Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevralında başlayan müharibə artıq təkcə hərbi mövqelərin deyil, mülki ərazilərin də məhv olunmasına gətirib çıxarıb. Yaşayış binaları, məktəblər, xəstəxanalar, bazarlar, humanitar kolonlar, enerji infrastrukturu və beynəlxalq şirkətlərə məxsus obyektlər dəfələrlə raket və dron zərbələrinin hədəfi olub. Beynəlxalq təşkilatlar bu hücumları müharibə cinayəti və humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirirlər.
Sfera.az müharibə dövründə zərbə almış mülki obyektləri araşdırıb.
Kramatorskda dəmiryolu stansiyasına edilən hücum 63 nəfərin ölümünə, 150-dən çox insanın yaralanmasına səbəb olmuşdu. Həmin stansiyada əsasən uşaqlar və qadınlar ölkənin təhlükəsiz bölgələrinə köçmək üçün toplaşmışdılar. Daha sonra eyni şəhərdə məşhur “RIA Pizza” restoranının hədəfə alınması nəticəsində 13 nəfər, o cümlədən 4 uşaq öldü, onlarca insan yaralandı.
2024-cü ilin iyulun 8-də Rusiyanın eyni vaxtda Kiyev, Krivıy Rih, Dnipro, Pokrovska və Kropyvnytski şəhərlərinə endirdiyi hava hücumları ölkənin ən ağır günlərindən biri kimi tarixə düşdü, 47 nəfər həyatını itirdi, 189 nəfər yaralandı. Bu zərbələrdən biri Çernobildə yerləşən uşaq xəstəxanasını da dağıtdı.
Dnipro şəhərində çoxmərtəbəli mənzil binasına düşən Kh-22 tipli raket binanın böyük hissəsini yerlə-yeksan etdi. Nəticədə, 46 nəfər həlak oldu, ölənlər arasında cəmi 11 aylıq körpə də vardı. Zaporizhzhia yaxınlığında humanitar yardım karvanına endirilən zərbələr isə 32 nəfərin həyatına son qoydu.
Kharkivdə inşaat malları hiperparkına edilən hücum 11 nəfərin ölümü ilə nəticələndi, onlarla insan yaralandı. Kryvıy Rihdə bir gecəyarısı atılan raket yaşayış binasını darmadağın etdi, 12 nəfər öldü, 38 nəfər xəsarət aldı. Bu hücumların çoxu insanların gecə yuxuda olduğu vaxt reallaşdırılırdı.
BMT-nin İnsan Hüquqları Monitorinq Missiyası bildirir ki, 2025-ci ilin ilk beş ayında mülki ölən və yaralananların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 50 faiz artıb. 2022-ci ildən 2024-cü ilin sonuna qədər ümumilikdə 12 min 456 mülki şəxs, o cümlədən 669 uşaq həlak olub, 28 min 382 nəfər isə yaralanıb onlardan 1833-ü uşaqdır. Amnesty International qeyd edir ki, xüsusilə enerji, istilik və su təchizatı obyektlərinə edilən hücumlar soyuq mövsümdə milyonlarla insanın həyatı üçün birbaşa təhlükə deməkdir.
Rusiyanın hədəfə aldığı obyektlər arasında Azərbaycana məxsus SOCAR şirkətinin infrastrukturları da var. Ukrayna rəsmiləri bildirirlər ki, avqust ayında Rusiyanın dron hücumu nəticəsində Odesa bölgəsində SOCAR-a aid neft terminalı dağıdılıb və bu ikinci belə hücum olub. Neft anbarları, nasos stansiyası və texniki məntəqələr tamamilə yanıb. Genişmiqyaslı yanğını söndürmək üçün yüzdən çox xilasedici cəlb olunub, Ukrzaliznytsiyanın yanğınsöndürən qatarları da prosesə qoşulub.
Ukrayna Prezidenti Volodimir Zelenski hücumu Azərbaycanın maraqlarına qarşı atılmış qəsdən addım kimi qiymətləndirib və deyib ki, bu, Ukrayna ilə Azərbaycan arasında enerji əməkdaşlığına, həm də Avropanın enerji təhlükəsizliyinə yönəlmiş təxribatdır. Ukraynanın xarici işlər nazirinin müavini Andrii Sybiha da bəyan edib ki, Rusiya qəsdən SOCAR obyektlərini hədəf seçir və bu, beynəlxalq hüququn açıq-aşkar pozuntusudur.
Qeyd edək ki, SOCAR-ın Ukraynada 60-a yaxın yanacaq stansiyası fəaliyyət göstərir. Bu obyektlər təkcə Azərbaycan şirkətinə deyil, həm də Ukraynanın gündəlik enerji təminatına xidmət edir. Azərbaycanın rəsmi mövqeyində isə qeyd olunub ki, bu hücumlar Bakı ilə Kiyev arasındakı enerji əməkdaşlığını dayandıra bilməz. Prezident İlham Əliyev açıqlamasında bildirib ki, Bakı ilə Kiyev arasındakı enerji layihələri davam edəcək və strateji tərəfdaşlıq pozulmayacaq.
Firuzə Əliyeva
Sfera.az