\"Qələbəyə aparan yolda çətinliklər bilinənlərdən də çox olub\"

\
ABŞ dövlət katibi Entoni Blinken aprelin 28-də Prezident İlham Əliyevə telefonla zəng etdi.Bu haqda Prezidentin Mətbuat Xidmətinin məlumatında bildirilir. Maraqlıdır ki,telefon zəngi ABŞ-ın yeni prezident administrasiyasının üç ay davam edən susqunluğundan və ABŞ dövlət başçısının aprelin 24-də səsləndirdiyi uydurma ”erməni soyqırımı”  ifadəsi Prezident İlham Əliyev tərəfindən tarixi səhv kimi qiymətləndirildikdən sonra baş tutdu.
 
Prezidentin Mətbuat Xidmətinin məlumatından göründüyü kimi,ABŞ dövlət katibi ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını və bu niyyəti ”Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin  bu il üçün də müvəqqəti dayandırılması qərarı ilə ifadə edib.Məlumatda həmçinin bildirilir ki:” Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılmışdır.Prezident İlham Əliyev bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini çatdırmış,ölkəmizin ermənilər tərəfindən dağıdılan ərazilərində bərpa işlərinin həyata keçirildiyini qeyd etmişdir.Prezident İlham Əliyev,eyni zamanda, regionda kommunikasiyaların açılmasının önəmini vurğulamış və uzunmüddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırmışdır. Prezident İlham Əliyev və ABŞ dövlət katibi ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparmışlar”. 
     
Yayılan rəsmi məlumat bir daha onu ifadə edir ki,ABŞ, digər  həmsədr ölkələr kimi, ATƏT-in Minsk qrupunun reanimasiyasında maraqlıdır.Baxmayaraq ki,həmsədrlər az-qala 30 il ərzində nə mandatlarını yerinə yetirdilər,nə də BMT qətnamələrinin Ermənistan tərəfindən icrasına nail oldular.Əksinə,vasitəçilik institutunun təyinatında həlledici göstərici olan tərəfsizlik anlayışına elə səviyyədə kölgə salındı ki,tarixi ədalətin və beynəlxalq hüququn siyasi maraqların güdazına verilməsinin acı reallığını xalqımız bundan sonra da unutmayacaq... 
 
ABŞ prezidenti Co Bayden məlum  bəyanatında  106 il əvvəlki tarixi hadisəni "erməni soyqırımı” adlandırdı və bununla da erməni xülyasına, onların cəfəng iddialarına siyasi dəstəyini ifadə etdi.Tarixçilərin arxivlərdə araşdırmalı olduğu iddiaya siyasi yön verildiyi halda,cəmi 29 il əvvəl ermənilər tərəfindən törədilmiş və etiraf etdikləri Xocalı soyqırırımı nədənsə unuduldu.Necə ki,27 il ərzində Ermənistan BMT qətnamələrini iqnor etməyə təşviq olunurdu,eləcə də indi bu bəyanatla əldə olunmuş kövrək sülh təhlükəyə atıldı.Sanki, Ermənistandakı revanşist qüvvələrə təlqin olunur ki,ən ədalətsiz iddia və arzu da nə zamansa gerçəkləşə bilər.Üstəlik,hələ müharibə günlərində ABŞ digər iki həmsədrlə birgə BMT-də Azərbaycan əleyhinə təşəbbüsün müəlliflərindən birinə çevrilmişdi.Əgər Qoşulmama Hərakatına üzv olan dövlətlərin,qardaş ölkələrin  və ən başlıcası, Prezident İlham Əliyevin siyasi iradəsi ortada olmasaydı,şübhəsiz,bu təşəbbüs də reallaşacaqdı.Digər həmsədr-Rusiyanın hərbçiləri 44 günlük Vətən müharibəsinə qədər olduğu kimi, müharibədən sonra da Ermənistan sərhədlərinin keşiyində dayanır,eyni hərbi blokda təmsil olunurlar. Rusiya vasitəçilik missiyasını həyata keçirdiyi illər ərzində Ermənistan ordusunu maddi qarşılığı olmadan daim silahlandırıb,indi də onu modernləşdirir ,Şuşada tapılmış ”İsgəndər-M” raketinin qalıqlarını isə Hərbi Qənimətlər Parkında hər kəs görə bilir... 
 
Üçüncü həmsədr-Fransa elə davranış sərgiləyib, elə siyasi  bəyanat və konkret addımlara imza atıb ki,onun bitərəfliyi haqqında düşünmək belə,tərəfsizlik anlayışını ələ salmaq demək olardı.Yada salmaq kifayətdir ki,hələ müharibə günlərində  Fransa prezidenti tərəfsiz vasitəçilik mandatının üstündən çalın-çarpaz xətt çəkib, beynəlxalq hüquqa daban-dabana zidd olan bəyanat vermişdi:” Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”.Fransa Senatının müharibədən sonrakı məlum qətnamələri və Senat rəhbərliyinin Ermənistandakı anti-Azərbaycan bəyanatları olmasaydı belə,hər şey,o cümlədən tərəfkeşlik açıq-aydın ortadadır... 
     
Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında bu cür haqsızlıqların bəzən təhdid və təzyiq həddinə keçdiyini belə ifadə etmişdi:”Ona görə bəzi xarici paytaxtlarda qərar verildi ki,İlham Əliyevi devirməliyik...Yenə də xalq arxamda durdu.Yenə də xalq müstəqil siyasəti dəstəklədi.Bütün təzyiqlərə, bütün cəhdlərə,-ondan sonra da cəhdlər olmuşdu,-baxmayaraq, Qarabağ məsələsində bir faiz güzəştə getmədim”.Prezident xalqımızla açıq və səmimi ünsiyyətinə sadiq qalıb həmin çıxışında bunları da demişdi: ”Hesab edirdim ki,kim,hansı tərəfmüqabil nəyi deyirsə,o da həqiqətdir.Sonra anladım ki,bütün bu illər ərzində bizi aldatmağa çalışmışlar.Məsələni həll etmək yox,dondurmaq istəmişdilər.Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar bu torpaqları erməni tapdağının altında daim saxlamaq istəmişdilər.Onu sonra anladım”.
   
Dövlətimizin başçısı tərəfindən qismən ictimailəşdirilən və hər birimizin müşahidə edə bildiyimiz hadisələr, real faktlar onu göstərir ki,qələbəmizə aparan yol zənn etdiyimizdən də artıq mürəkkəb olub.Ədalətinə, demokratik dəyərlərinə güvəndiyimiz,səmimi qonşuluğuna inandığımız,mədəni həyatına təmənnasız mənəvi və maddi töhfə verdiyimiz həmsədr ölkələrin maraqları bir-biri ilə toqquşsa da,ötən 30 il ərzində haqqın və hüququn yanında deyil,nədənsə məhz işğalçının maraqlarına uyğun gələn ədalətsiz mövqedə dayandılar. Ya susdular,ya da gizlin və ya açıq şəkildə ona dəstək verib havadarlıq və himayədarlıq etdilər.Elə bütün bunlara görə, cəmiyyətimiz vasitəçilərin tərəfsizliyinə və səmimiyyətinə inanmadı,bu gün də inanmır.Çünki onların sərgilədiyi mövqe demokratik dəyərlərə və beynəlxalq hüquqa kölgə salan ikili standartlar təcrübəsini dünya idarəçiliyinə gətirdi,tətbiq edildiyi ünvanlardan biri isə ölkəmiz oldu...
     
Amma dəyər verməli olduğumuz bir həqiqət də var:Azərbaycan dövləti və onu təmsil edən Prezident İlham Əliyev bütün bu haqsızlıqların müqabilində susmadı,dövlətimizin böyük güclər qarşısında əyilməsinə imkan vermədi və tarixi ədalətin zəfər çalması üçün dəyişməz siyasi iradə göstərdi.Dövlətimizin başçısı BMT kimi ali beynəlxalq təşkilatın nüfuzlu tribunasından ikili standartlara qətiyyətlə etiraz etdi və hələ müharibəyə qədər həqiqətləri olduğu kimi dünya ictimaiyyətinin diqqətinə çatdırdı: ” Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq.Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı...Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır.Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır”. 
     
Bütün bu həqiqətlər və təkcə bildiklərimiz deməyə kifayət edir ki,Vətən müharibəsində əldə etdiyimiz Qələbə düşündüyümüzdən qat-qat artıq çətinliklərin, ziddiyyətli geosiyasi oyunların və oyunbazlıqların dəf edilməsi hesabına başa gəlib.Şəhidlər vermişik,qazilərimiz haqq savaşında Vətən naminə qanlarını töküblər. Allahdan şəhidlərimizə rəhmət,qazilərimizə şəfa və uzun ömür diləyirəm.Axı, həmsədrlər öz missiyalarını yerinə yetirsəydilər və mandatlarına əməl etsəydilər, Ermənistanın hərbi-siyasi təxribatlarına,işğal siyasətinə göz yummasaydılar, əksinə,bəziləri onu bu addımlara təşviq etməsəydi,insanlarımız həyat və sağlamlıqlarını müharibədə itirməzdilər. Müharibəyə heç ehtiyac da qalmazdı.İndi kim və hansı məntiqlə ikili standartların mövcudluğunu, siyasi maraqların ədaləti və beynəlxalq hüququ necə tapdaladığını inkar edə bilər?! Əsla,edə bilməzlər.Heç kim onu da inkar edə bilməz və yaddan çıxarmamalıdır ki,bütün bu haqsızlıqlar,təhdid və təzyiqlər altında əldə etdiyimiz tarixi Qələbədə Prezident İlham Əliyevin siyasi iradəsi həlledici faktorlardan biridir. 
     
Dünya çapında baş verənləri,ədalət və beynəlxalq hüququn ətrafında oynanılan rəzaləti gördükdən sonra,etiraf edim ki,məntiqli təklif verməkdə çətinlik çəkirəm.Çünki ikili standartlar  təcrübəsindən imtina ediləcəyinə inam zəifdir.Böyük şairimiz M.Ə.Sabir demişkən:”Çərxi-fələk tərsinə dövran edir indi”.Görünən odur ki,indiki dövran klassikimizin zamanındakından elə də fərqlənmir,belə davam edərsə,yaxın gələcəkdə dəyişəcəyinə ümid çox azdır.Amma əminəm ki,ötən illər ərzində "fələklərin” qarşısında qətiyyətli mövqe nümayiş etdirən dövlətimizin başçısı yenə də bütün çətinliklərin öhdəsindən siyasi iradəsi hesabına gələ biləcək. Prezidentimizin təkcə statusuna görə deyil, intellektinə və təcrübəsinə, ən əsası Vətənə və Torpağa qəlbən bağlılığına,yalnız xalqımızın maraqlarından çıxış etdiyinə görə, oynanılan oyunları və ikili standartların fəsadlarını dəf edəcəyinə əminəm. Çünki o,dünya güclərindən ədalətə və beynəlxalq hüquqa hamılıqla,istisnasız hörmət göstərilməsini,xalqımızın haqqını tələb edir.Allah yar olsun! 
 
Ülvi Quliyev
Milli Məclisin deputatı

OXŞAR XƏBƏRLƏR

Ağdamda minaatan qurğular aşkar edildi

  Ağdam rayonunda minaatan qurğular aşkar edilib.   DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Ağda...

Milyonlarla insanın izlədiyi televiziya tarixinin ən çox baxılan hadisələri

İndi istədiyimiz vaxt, istədiyimiz yerdə hər şeyi təkrar-təkrar izləyə bilirik. Amma əvvəllər belə deyildi. Tarixdə elə hadisələr olub ki, eyni anda bütün dünya...

Türkiyədə zəlzələ baş verdi - Bu məktəblər bağlandı

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 4,7 bal gücündə zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İda...

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...