Hüquqşünas qurumlara səsləndi: "Dövlət Proqramı”nın real icrasına başlamaq lazımdır"
“Bu ilin ilk 3 ayı (yanvar - mart) ərzində baş vermiş cinayət xarakterli yol-nəqliyyat hadisələrində ölən və yaralananların sayı ilə bağlı statistika yenə də qorxuducudur.”
Avtosfer.az xəbər verir ki, bunu hüquqşünaş Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 46,4% artıb. “Orta staistik olaraq hər gün ölənlərin sayı 2 nəfərdən artıqdır (90 günə 183 nəfər ölüb). Ən pisi odur ki, bu qırğını durdurmaq istiqamətində, nəhayət ki, dönüş yarada bilən heç bir yenilik görmürük.
Statistik məlumatlar belə pisləşəndə, adətən, dövlət qurumları müəyyən təşəbbüslər qaldırırlar. Bəri başdan deyim ki, qayda pozuntularına görə cərimələri artırmaq, cinayət xarakterli hadisələrə görə cəzaları sərtləşdirmək özlüyündə çıxış yolu olmayacaq.”
Hüquqşünaş dönüş yaratmaqdan ötəri ləngimədən “Yol hərəkəti təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın real icrasına başlamaq lazım olduğunu diqqətə çatdırır. “Bu Proqramda problemlər və həlli yolları göstərilir. İşləmək lazımdır...”