Qarabağda “torpağı qaytaraq” müzakirəsi – Sensasion detallar

Qarabağda “torpağı qaytaraq” müzakirəsi – Sensasion detallar
Prezidentin eks-köməkçisi, politoloq Eldar Namazovun müsahibəsi:

- Keçən ilin sonuna qədər Paşinyanın Qarabağ probleminin həllində müəyyən addım atacağı barədə gözləntilər vardı. Erməni baş nazirin son çıxışları bu gözləntilərin üstündən xətt çəkirmi?

- Mən Azərbaycan mətbuatında Paşinyanın Qarabağ məsələsiylə bağlı mövqeyi ilə əlaqədar söhbətimi adətən onunla bitirirdim ki, böyük ehtimalla Azərbaycan ordusunun ikinci əməliyyat keçirməsinə ehtiyac yaranacaq. Aprel döyüşlərindən sonra yaranmış yeni vəziyyət və Azərbaycan diplomatiyası üçün açılmış imkanlar pəncərəsindən təəssüflər olsun ki, yetərincə istifadə olunmadı. Biz hərbi üstünlüyümüzü, ordumuzun yaratdığı yeni durumu siyasi və diplomatik sahədə kapitallaşdıra bilmədik. Bunu açıq demək lazımdır. Ola bilsin ki, bunu etmək heç mümkün deyildi və yaxud buna imkan verilmədi. Yəni bu müddətdə diplomatiyamız daha sərt olmalıydı, ermənilərə vaxt udmaq, həmin çətin durumdan çıxmaq şansı vermək lazım deyildi.

Son hadisələr onu göstərir ki, ermənilər açıq şəkildə işğal edilmiş əraziləri qaytarmaq fikrində olmadıqlarını rəsmi şəkildə bəyan edirlər. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri (Artur Vanetsyan – red.) işğal olunmuş Azərbaycan ərazilərinə səfər edir və burada məskunlaşma proqramı həyata keçirdiklərini, erməniləri Qarabağa köçürdüklərini bildirir. Buna oxşar bəyanatı Ermənistanın müdafiə naziri də (David Tonoyan – red.) verir. Paşinyan isə açıq şəkildə Azərbaycan Prezidenti ilə görüşünün gündəliyinin olmadığını, konfliktin həlli ilə bağlı heç nəyi müzakirə etmədiklərini, yalnız danışıqların formatı haqqında müzakirə apardıqlarını deyir. Yəni Paşinyan demək istəyir ki, Dağlıq Qarabağ tərəf kimi danışıqlarda iştirak edəcəksə, onda hansısa ciddi məsələlər müzakirə oluna bilər. Bu, əslində onların işğaldan əl çəkmək niyyətində olmadığının sübutudur.

Ona görə hesab edirəm ki, biz yenidən bu məsələyə qayıtmalıyıq. Bizim diplomatiyamız, ordumuz, beynəlxalq təbliğat şəbəkəmiz eyni strategiyadan çıxış etməli, bir-birini tamamlamalıdır ki, biz nəticə əldə edə bilək. Müasir dünyada iqtisadi, hərbi, diplomatik, informasiya strategiyaları uzlaşır və "smart power” deyilən anlayış yaradır. Yəni əvvəllər tətbiq edilən "yumşaq güc” anlayışı artıq "ağıllı güc” anlayışı ilə əvəz olunub. Bu o deməkdir ki, artıq həm hərbi, həm diplomatik, həm siyasi, həm iqtisadi, həm informasiya gücündən istifadə etməlisən. Təəssüflər olsun ki, biz bu sahədə bəzi boşluqlar görürük. Ordumuzun yaratdığı imkanları hesab edirəm ki, diplomatiyamız kifayət qədər yaxşı istifadə edə bilmir. İnformasiya tədbirlərini uzlaşdırmırıq.

Bir zamanlar bu proses bizdə tam əksinə idi. 90-cı illərin ortalarında, yəni atəşkəs imzalanandan sonra dünyada belə bir rəy formalaşmışdı ki, erməni ordusu Azərbaycan Ordusundan güclüdür. Onu da bizim torpaqlarımızın işğalı ilə əsaslandırırdılar. O dövrdə bizim diplomatiyamız daha sərt idi. Biz bu ictimai rəyə baxmayaraq, bir çox məsələlərdə diplomatik sahədə ermənilərə qalib gəldik. Vəziyyət elə bir səviyyəyə gəlib çatdı ki, ATƏT-in sammitində Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında ermənilərə muxtariyyət verilməsi ilə həll edilməsi barədə qərar çıxarıldı. Ermənilər veto hüququndan istifadə etdilər, ancaq sammit bəyanatla çıxış etdi ki, Ermənistandan başqa bütün ölkələr Dağlıq Qarabağ probleminin həllini bu cür görürlər. Ona görə də Ermənistanda böyük böhran yaşandı. Levon Ter-Petrosyana qarşı üsyan qaldırıldı və sonda da o hakimiyyətdən getdi.

İndi isə vəziyyət dəyişib. Bizim ordumuz artıq bütün dünyada öz üstünlüyünü nümayiş etdirməyi bacarıb. Azərbaycan Ordusunun yaratdığı üstünlükdən diplomatiya sahəsində də yararlanmalı və nəticələr əldə etməliyik.

- Diplomatiyamızın hərbi üstünlükdən yararlana bilməsi üçün təklifiniz nədən ibarətdir?

- Əlbəttə, tənqid naminə tənqid olmaz, təkliflər olmalıdır. Beynəxalq təşkilatlar qeyd edir ki, bu konflikt 3 beynəlxalq prinsipin əsasında öz həllini tapmalıdır. Bunlar ölkələrin ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etməsi və xalqların bərabər hüquqlarının təmin olunması prinsipləridir. Aydındır ki, biz hər zaman birinci prinsipi əsas götürürük. Bu, dünyada qəbul olunmuş praktikadır. Hansı ölkə olmasından asılı olmayaraq, onun üçün ərazi bütövlüyü prinsipi ikinci prinsipdən daha üstündür. Ermənilər daha çox "xalqların öz müqəddəratını təyinetmə prinsipini” əsas götürür. Üçüncü prinsip haqqında isə heç kim danışmır. Gəlin bu konfliktin həm yaranmasına, həm də bugünkü durumuna üçüncü prinsip prizmasından baxaq. SSRİ dövründə Azərbaycanda ermənilər, Ermənistanda isə azərbaycanlılar yaşayırdı. Azərbaycanda yaşayan ermənilərin muxtar vilayəti var idi. Muxtariyyəti faktiki olaraq onlar idarə edirdilər. Birinci şəxslər bütün sahələrdə ermənilərdən ibarət idi. Azərbaycanlılar ən yaxşı halda 2-ci və 3-cü dərəcəli vəzifələri daşıyırdı. Onların öz institutları var idi. Hətta vaxtı ilə Azərbaycan Sovet Sosialist Respublikasının Ali Soveti qərar qəbul etmişdi ki, Dağlıq Qarabağın razılığı olmadan muxtar vilayətin sərhədləri dəyişdirilə bilməz. Hər bir muxtariyyətə belə bir səlahiyyət verilmir. Azərbaycanda isə onlara belə bir hüquq verilmişdi.

Bəs Ermənistanda yaşayan azərbaycanlılara hansı hüquqlar verilmişdi? Azərbaycanlıların belə bir muxtariyyəti, öz ana dilində rahat təhsil almaq, işləmək, daxili problemlərini həll etmək imkanları var idimi? Yox! Yəni bərabərlik prinsipi artıq sovetlər dövründə pozulmuşdu.

Konflikt baş verəndən sonrakı dövrə də bərabərlik prinsipi prizmasından baxaq. İrəvan Dağlıq Qarabağdakı ermənilərə referendum yolu ilə öz müqəddəratını təyin etmək hüququnun verilməli olduğunu deyir. Bəs Ermənistandan deportasiya olunmuş yüz minlərlə azərbaycanlı bu hüquqdan niyə məhrum olmalıdır? Ermənistan dövləti deyir ki, mən Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin zəmanətçisiyəm, ona görə də bu konfliktdə iştirak edirəm. Bəs bizim dövlət Ermənistandan deportasiya olunmuş yüz minlərlə insanın qarantı ola bilməz? Onların öz doğma yurd-yuvalarına qayıtmasına şərait yarada bilməz? Bu, beynəlxalq hüquq normalarına ziddir? Onda niyə ermənilər bundan istifadə edərək, "biz Dağlıq Qarabağın qarantıyıq” deyə-deyə öz ordusu ilə Azərbaycan torpaqlarını zəbt ediblər? Xalqların bərabərlik prinsipindən danışırıqsa, ya Ermənistan bu siyasətdən imtina etməli və öz qoşunlarını bizim ərazidən çıxarmalı, ya da Azərbaycan dövləti Qərbi Azərbaycandan deportasiya olunmuş insanların qarantı olmalı və onların öz yurd-yuvalarında yaşaması üçün hərbi gücdən istifadə etməklə zəmanətçi durmalıdır. Əgər beynəlxalq ictimaiyyət hesab edirsə ki, bu yanlışdır, o zaman Ermənistana qoşunlarını Azərbaycan torpaqlarından çıxarmasını başa salmalıdır. Yox, əgər bu mümkündürsə, Azərbaycan da Ermənistan kimi soydaşlarına qarant durmalıdır.

Ermənilər Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin Azərbaycanın nəzarətində olmaması gərəkdiyini deyirlər. O zaman Naxçıvanı Azərbaycanla birləşdirən dəhliz olmalı deyilmi? Bəs bu dəhlizə kim nəzarət etməlidir? Ermənistanı Qarabağla birləşdirən dəhliz onların nəzarəti altında olmalıdırsa, onda Naxçıvanı da Azərbaycanla birləşdirən dəhliz Azərbaycanın nəzarəti altında olmalıdır. Yəni bərabərlik prinsipi budur. Yəni üçüncü prinsipdən maksimum istifadə etməliyik.

Bu dediyim ideyalardan başqa ideyalar da var, amma bunların hamısını mətbuatda deyə bilmərəm. Bu baxımdan XİN-in daha fəal olmasında israr edirəm.

- Bəs XİN niyə bu prinsipdən istifadə etmir?

- Mən çalışıram hər zaman belə ciddi məsələlərə obyektiv qiymət verim. Elə məsələlər olur ki, qiymət vermək üçün gərək qərarların qəbul olunması ilə bağlı kifayət qədər məlumatlı olasan. Təəssüflər olsun ki, niyə bu addımların atılmadığı, bu amildən istifadə olunmadığı ilə bağlı hələ heç bir arqument eşitməmişəm. Halbuki bu, Qarabağ məsələsinin həllində, ən azı diplomatiya və informasiya müharibəsi sahəsində Azərbaycan üçün çox böyük imkanlar aça bilər.

Qərbi azərbaycanlıların deportasiyasının hansı səbəbdən baş verdiyinə nəzər yetirin. Onların deportasiyası öz müqəddəratlarını təyinetmə hüququnun verilməsi məsələsi gündəmə gələndə start götürdü. Bu söhbətləri Moskvada akademik Andrey Saxarov aparırdı. O, ilkin mərhələdə ermənipərəst mövqedən çıxış edirdi. Onun beynini çox yanlış informasiyalarla doldurmuşdular. Bunu edən əsas şəxs isə onun erməni əsilli həyat yoldaşı Yelena Bonner (ata tərəfindən soyadı Əlixanyan olub – red.) idi. Lakin sonradan Saxarovun özü də proseslərin necə inkişaf etdiyini və yanlış mövqedə olduğunu başa düşdü.

O, həmin dövrdə Bakıya səfər etmişdi. Məni də görüşə dəvət eləmişdi. Saxarov köhnə "İnturist” otelində qalırdı, həyat yoldaşı da yanında idi. Həmin vaxt Saxarov özü ilə birlikdə Moskvadan 3 nəfər də ekspert gətirmişdi. Bizim söhbətimiz gecə yarısına qədər davam etdi. Həmin vaxt komendant saatı rejimi tətbiq olunurdu. Saxarovun xahişi ilə həmin oteldə mənə də bir otaq ayrıldı. Həmin söhbət əsnasında mən Saxarova bütün vəziyyəti izah etdim. O özü etiraf etdi ki, bu zamana qədər çox yanlış mövqedə olub. Hətta onun yanında oturan erməni əsilli yoldaşı da söhbətə müdaxilə edərək, bütün günahların özündə olduğunu bildirdi. Yelenanın sözlərinə görə, o öz qohumlarından eşitdiyi yanlış informasiyaları akademikə ötürüb və o da bu informasiyalar əsasında bəyanatlar səsləndirib. Həmin dövrdə akademik Saxarov Qorbaçova müraciət etmişdi. O, bərabərlik prinsipi tələb edirdi. Yəni biz Dağlıq Qarabağda ermənilərə referendum hüququ veririksə, Ermənistanda yaşayan azərbaycanlılara da həmin hüquq verilməlidir. Qorbaçov da Saxarova bunun inandırıcı görünmədiyini, ancaq yenə də cəhd etməsini söylədi. Qorbaçov həmçinin ermənilərin buna razılıq verməyəcəyini söylədi. Saxarov bununla bağlı Bakıya və İrəvana səfərlər həyata keçirdi. Ermənilər bundan xəbər tutan kimi (müsahibimiz əminliklə bu məlumatı İrəvana Qorbaçovun keçmiş müşaviri Georgi Şaxnazarov tərəfindən ötürüldüyünü iddia edir – red.) buna qarşı fəaliyyətə başladılar. Tezliklə, Ermənistanın bütün rayonlarından azərbaycanlıları deportasiya etməyə başladılar. Bu işdə birbaşa partiya orqanları, milis, Ermənistanın Dövlət Təhlükəsizlik Komitəsi iştirak edirdi. Hətta onlar quldur dəstələrindən də istifadə edirdilər. Yəni Dağlıq Qarabağda yaşayan erməni icmasının öz müqəddəratını təyinetmə hüququndan danışanda bizim diplomatiyamız mütləq bu məsələni irəli sürməlidir.

- Bu kompleks tədbir üçün nə təklif edirsiniz?

- Bilirsiniz, mən belə tarixçi təhsili almışam. Moskvada çalışdığım Etnologiya İnstitutunda milli konfliktləri öyrənməklə məşğul idilər. Hələ sovet dövründə artıq sonradan meydana gələn – Qarabağ, Abxaziya, Osetiya, Dnestryanı konfliktləri öyrənilirdi. Yəni mən həmin dövrdə Etnologiya İnstitutunda çalışdığım üçün o konfliktləri hələ sovet dövründən öyrənirdim. Ona görə bu gün biz danışdığımız mövzunu elə konflikt başlayanda (1988-ci ildə) da deyirdim.

O vaxt rəhmətlik Nəcəf Nəcəfovun başçılıq etdiyi "Azadlıq” qəzeti nəşr olunurdu. Mən onun siyasi icmalçısı idim. 1990-cı ildə bu qəzetdə mənim başlığı "Milli Təhlükəsizlik Strategiyası” məqaləm çap olundu. Bu gün sizə danışdığım prinsiplərin hamısını orada göstərmişdim. Sonda isə proqnoz vermişdim ki, ermənilər Qarabağda blitskriq taktikasından istifadə edir və bu hadisələr belə inkişaf etsə, ermənilər ildırım sürəti ilə Azərbaycanın torpaqlarını işğal edəcəklər. Həmin məqalə çıxandan sonra böyük rezonans doğurdu. Mənə onlarla, yüzlərlə adam müraciət edirdi. Həmin müraciət edənlərdən biri də həmin illərdə hakimiyyətdə çalışan bir şəxs idi. O mənə dedi ki, Eldar, yaxşı məqalə yazmısan, ancaq inandırıcı deyil. Dedim, inandırıcı deyilsə, niyə yaxşı sayırsan? Dedi, arqumentləri düzmüsən, obyektiv təhlil aparmısan, ancaq gəldiyin nəticə inandırıcı deyil. Üstündən bir il keçdi və mənim proqnozum düz çıxdı.

Hər zaman mövqeyim ondan ibarət olub ki, belə ciddi konfliktlərdə gərək dövlətin, ictimaiyyətin, xalqın bütüm potensialı səfərbər olsun. Bu o deməkdir ki, bizim ordu siyasətimizlə, diplomatiyamızla, xarici siyasətimizlə, iqtisadi sahə ilə bağlı vahid strategiyamız olmalıdır. Hesab edirəm ki, bunun olması üçün ilk addım kimi bu məsələ institutlaşdırılmalıdır. Belə bir strategiyanı planlaşdırıb həyata keçirmək yalnız Xarici İşlər Nazirliyinin işi deyil. Burada hərbi güc də, informasiya siyasəti də nəzərə alınmalıdır. Vahid strategiyanı hazırlayıb, onun həyata keçirilməsinə nəzarət etmək üçün institutsional qurum olmalıdır. Adətən dövlətlərdə bu qurum Təhlükəsizlik Şurası sayılır. ABŞ-da, Rusiyada və digər ölkələrdə də bu qurum var. Təəssüflər olsun ki, bizdə hələ o institut yaranmayıb. Hazırkı Təhlükəsizlik Şurası müşavirə xarakteri daşıyır. Ancaq bu, daimi fəaliyyət göstərən qurum olsa, vahid strategiya ətrafında müxtəlif dövlət qurumlarının fəaliyyətini uzlaşdıra bilər. Mən hesab edirəm ki, ilk addım elə bu olmalıdır.

Xatırlayıram ki, bu qurumun yaradılması ilə bağlı fərman veriləndə, onun katibinin olması, qurumda müxtəlif nazirliklərin işlərini uzlaşdıran şöbələrin formalaşdırılması nəzərdə tutulurdu, amma bu institut yaranmadı. İndi də hesab edirəm ki, bu qurumun yaradılmasına ehtiyac var.

- Yaxın gələcəkdə II Qarabağ savaşı başlada bilərmi?

- Birincisi, həm Paşinyanın, həm Ermənistanın müdafiə nazirinin, həm təhlükəsizlik xidmətinin rəhbərinin dediklərinin hamısı blefdir. Ermənilər gözəl bilirlər ki, Azərbaycan Ordusu hərbi əməliyyat keçirib, həmin torpaqları qaytarmağa qadirdir. Bu həqiqəti erməni siyasətçiləri də, mətbuat işçiləri də, baş naziri də, nazirləri də bilir. Aprel döyüşlərindən sonra Ermənistanın Müdafiə Nazirliyinin strukturu darmadağın edildi. Başda nazirin özü olmaqla, bir çoxları işdən çıxarıldı, bəzilərinin işi hələ də məhkəmədədir. Ermənistanda açıq etiraf etdilər ki, güclərin balansı dəyişib və əgər müharibə olsa, Azərbaycan Ordusu 1 saatdan sonra Xankəndində çay içəcək. Bu mənim və yaxud başqasının sözləri deyil, bu, erməni generalının səsləndirdiyi fikirdir.

2016-cı ilin Aprel döyüşlərindən sonra Serj Sərkisyan Qarabağa səfər edir. Qondarma rejimin rəhbərliyi və generalların qarşısına sənəd qoyur ki, torpaqlar işğaldan azad olunmalıdır. Buna razılıq verməsək, müharibə olacaq. Samvel Babayan həmin sənədi bu yaxınlarda "Aravot” qəzetində çap edib. S.Babayanın sözlərinə görə, həmin müşavirədə 1-2 nəfərdən başqa heç kəs buna etiraz edə bilməyib. Ermənilərin blef etmək, yalançı görüntü yaratmaq taktikası tarix boyu özünü göstərib. Ona görə də sərt diplomatiyanın tərəfdarıyam.

Ermənilər əvvəllər Azərbaycanın müharibəyə başlayacağı halda Moskvanın bizi hücum fikrindən çəkindirəcəyinə ümidli idilər. İndi isə ruslarla münasibətləri müəyyən qədər korlanıb. Ona görə də İrəvan indi ABŞ və Avropa ölkələrinə bununla bağlı müraciətlər edir. Bu zaman Ermənistanda məxməri inqilab olduğunu, "Sorosun uşaqları”nın hakimiyyətə gəldiyini qabardaraq, ABŞ-ın onlara dayaq durmalı olduğunu iddia edirlər. Mən ABŞ diplomatları ilə bu haqda söhbət etmişdim. Bizim Tiflisdə çox açıq söhbətimiz oldu. Onlara aldanmamaları gərəkdiyini, ermənilərin özlərinə lazım olanda sizin, olmayanda rusların yanına qaçdığını, amma əsas məqsədlərinin Azərbaycan torpaqlarını işğal altında saxlamaq olduğunu dedim. Üstəlik bildirdim ki, bir az ağıllı olmaq lazımdır. Onsuz da sizin davanız ruslarladır. Siz bu bölgədə hegemoniyanı ələ almaq üçün mübarizənizin nəticəsinin nə cür olacağını indidən deyə bilməzsiniz, amma nəticənin necə olmasından asılı olmayaraq, indidən Qarabağ münaqişəsinin həlli ilə bağlı imkanlar yaranıbsa, buna mane olmayın. Qoy burada konflikt bitsin. Praqmatik addım atmaq lazımdır. Hazırda ABŞ-ın tutduğu mövqe konfliktin bütün hallarda həll olunmasıdır. Paşinyana bununla bağlı açıq mesajlar verirlər. Donald Trampın Paşinyana 4 cümləlik təbrik məktubunun 2-sində Qarabağ problemindən bəhs edilir. Yəni Azərbaycanla bu problemi həll etməsi, münasibətlərini normallaşdırması tövsiyə olunur. Bu təbrik deyil, şapalaqdır. Yəni Tramp, ABŞ Paşinyana deyir ki, sən Azərbaycanla münasibətlərini normallaşdırandan sonra biz səninlə əməkdaşlıq edəcəyik. Ona görə də son yayılan əsassız bəyanatlar hamısı blefdir. O blefə uymaq olmaz. Yalançını evinə kimi qovmaq lazımdır. Ona görə də sərt diplomatiya aparmalıyıq ki, onların blefləri sabun köpüyü kimi partlasın.

Ardı var...
axar.az

OXŞAR XƏBƏRLƏR

Qəzada həlak olan 22 nəfərin meyiti Azərbaycana nə vaxt gətiriləcək?

Təyyarə qəzasında ölən digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Tə...

Zelenski Azərbaycana başsağlığı verib Rusiyanı ittiham etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı v...

Bu məşhurlar 2024-cü ili həbs və məhkəmə ilə yola verdi - SİYAHI

2024-cü il bir çox dünya ulduzları üçün böyük sınaqlar gətirdi. Bu böyük sınaqların içərisində isə həbslər xüsusi diqqət çəkib.   Sfera.az 2024-cü ildə...

Xorvatiya prezidenti İlham Əliyevə başsağlığı verdi

Xorvatiya Prezidenti Zoran Milanoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.   Sfera.az xəbər verir ki, məktubda deyilir: ...

Dövlət Komissiyasının növbəti iclası keçirildi

Dekabrın 27-də təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının növbəti iclası keçirilib.   Bu barədə Sfera.az-a Na...

"Qəlpələr təyyarənin içinə daxil olmuşdu" - Qəzaya uğrayan təyyarənin bələdçisi -VİDEO

"Birinci zərbədən sonra oksigen maskaları açıldı və biz sərnişinlərə müraciət etmək istəyərkən ikinci zərbə baş verdi".   Sfera.az xəb...