Azərbaycan-Türkmənistan-Özbəkistan əməkdaşlığında tarixi dönüş: Regional həmrəyliyin yeni mərhələsi

Azərbaycan-Türkmənistan-Özbəkistan əməkdaşlığında tarixi dönüş: <span style="color:#ff0000">Regional həmrəyliyin yeni mərhələsi</span>
Kateqoriya məlum deyil25.08.25, 16:5511 👁️
T

"22 avqust 2025-ci il tarixində Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən yüksək səviyyəli görüş regional əməkdaşlıq tarixində mühüm mərhələ kimi yadda qalacaq. Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin sammitin yekunlarına dair bəyanatı isə həm dostluq, həm də strateji tərəfdaşlıq mesajları ilə seçildi. 

Prezident İlham Əliyevin “Türkmənistan əmin əllərdədir” ifadəsi sammitin rəmzi fikirlərindən biri oldu. Onun sözlərinə görə, Qurbanqulu Berdiməhəmmədovun müdrik rəhbərliyi ilə Türkmənistan sürətli inkişaf yolundadır. Avaza ilə yanaşı, bütün şəhər və kəndlərin abadlaşması, yeni şəhərlərin salınması regionun sabitliyinə və tərəfdaşlığa xidmət edir. Ənənəvi dostluğun bariz nümunəsi isə Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşma sənədinin imzalanmasıdır ki, bu da tarixi qardaşlığın bu gün də yaşadıldığının sübutudur".

 

Sfera.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı Vasif Qafarov mətbuata açıqlamasında deyib.

 

O bildirib ki, Azərbaycanla Türkmənistanın mövqelərinin üst-üstə düşməsi də Prezident İlham Əliyevin çıxışında xüsusi qeyd olundu. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Türkmənistan bundan sonra da “çiyin-çiyinə irəliyə gedəcək”, bütün məsələləri dostluq və qardaşlıq şəraitində həll edəcək, ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək.  

 

"Bu birliyi gücləndirən simvolik təşəbbüslərdən biri Türkmənistanın Füzulidə məscid tikməsidir. Təkcə dini abidə kimi deyil, həm də türkmən xalqının Azərbaycan xalqına mənəvi dəstəyinin və qardaşlığın təcəssümü kimi qiymətləndirilən bu addım böyük əhəmiyyət daşıyır. 

 

Sammitdə Azərbaycanın digər qardaş dövləti – Özbəkistanla əməkdaşlıq məsələləri də ön planda oldu. Prezident İlham Əliyev Xankəndidə Özbəkistan tərəfindən yaradılmış tikiş fabrikinin fəaliyyətə başlamasını yüksək dəyərləndirdi. Hazırda 200-dən çox insanın, əsasən qadınların çalışdığı müəssisənin genişləndirilməsi nəzərdə tutulur ki, bu da Qarabağın sosial-iqtisadi inkişafına mühüm töhfədir. Özbəkistanın Qarabağa ilk hədiyyəsi isə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəb oldu. Həmin məktəbdə yüzlərlə azərbaycanlı şagird təhsil alacaq və hər dəfə bu məktəbin yanından keçərkən Azərbaycan xalqı həm qardaş özbək xalqına, həm də onun lideri Şavkat Mirziyoyevə minnətdarlıq hisslərini ifadə edəcək. Prezidentin sözləri ilə desək, “Özbəkistanla sözdə yox, əməldə dostuq, qardaşıq”. "

 

Millət vəkili qeyd edib ki, Türkmənbaşı sammitinin ən mühüm nəticələrindən biri isə yeni əməkdaşlıq platformasının formalaşması oldu. Prezident İlham Əliyev dövlət qurumlarına nəqliyyat, tranzit, logistika, elektroenergetika, neft-qaz və mədəni əlaqələr sahəsində təkliflər hazırlanması barədə göstəriş verdiyini açıqladı. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiyanı strateji körpü kimi birləşdirəcək və regional güc mərkəzinin yaranmasına yol açacaq. 

 

"Nəticə etibarilə, Türkmənbaşı sammiti tarixi hadisə kimi qiymətləndirilə bilər. Bu görüş qardaş xalqların birliyini möhkəmləndirdi, qarşılıqlı etimadı dərinləşdirdi və regional əməkdaşlıq üçün yeni üfüqlər açdı. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bu, tarixi bir gündür. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır.” 

 

Azərbaycanın liderliyi ilə Mərkəzi Asiya və Cənubi Qafqaz xalqları arasında əməkdaşlıq artıq yalnız siyasi bəyanatlar yox, real layihələrlə möhkəmlənir və regionun gələcəyinə inamlı perspektivlər bəxş edir". 

PAYLAŞ
Sehliyali
Yüklənir...