“Bu paltarlarda özümü tamamlanmış hiss etdim” - Yaddaş - FOTOLARLA
Müsahibə
11:30 / 12.02.2016
5794
Nigar Məmmədova deyir ki, 150-200 il əvvəl xanımlarımızın geyindiyi paltarların rənginə baxanda pozitiv olmamaq mümkün deyil İşi ilə əlaqədar tez-tez xaricdə olur. Deyir ki, milli geyimlərimiz xarici ölkələrdə böyük maraq doğurur. Qədim Şərq ölkəsi kimi onlara sirli, maraqlı görünürük. Təklif edir ki, qədim geyimlərimizdən ölkəmizin təbliğatı üçün istifadə edilsin. Müsahibimiz PR, marketinq sahəsi üzrə mütəxəssis, Azərbaycan milli qadınının siması kimi müxtəlif tədbirlərdə iştirak edən Nigar Məmmədovadır. - Bu yaxınlarda “FR Collection” kolleksiyaçılarının Xalça Muzeyinə təqdim etdiyi, 200-ə qədər yaşı olan qədim milli geyimlərimizlə fotolar çəkdirmisiniz. Necə oldu fotomodel kimi sifariş aldınız?- “FR Collection”un təsisçiləri kəndbəkənd, şəhərbəşəhər gəzərək qədimdə istifadə olunan geyimləri, həmçinin zinət əşyalarının əsl nüsxələrini toplayıblar. Kolleksiyanın bir hissəsi Xalça Muzeyində sərgilənib. Mütəmadi olaraq Azərbaycanla bağlı fotolar çəkən Etibar Cəfərovun dəvəti ilə mən də Xalça Muzeyinə getdim. Məlum oldu ki, mənim üz cizgilərim ötən əsrlərin Azərbaycan qadınının obrazına yaxındır. Mənsə sözügedən obrazı daha dərindən anlamaq və canlandırmaq üçün köhnə filmlərimizə bir daha nəzər saldım. Çünki zahirən oxşarlığım olsa da, yaşadığımız XXI əsrin dinamikliyi, həyat tərzi onların davranış tərzi və həlimliyini demək olar bizim xasiyyətimizdən silib. Beləliklə, biz işləməyə başladıq. Qürur hissi keçirirdim ki, Azərbaycanın qədim milli paltarlarını geyinmək mənə qismət oldu. Düşünürəm ki, bu, tarixdir və gördüyüm iş çox əhəmiyyətlidir.- Maraqlıdır, o geyimlərdə hansı hissləri keçirdiniz? Çünki geyimləri vaxtilə kimlərsə geyinib, sonradan tikilən deyil...- Biləndə ki vaxtilə kiminsə hər gün geyindiyi, amma indi əntiq sayılan geyimlə tarixi canlandıracağam, çox sevindim. Bu layihədə, bu paltarlarda özümü tamamlanmış hiss etdim. Mənə elə gəldi ki, əslində belə görünməliyəm. İnanıram ki, hər bir əşya öz sahibinin energetikasını saxlayır. Həmin insanların energetikasını hiss etdim. Köklərimi, sırf bu torpağa aid olduğumu duymaq başqadır... Özü də həmin paltarların xüsusi qoxusu var. Bu, qədimilik qoxusudur. Hiss edirsən ki, bu geyimlər tarixin bir hissəsidir. - Hansı bölgənin geyimlərində fotolar çəkdirdiniz?- Bakı, Şamaxı, Qarabağ, Lahıc, Gəncə, Şəki bölgələrinə məxsus qadın paltarlarını geyindim. - Ən çox hansı bölgənin geyimlərini bəyəndiniz?- Bütün bölgələrin paltarları o qədər gözəldir ki, seçim etməkdə çətinlik çəkirəm. Hərəsinin özünəməxsus özəlliyi var, birində kəmər, digərində hansısa naxış, başqa birində paltarın quruluşu xoşuma gəldi. Amma Bakı və Qarabağ geyimləri xüsusilə seçilirdilər. - Hansı xüsusiyyətlərinə görə?- Həm rənglərinə, həm də zinət əşyalarına görə... Zinət əşyaları o qədər qeyri-adi idi ki... Düşündüm ki, niyə bu geyimlərdən indi də istifadə etmirik. Qərara gəldim ki, modern üslubda, amma üzərində milli elementlər olmaq şərtilə gündəlik üçün bir neçə geyim sifariş verim. İstərdim ki, üzərində milli elementlər olan geyimlər dəbə düşsün. Məncə, buna dəyər. - Geyimlərinə uyğun olaraq o vaxtkı qadınlar sizin beyninizdə necə assosiasiya olundu? 200 il əvvəlin qadınlarını necə təsvir edərdiniz? İncəmi, ucaboymu...- Bu paltarları geyinənə qədər düşünürdüm ki, bizdən 100-200 il əvvəl yaşayan qadınlar bir qədər dolu, hündür olublar. Amma tam əksinin şahidi oldum. Bu paltarların ölçüsü o qədər kiçikdir ki, indiki qızların əyninə çətinliklə olar. Demək, o vaxt qadınlarımız daha incə imişlər. Xüsusən Qarabağ geyimlərinin ölçüsü daha kiçik idi, buna əsasən deyə bilərəm ki, Qarabağ qadınları daha incə olub. Düzdür, geyim qaldıqca yığılır. Amma nə qədər yığılsa da, fərq nəzərəçarpan idi. Boylarına gəlincə, özüm ortaboyam. Geyimlər bəzən mənə qısa qalırdı. Buna əsasən deyə bilərəm ki, məncə, sələflərimizin boyları o qədər də hündür olmayıb. - Qədimdə xanımlarımız bijuteriyadan çoxmu istifadə ediblər?- Zinət əşyaları çox gözəl idi. Hamısı əl işləri idi. Şəbəkə toxunma sırğaları çox bəyəndim. Alınlıqlar xüsusilə gözəl idi. Geyimlərin üzərindən xanımlarımızın taxdığı kəmərlər də bir başqa idi. Ümumiyyətlə, o vaxtkı qadınlar qızıllarına görə seçilərmiş. Xan qızları, yuxarı sinfə aid olan xanımlar üzərlərində ən azı 5 kiloqram qızıl gəzdirirmişlər, bütün sinə qızılla örtülməliymiş. Bununla həmin qadının hansı təbəqəyə aid olduğu bilinirdi. Xanın, bəyin həyat yoldaşı üzərinə qızıl taxıb yol gedən zaman onun cingiltisi gəlirmiş və bilirlərmiş ki, xanım gəlir.- Fotolarınıza baxanda qədimdə xanımlarımızın daha rəngarəng geyimlərə üstünlük verməsi diqqətimi çəkdi. İndi böyük əksəriyyət tünd və əsasən də qara rəngi sevir... - Elədir. O vaxt geyimlərdə al-əlvan rənglərdən o qədər istifadə olunub ki, indi bu rəngləri üst-üstə geyinməsən, zövqsüz görünəcəyini düşünərsən. Amma o vaxtkı paltarlarda rənglərdən elə gözəl istifadə edilib ki, dolğun kompozisiya yaranıb. Rənglərə baxanda pozitiv olmamaq mümkün deyil, adamın ürəyi açılır. Mən geyimlər arasında qara rəngli paltar görmədim. Bircə ətək qara ola bilər, amma üzərindəki güllər və digər elementlər qara rəngin öndə olmasına imkan vermir. Bu baxımdan qədim paltarlarımızın rəngarəngliyini sevdim. - Üzünüzdə Azərbaycan qadınlarına məxsus cizgilər var. Deyəsən, bundan əvvəl də Azərbaycanın siması kimi müxtəlif tədbirlərdə iştirak etmisiniz...- Mədəniyyət və Turizm Nazirliyinin, Avropa Şurasının və Avropa İttifaqının təşkilatçılığı ilə Bakıda keçirilən “Avropa irs günləri”ndə “İcmalar irsi formalaşdırır: Azərbaycan simaları” fotosərgisində Azərbaycanın siması kimi iştirak etmişəm. Fotoqraf Etibar Cəfərovla Azərbaycanla bağlı bir neçə çəkilişə də qatılmışam. Şəkillərin bəziləri ölkəmizi təbliğ etmək məqsədi ilə xarici sərgilərdə nümayiş edilib. - Həm də ictimaiyyətlə əlaqələr (PR) üzrə mütəxəssis kimi marketinq sahəsində çalışırsınız. Azərbaycanın simasını təmsil etmək işlərinizə maneçilik törətmir ki?- Beynəlxalq münasibətləri bitirmişəm, sonradan PR, marketinq sahəsi üzrə təhsil almışam. Sevdiyim iş olduğuna görə heç bir problemim olmur. PR mütəxəssisi kimi işimlə əlaqədar tez-tez xaricdə oluram. Xarici ölkələrdə bizim milli geyimlərimiz böyük maraq doğurur. Qədim Şərq ölkəsi kimi onlara sirli, maraqlı görünürük. Düşünürəm ki, qədim geyimlərimizdən ölkəmizin təbliğatı üçün istifadə etmək olar.Qeyd etmək istəyirəm ki, qısa bir zamanda bu şəkillər xarici media tərəfindən də müsbət qarşılandı. Belə ki, “National Geographic Rossiya” öz veb səhifəsində layihəmizdən kadrlar yerləşdirdi.- Üz cizgiləriniz qədim azərbaycanlı qadının simasını yaratmaq üçün idealdır. Tarixi bir filmə dəvət alsanız, çəkilərsiniz?- Böyük məmnuniyyətlə. Ümumiyyətlə, kino sənətinə çox böyük marağım var. Düşünürəm ki, Azərbaycanda tarixi filmlərin çəkilməsinə ehtiyac var. Çünki tariximizi bədii dildə daha yaxşı öyrənə, öyrədə bilərik. Lalə MUSAQIZI, kaspi.az - FOTOLARLA" > - FOTOLARLA" > - FOTOLARLA" > - FOTOLARLA" > - FOTOLARLA" > - FOTOLARLA" > - FOTOLARLA" > - FOTOLARLA" > - FOTOLARLA" > - FOTOLARLA" > - FOTOLARLA" > - FOTOLARLA" > - FOTOLARLA" > - FOTOLARLA" > - FOTOLARLA" > - FOTOLARLA" > - FOTOLARLA" > |