“Paşinyan Moskvanın əsəbləri ilə oynadı, ona çətin olacaq” - Politoloq

“Paşinyan Moskvanın əsəbləri ilə oynadı, ona çətin olacaq” - Politoloq
"Paşinyana əvvəlki illərdən çətin olacaq”.

Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
 
Politoloq Qarabağ klanının timsalında indiki müxalifətin Nikola qarşı barışmaz mövqedən çıxış etdiyini vurğulayıb:

"Onlar ilk gündən parlamentin işini iflic etməyə çalışıblar. Sözəbaxan müxalifət parlamentdən kənarda qaldı. Qarşılıqlı ittihamlar, söyüşlər hələ irəlidədir.  Nikol Paşinyan xarici siyasət və təhlükəsizlik məsələlərində naşıdır. Məhz Paşinyanın Qarabağla bağlı təxribatçı açıqlamaları müharibəni yaxınlaşdırdı və Azərbaycanın qələbəsini təmin etdi. Paşinyan bu müddətdə Moskvanın əsəbləri ilə oynadı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni baş katibini həbs etməklə qurumun imicinə zərbə vurdu.
 
Paşinyan daxili siyasətə daha çox maraq göstərir. Onun nəyi də olmasa, adı eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyandan fərqli olaraq,  korrupsiya qalmqallarında hallanmayıb. Paşinyan islahatlar aparmağa meyllidir. Ancaq orası da var ki, müharibədə ağır məğlubiyyətin və Ermənistanın verdiyi itkilərin yerini doldurmaq ona çətin olacaq, ölkəni tərk edənlərin – itirilən işçi qüvvəsinin sayı da artır. Rusiya Paşinyana havayı pul verəsi deyil, Qərbin pulları isə hələ ki, vədlərdədir”.

E.Şahinoğlunun fikrincə, Nikol Türkiyə və Azərbaycanla normal münasibətlərin qaçılmazlığını anlayır:

"Fərqli dövlətlərə "gəlin, bizi Azərbaycandan qoruyun” çağırışlarının nəticə vermədiyini həm Paşinyanın özü, həm də erməni cəmiyyəti əyani gördü. Paşinyan Azərbaycanla sülh sazişi imzalamadan və qonşusuyla sərhədləri müəyyənləşdirmədən bölgədəki gərginliyin azalmayacağını da anlamamış deyil. Ancaq bunları anlamasına rəğmən, o erməni beyinlərinə hakim olan "türk düşmənçiliyi” stereotipindən qurtulmağa tələsmir. Bundan qurtulmadan isə bölgədəki gərginliyi azaltmaq və islahatlarda nəyəsə nail olmaq mümkün deyil”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR