz bu suala cavab axtardığınız bir vaxtda, sizə bir sirr açım: həmkarımız Emil Düşdurov bunu etməy...

Kürəyindən vurulan Milli Qəhrəman - FOTOLAR

 "Qardaşım nizami tabordan daha güclü könüllü taboru yaratmışdı. O, pərakəndə formada yaranmış məhəllə dəstələrini birləşdirə bilmişdi. Ramizə o qədər inan...

QHT-lərin qeydiyyatında problemlər varmı?

  Bu gün "Qonaq otağı"nda Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeynidir - Milli Qeyri-Hökumət Təşkilatları Forumu hansı zərurətdən və...

Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov: “Növbələri azaltmaq məqsədilə müştərilərimizə onlayn bank xidmətlərindən istifadəni tövsiyə edirik”

Son aylar ölkə ərazisində xüsusi karantin rejimi ilə bağlı bir sıra xidmət sahələrində növbələr yaranıb. İnsan kütləsinin qapalı məkanlarda toplanmasının qarşıs...

"Azərbaycan günəş enerjisi baxımdan perspektivli ərazidir" - MÜSAHİBƏ

  Rusiyanın "Günəş Enerjisi Müəssisələri Assosiasiyası” İctimai Birliyinin rəhbəri Anton Usaçev "Report"un yerli bürosuna müsahibə verib. O...

Malik Məmmədov: "Yaxınlarım məni buna görə hətta "Nemes" adlandırırlar"

  Bu gün "Qonaq otağı"nda 29 yaşını qeyd edən"168 saat" qəzetinin məsul katibi Malik Məmmədovdur. Müstəqil Azərbaycanın ən qocaman, beş beynəlxalq m...