NATO Baş katibi Mark Rutte Rusiyanın Polşa hava məkanını pozmasından sonra ittifaqın Şərq cinahında müdafiəni gücləndirmək məqsədilə “Eastern Sentry” (Şərq Gözcüsü) adlı yeni hərbi əməliyyatın başladığını açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, NATO-nun baş katibi Brüsseldə Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı (SACEUR) General Aleksus Qrinkeviç ilə birgə mətbuat konfransı keçirib.
Rutte bildirib ki, 10 sentyabrda Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Polşa hava məkanını pozmasına NATO sistemləri dərhal reaksiya verib. Onun sözlərinə görə, bu, NATO hava məkanının pozulduğu ən böyük hadisə olsa da, təcrid olunmuş hal deyil.
Rutte vurğulayıb ki, Rusiyanın məsuliyyətsiz davranışları getdikcə artır və bu, Rumıniya, Estoniya, Latviya və Litva hava məkanında da müşahidə olunub:
“İstər qəsdən, istərsə də təsadüfi olsun – bu hərəkətlər təhlükəli və qəbuledilməzdir. NATO müttəfiqləri Polşa ilə tam həmrəylik nümayiş etdirdilər və Rusiyanın davranışlarını qınadılar. Şərq cinahımızın qorunması bizim üçün həyati əhəmiyyət daşıyır”.
Baş katib əlavə edib ki, “Eastern Sentry” çərçivəsində Danimarka, Fransa, Böyük Britaniya, Almaniya və digər müttəfiqlərin qüvvələri iştirak edəcək. Əməliyyat həm ənənəvi hərbi gücləri, həm də pilotsuz uçuş aparatlarına qarşı xüsusi tədbirləri əhatə edəcək.
General əməliyyatın mahiyyətinə toxunaraq bildirib ki, “Eastern Sentry” çevik və elastik olacaq:
“Əməliyyat hava və quru müdafiəsini inteqrasiya edəcək, müttəfiqlər arasında informasiya mübadiləsini artıracaq və yeni texnologiyaların, o cümlədən PUA sensorları və silahlarının sınaqdan keçirilməsinə imkan yaradacaq. NATO torpaqlarının hər qarışını müdafiə etməkdə davam edəcək”.
Bəsti Rəfizadə
Sfera.az