Yeni tədris ilinin başlanmasına az qalıb. Universitetlərdə dərslərin başlanması yaxınlaşdıqca, rayonlarda yaşayıb Bakıda təhsil alan tələbələr üçün ən aktual məsələlərdən biri kirayə mənzil axtarışıdır. Hər il bu mövsümdə kirayə bazarında canlanma müşahidə olunur. Qiymətlər isə xüsusilə şəhərin mərkəzində, universitetlərə və metro stansiyalarına yaxın ərazilərdə daha yüksək olur.
Sfera.az paytaxtın müxtəlif mərkəzi ərazilərində – 28 May, Sahil və İçərişəhər metrolarının yaxınlığında yerləşən kirayə mənzillərin qiymətlərini araşdırıb. Araşdırma göstərir ki, müxtəlif təmir keyfiyyətinə və mənzilin sahəsinə görə kirayə qiymətləri arasında ciddi fərqlər müşahidə edilir.
28 May metrosu ətrafında kirayə qiymətləri mənzilin təmir keyfiyyətinə və metroya yaxınlığına görə dəyişir.
• 1 otaqlı, aşağı keyfiyyətdə təmirli mənzillər: 45 m² – 320 manat, 55 m² – 550 manat.
• 1 otaqlı orta keyfiyyətli təmirli mənzillər: 38 m² – 600 manat, 40 m² – 680 manat, 45 m² – 950 manat.
• 1 otaqlı mənzillər: 90 m² – 900-1000 manat, 120 m² – 1200 manat, 103 m² – 2000 manat.
Sahil metrosu yaxınlığında qiymətlər 28 Mayda olan qiymətlərdən kəskin fərqlənmir. Burada qiymətlər 220 manatdan 2000 manata qədər dəyişir.
• 1 otaqlı mənzillər: 35 m² – 220 manat (köhnə tikili), 30 m² – 600 manat, 40 m² – 550 manat, 50 m² – 750 manat.
• 2 otaqlı mənzillər: 50 m² – 1200 manat, 60 m² – 1600 manat, 75 m² – 1900 manat, 94 m² – 1350 manat, 150 m² – 2000 manat.
İçərişəhər metrosu ətrafında isə qiymətlər belə dəyişir:
• 1 otaqlı mənzillər: 25 m² – 600 manat, 35 m² – 550 manat, 40 m² – 699-800 manat.
• 2 otaqlı mənzillər: 50 m² – 600 manat, 70 m² – 700-1100 manat.
Ümumiyyətlə, tələbələrin ən çox üz tutduğu mərkəzi ərazilərdə qiymətlər mənzilin sahəsi, təmir vəziyyəti və metroya yaxınlığına görə kəskin fərqlənir.
Bəsti Rəfizadə
Sfera.az