“Onların məqsədi Prezidentlə Azərbaycan gəncliyi arasına girmək və yeniləşmənin önünü kəsmək idi” – Ceyhun Osmanlı ilə MÜSAHİBƏ

“Onların məqsədi Prezidentlə Azərbaycan gəncliyi arasına girmək və yeniləşmənin önünü kəsmək idi” – Ceyhun Osmanlı ilə MÜSAHİBƏ

Sabiq millət vəkili, Azərbaycan Yaşıllar Hərəkatının təsisçisi Ceyhun Osmanlı "525"in suallarını cavablandırıb. Oxucular tərəfindən maraqla qarşılanacağını nəzərə alan Sfera.az müsahibəni təqdim edir. 
 

"Uğur finişinə yalnız ən əzmkar olanlar çatır"
 

- Ceyhun bəy, bilirik ki, ictimai fəaliyyətə çox tez başlamısınız. Gəlin söhbətə də elə həmin illərdən körpü salaq. Siz 17-18 yaşlarından bu sferada fəaliyyətdəsiniz - "Azərbaycan Könüllülər" ictimai birliyi, "İrəli" gənclər hərəkatı, Gənclər Parlamenti, Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin İctimai Birliyi, Avropa Şurası Gənclər və İdman Direktorluğu, Avropa Gənclər Fondu, Gənclər Təşkilatlarının Milli Şurası və sair. Belə erkən yaşda bu cür ictimai status qazanmaq hər adama nəsib olmur. Necə alındı bütün bunlar? Özünüzün xüsusi bir qabiliyyətiniz, təmsil olunduğunuz çevrə, bəxt, ya nə rol oynadı?


- Düşünürəm ki, həyatda uğur qazanmağın kökündə ilk növbədə zəhmət dayanır. Hər bir ideyanı strukturlaşdırıb, xırda komponentlərə bölmək olar. Addımları müəyyənləşdirdikdən sonra ilk addımı atmağa çəkinməmək və ayağa dəyən ilk daşdan qorxub dayanmamaq lazımdır. Finişə isə yalnız ən əzmkar olanlar çatır. Çevrə də çox önəmlidir, çünki hər bir sahənin uğur formulunu onun peşəkarları daha yaxşı bilir. Bilmədiyimi daha təcrübəli insanlardan soruşmağa utanmamışam. Hər zaman səmimiyyətin və durmadan öyrənməyin tərəfdarıyam. Sadaladığınız uğurlar da həyatımın sadəcə bir parçası olub. Mən o uğurları tək əldə etməmişəm. Mövcud şərait, dostlar, kolleqalar, əməkdaşlar, həmfikirlərin rolu az olmayıb. Ona görə də heç bir uğurumu şəxsiləşdirmək istəməzdim.


- Bu çoxşaxəli fəaliyyətdən sonra Milli Məclisin üzvü seçildiniz. Deyəsən, 2010-cu il seçkiləri idi. Parlamentdə təmsil olunmaq istəyiniz hardan yarandı? Bunsuz da fəaliyyətiniz geniş idi. Sizi parlamentə çəkən nə oldu? Yəqin ki, hansısa konkret səbəblər vardı. Deputat seçiləndən sonra bu gözləntiləriniz doğruldumu? Milli Məclisdəki fəaliyyətiniz dövründə özünüzün də təqdir edə biləcəyiniz, yaxud da peşmançılıq çəkdiyiniz hansısa məqamlar oldumu?


- Həmin illər mən ölkənin ən fəal gənclər təşkilatı olan "İRƏLİ" İctimai Birliyinin sədri idim. "İRƏLİ" Azərbaycanın hər bir bölgəsində çoxsaylı layihələrlə yadda qalmışdı. Cəmiyyətimiz və dövlətimizin inkişafına daha çox xidmət etmək üçün bilik və təcrübələrimiz formalaşmışdı. Bakı Dövlət Universitetinin politologiya ixtisasından məzun olduğumu nəzərə alaraq, siyasətlə məşğul olmaq həvəsimi də təbii qəbul etmək lazımdır. Sabirabaddan millət vəkilliyinə namizəd olmaq da mənim təkbaşına verdiyim qərar olmayıb. Seçki kampaniyasında mənə yüzlərlə insan könüllü dəstək oldu. Hər birinə çox minnətdaram. Necə millət vəkili olduğuma isə seçicilərim qiymət versə, daha obyektiv olardı. Sadəcə, bir cümlə ilə ifadə etsəm, seçki platformasında qarşıya qoyulan məsələlərin bir çoxuna nail olundu.
 

"Mənə qarşı təşkil edilən süni qara PR kampaniyası məyusluq yaratdı" 


- Amma nədənsə növbəti - 2015-ci il seçkilərində iştirak etmədiniz. 5 il Milli Məclisdəki fəaliyyətiniz məyusluq yaratdı ki? Niyə belə tez çəkildiniz kənara?


- Haqlısınız. Bir dönəm mənə qarşı təşkil edilən süni qara PR kampaniyası məyusluq yaratdı. Sanki gördüyüm hər bir işə fərqli don geyindirərək təqdim etmək istəyən insanlar var idi. İlk illər bunun səbəbini anlamırdım. İllər keçdikdən sonra bunun səbəbini anladım. Onların dərdi təkci mən deyildim. Bir qrup insanın məqsədi cənab Prezidentlə Azərbaycan gəncliyi arasına girmək və sinerjini pozmaq idi. Əslində, bununla onlar Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinə zərbə vurdular. Məqsəd nəsillər arası rabitəni qırmaq və yetişən gəncliyin önünü kəsmək idi. Saxta ləkələmə kampaniyalarının nəticəsində dünyanın dörd bir yanında Azərbaycana və onun maraqlarına xidmət edən minlərlə insan dövlətə xidmət etmək xəttindən uzaq düşdü. Lakin çox çəkmədi ki, cənab Prezident səviyyəsində Azərbaycanda ayrı-ayrı insanlara qarşı şərləmə, ləkələmə, şantaj, reketlik təşkil edən insanlar barədə hüquqi qiymət verildi. Bu islahatlar bu gün də davam edir. Azərbaycan vətəndaşlarına öz ölkələrində özlərini rahat hiss etmələrinə mane olan bütün səbəblər aradan qaldırılana qədər bu islahatlar davam etməlidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da sosial ədalət, azad rəqabətin, şəffaflığın və insan indeksli siyasətin aparılması ilə bağlı ölkəmizə verdiyi töhfələri vurğulamaq istərdim.


- O vaxtlar sizin adınız Prezident Aparatının həmin dönəmdəki şöbə müdiri Elnur Aslanovla birgə hallandırılırdı. Sizin bir komandanın üzvü olduğunuz deyilirdi. Elnur Aslanov 2014-cü ildə Prezident Aparatındakı vəzifəsini itirdi, Siz isə növbəti il keçirilən seçkilərdə iştirak etmədiniz. Bu məsələlər bir-biri ilə çox əlaqələndirilirdi o vaxtlar. Bu haqda nə deyə bilərsiniz?


- Elnur Aslanov YAP Siyasi Şurasının üzvü kimi Prezident İlham Əliyevin rəhbərlik etdiyi komandanın üzvüdür. Buna alternativ hər hansı bir informasiyaya malik deyiləm. Onun işdən azad olunma səbəbi barədə də dəqiq informasiyam yoxdur. Elnur Aslanov Ulu öndər Heydər Əliyev tərəfindən dəstəklənən Azərbaycan gənclər siyasətinin fəal iştirakçısı olub. Gənclər Təşkilatları Milli Şurasının bir müddət baş katibi olub. İndi yüksək vəzifələr tutan Azay Quliyev, Fuad Muradov, İntiqam Babayev, Fərhad Hacıyev, Əkrəm Abdullayev, Şahin Seyidzadə, Məzahir Əfəndiyev kimi insanlar da Gənclər Təşkilatlarının Milli Şurasında vaxtilə vəzifə tutublar. Mən özüm də bir müddət Gənclər Təşkilatları Milli Şurasının baş katibi olmuşam. Elnur Aslanovla ilk tanışlıq da o zamanlara təsadüf edir. O dönəmin gənclər və idman naziri Əbülfəs Qarayev, daha sonra Azad Rəhimovla bərabər gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak etmişik. Gənclər siyasəti ilə bağlı ölkə rəhbərliyinin məqsədə uyğun bildiyi mövzularda hər hansı fəaliyyətin əlaqələndirilməsindən başqa, hər hansı bir əməkdaşlıq müzakirə mövzusu olmayıb. "İRƏLİ" İctimai Birliyinin sədri olduğum dönəmdə isə tək Elnur Aslanov yox, demək olar ki, Prezident Administrasiyasının bütün şöbə müdirləri, o cümlədən, ayrı-ayrı nazirlər və komitə sədrləri ilə aidiyyatı mövzularda əlaqələndirmələr olub. 2015-də seçkiyə qatılmamağımla Elnur Aslanov arasında heç bir əlaqə yoxdur, necə ki, 2010-da seçkiyə qatılmağımın Elnur Aslanova heç bir aidiyyatı yox idi. Məsələn soruşsanız ki, hazırda Elnur Aslanov haradadır, bunu bilmirəm. Mən isə karantin başlayandan Göyçaydayam.

 
"Bu tip çirkin kampaniyalar, əsasən, iki şəxs tərəfindən idarə edilirdi"
 

- Həmin ərəfədə gündəmdə Sizinlə bağlı dezinformasiyalar var idi və baş verənləri bu olaylarla əlaqələndirənlər də oldu.


- Bəli, var idi. Bu tip çirkin kampaniyalar, əsasən, iki şəxs tərəfindən, iki fərqli qurumdan idarə edilirdi. Hazırda hər iki şəxs vəzifələrindən azad edilib.


- Sonra bir xeyli müddət sanki kölgəyə çəkildiniz. Bu nə ilə bağlı idi və həmin dövrdə hansı sahədə faəliyyət göstərirdiniz?


- Doktorluq dissertasiyamı tamamladım. 4 xarici universitetdə kurslar bitirdim. 2 il prorektor olaraq çalışdım və tanınmış təhsil ocaqlarından birinin idarə heyətinin üzvü oldum. Azərbaycanda və xaricdə olan bəzi biznes layihələrdə konsultant işlədim. Şəxsi inkişaf karyeranın ayrılmaz hissəsidir. Həyat öz axarı ilə davam edir. Kölgəyə çəkilmək və üzə çıxmaq kimi ifadələri qəbul etmirəm.


"... gözlənilməz badalaqlara qarşı immunitet yaratdı" 


- Ceyhun bəy, sizin kimi ictimai fəaliyətə erkən başlayan və kifayət qədər tanınan bir gəncin sonra hansısa səbəblərdən aktiv fəaliyyətə fasilə verməsi, yaxud buna məcbur qalması, əlbəttə, adi qəbul ediləsi məqam deyil. Bütün bunlar sizdə bir ümidsizlik, depressiya halı yaratmadı ki?


- Qətiyyən. Əksinə, gözəl bir həyat təcrübəsi oldu. Həyatı daha yaxşı anlamağa, insanlar barədə daha dolğun təəssürat formalaşdırmağa, prosesləri daha aydın qavramağa kömək etdi. Bir də ki, hər hansı gözlənilməz badalaqlara qarşı immunitet yaratdı. Bəlkə də elə ona görə koronavirus məni çox qorxutmadı.


- Son aylar fəaliyyətiniz yenidən canlanmaqdadır. Azərbaycan Yaşıllar Hərəkatını təsis etmisiniz, ölkə mediasında da tez-tez görünürsünüz. Bu, nədən irəli gəlir - son aylar ölkədə gedən ictimai-siyasi aspektli dəyişikliklərdən, yoxsa başqa səbəblər var?


- Milli Məclis üzvü olduğum zaman Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü idim. Hələ o dönəmdən Yaşılların fəaliyyəti diqqətimi cəlb etmişdi. Avropa Parlamentində Yaşılları təmsil edən deputatlardan biri ilə Şərq tərəfdaşlığı ölkələrində mədəniyyətlərarası dialoqa dair qətnamə hazırladıq və qəbul edildi. Dünya və Avropada Yaşıllarla əməkdaşlıq sahəsində xeyli perspektiv olsa da, Azərbaycanda bundan yetərincə istifadə edilmirdi. Ona görə də bu sahədə fəaliyyət göstərməyə qərar verdim. Azərbaycanda iqtisadi və siyasi islahatlar davam edir, həyat standardları təkmilləşir. Azərbaycan vətəndaşı olaraq bu məni sevindirir və öz ölkəmə xidmət etmək üçün şanslarım varsa, niyə də bundan imtina edim?..


"Partiya rəhbərlərinin şərt irəli sürülmədən görüşə dəvət olunmasını təqdir edirəm"


- Bu günlərdə ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə görüşlər çərçivəsində Azərbaycan Yaşıllar Hərəkatının təmsilçisi kimi Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşdüyünüzü bildirmişdiniz. Bu görüş haqda nə deyərdiniz? Demək olarmı ki, Azərbaycan Yaşıllar Hərəkatının həm də siyasi hədəfləri var?


- Prezident Administrasiyasının təşəbbüsü ilə partiya rəhbərlərinin şərt irəli sürülmədən görüşə dəvət olunmasını təqdir edirəm. Bu partiyaların hamısının məramı Azərbaycanın inkişafı ilə bağlıdırsa, o zaman sual olunur ki, iki insan və ya iki qurumun bir araya gələrək Azərbaycan naminə irəliyə doğru fikir mübadiləsinin nəyi pisdir? Altıncı çağırış Milli Məclisin idarəçiliyini həyata keçirəcək 34 nəfərdən (sədarət, komitə sədri və müavinləri) 17 nəfəri, yəni tam yarısı bitərəf və müxalifət təmsilçilərinə ayrıldı. Deməli, hakimiyyət partiyasının mesajı odur ki, Azərbaycanın gələcəyini dizayn etməklə bağlı digər siyasi qruplarla məsuliyyəti paylaşmağa hazırdır. Yeni parlamentin ilk iclasında çıxış edən Prezident İlham Əliyev bəyan etdi ki, müxtəlif siyasi qruplarla olan görüşlər barədə ona məruzələr edilir. Deməli, proses birinci şəxsin diqqət və iradəsi çərçivəsində baş verir. Bu isə görüşlərin dialoqa, dialoqun isə əməkdaşlığa çevrilmə perspektivini artırır.


- Məlum olduğu kimi, koronavirusla bağlı ölkədə karantin elan olunub. Hazırda Göyçaydasınız. Karantin dövrünü necə keçirirsiniz? Hazırda boş vaxtınızı necə dəyərləndirirsiniz? Mütaliə ilə məşğul olursunuzmu?


- Yuxarıda da qeyd etdiyim kimi, Göyçaydayıq. Təbiəti, kənd həyatını, sadə insanlarla ünsiyyəti, insanın öz əməyi ilə yarada bildiyi gözəlliklərdən zövq almağı çox sevirəm. Təbii ki, torpaqla-bağla-həyətlə məşğul olarkən mütaliəni də unutmuram. Karantin dövrü sübut etdi ki, internet dövründə məkanın çox önəmi yoxdur. Onlayn rejimdə bir çox işlər görülə bilər. Necə ki mən indi sizə müsahibə verirəm. Fürsətdən istifadə edərək müsahibəyə görə təşəkkür edirəm və sizə viruslardan uzaq həyat arzulayıram.


Sevinc QARAYEVA


OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...