Səbuhi Rəcəb: Yaxşı olmaq çətindir – MÜSAHİBƏ + FOTOSESSİYA

Səbuhi Rəcəb: Yaxşı olmaq çətindir – MÜSAHİBƏ +  FOTOSESSİYA

“Xeyriyyəçilik etməkdən zövq alıram”.

Sfera.az Oxu.Az-ın “Oyundan kənar” rubrikasının təqdim edir: 

“Oyundan kənar” rubrikasının növbəti qonağı iş adamı, xeyriyyəçi,Türkiyə Sport Kombat Sambo Federasiyasının 1-ci vitse-prezidenti Səbuhi Rəcəbdir.

- Səbuhi Rəcəb - idmançı, xeyriyyəçi, ata, dost, qardaş - bütün bunların məsuliyyətini daşımaq çətin deyil ki?

- Yaxşı olmaq çətindir. Yaxşı dost da ola bilərsən, qardaş da, ata da. Çox çətindir yaxşı olmaq. Pislik tez bilinir və tez gözə çarpır. Mənim ətrafım deyə bilər ki, mən yaxşıyam ya necə.

Övladlarım deyə bilər ki, yaxşı atayam ya necə. Və yaxud da dostlarım deyə bilər ki, yaxşı dostam ya necə.

Mənim böyük oğlumun kirvəsi 10 il bundan qabaq demişdi ki, bir şəxsə qardaş demədən qabaq fikirləş, o, bu sözə layiqdirmi, çünki qardaşlıq ağır bir yük və məsuliyyət tələb edən mövhumdur.  Qardaş acısı, şirini ilə artıq qardaşdır.

- İnsan üçün ən önəmli günlər məktəb illəri, uşaqlıq illəri olur. Siz harada böyümüsünüz, məktəb illəri harada keçib?

- Mən 1982-ci ildə Bakıda anadan olmuşam, əslim Cənubi Azərbaycana gedib çıxır, babalarımın yurdu sayılır. Uşaqlığım, məktəb illərim Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində keçib. 1989-cu ildə 228 saylı orta məktəbə getmişəm, keçdiyim fənnləri, dərslərimi yaxşı oxumuşam, 1999-cu ildə məktəbi əla qiymətlərlə bitirmişəm. Anam bacımla məni tək böyüdüb, yəni atasız böyümüşəm mən.

Anam zavod müdirəsi idi. Bizi təkbaşına böyüdüb. Bir qadının necə güclü olduğunu anamda görmüşəm, o, bizi böyüdüb, oxudub, təhsil almağımıza imkan yaradıb. Qadın böyük qüvvədir, qadın güclüdür, zərifdir, amma zəif deyil. Bizi hər zaman savadlı böyüdən, böyük-kiçiyin yerini bilməyimizi bizə tövsiyə edən də məhz anam olmuşdur. Bu gün nə qazanmışamsa anama borcluyam, onun dəstəyi mənə hər zaman lazımdır. Onun dünənki dəstəyi olmasaydı bu gün mən burda olmazdım, harada, necə olardım bilmirəm. Ona hər zaman borcluyam. Əziz Anam, canım Anam mənim... 

- Məktəb illərində ən yadda qalan an? Deyirlər məktəb illəri unudulmur, amma hansısa bir məqam daha çox yadda qalır. 

- Doğrudan da məktəb illəri unudulmur, mənim indiyədək sinif yoldaşlarımla əlaqəm var, onlarla görüşürəm, Ramazan ayında mütləq bir iftarımı onlarla edirəm, bu, mənə zövq verir.

Bizim bir rus dili müəllimimiz var idi - Əliheydər Kazımov - bizim sevimli müəllimlərimizdən biri idi. O zamanda dövr ürəkaçan deyildi, müharibə şəraitində yaşayırdıq. Elə oldu ki, bir gün  Əliheydər müəllim növbəti dərslərindən biri zamanı bizə “uşaqlar, bilirsiniz, Qarabağda savaş var, bu durumda, bu vəziyyətdə, Ana vətənə lazım olduğum bir vaxtda mən artıq müəllimlik edə bilmərəm və könüllü olaraq Qarabağa düşmənlə döyüşməyə gedirəm. Sizi çox istəyirəm, dərslərinizi yaxşı oxuyun, biz sizin üçün, Azərbaycanın gələcəyi üçün canımızdan keçməyə gedirik” dedi və bir neçə aydan sonra biz onun şəhid olduğunu eşitdik. Bütün sinif ağlayırdı, çox təsir etmişdi bizə. Elə həmin məktəbə bizim müəllimin adı verildi - Şəhid Əliheydər Kazımov.

Daha sonra isə məktəb həyatı ilə sağollaşdıq, keçdik universitet dönəminə, mən 1999-cu ildə test imtahanı verərək və 461 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul oldum. Ali təhsilimin bakalavr pilləsini 1999-2003-cü illərdə fərqlənmə, 2003-2005-ci illərdə isə magistr pilləsini də fərqlənmə diplomu ilə bitirdim. 2005-ci ildə mən daha əvvəldən idmançısı olduğum Mərkəzi Ordu İdman Klubunun (MOİK) tərkibində hərbi xidmətə başladım, 2006-cı ildə hərbi xidmətimi başa vurdum.

- Daha öncə, tələbə vaxtı hardasa çalışırdınız?

- Belə deyim ki, 2003-2006-cı illər ərəfəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnzibati və Cinayət Hüququ şöbəsində mütəxəssis, böyük mütəxəssis vəzifəsində çalışmışam.

- İdman elə bir peşədir ki, ona gərək öncədən başlayasan və davam edəsən. İdmanla neçə yaşında tanış olmusunuz?

- İdmana 6 yaşımdan başlamışam - 1988-89-cu illərdə ən məşhur idman növü karate idi. “Brus Lee”nin filmlərinə maraq göstərdiyimiz illər idi. Hər kəs özünü “Brus Lee”yə bənzədirdi (gülür). Uşaqlıq dövrümüz idi. Bunlar hamısı bu gün xatirədir, təbii ki. Maraqlı və xoş xatirələr. O vaxtı belə hər yerdə zal yox idi, hansısa məktəbin idman zalı var idi və idman dərsləri keçirilirdi. Həmin ərəfədə karate dərsləri başlamışdı. Xüsusi idman formam, geyimim yox idi, lakin özümə geyim tapdım və ilk məşqə də icazəsiz getdim.

Həmin gün hamı məni axtarmışdı, qorxmuşdular ki, itmişəm. Gəlib məşqdə tapmışdılar, düzdü həmin gün danlanmışdım, amma daha sonra yenə gizlin gedirdim məşqlərə.

Sonra 1995-ci illərdən taekvondo çox məşhur olduğundan bu idman növünə başladım.

1997-ci ildə Dinamo idman mərkəzində yenidən karate məşqlərinə başladım. Daha sonra 1999- cu ildə Budokan idman mərkəzində bir neçə dostum ilə taekvondo və kikboksinq ilə məşğul olmağa başladım. Beləcə məndə artıq kikboksinqə maraq yarandı və bu idmanla məşğul olmağı 2004-cü ilə qədər davam etdirdim. 2004-cü ildən 2006-cı ilə qədər boks ilə məşğul oldum və idman fəaliyyətimə idmançı olaraq son qoydum.

Vaxt azlığı, iş-güc və müəyyən səbəblərdən idmana davam edə bilməyəcəyimi düşündüm. Lakin bir müddət idmandan uzaq qaldıqdan sonra müxtəlif  professional idman zallarında fitnes, trenajor ilə məşğul olmağa başladım və indi də imkan dairəsində vaxt tapan kimi idmanla məşğul oluram.

Mən həm də o vaxt 2001-ci ildə Azərbaycan Muay Tay və Kikboksinq Federasiyasının idman ustası olmuşam. Bu gün federasiya Azərbaycan Kikboksinq Federasiyası adlanır.

- İdmana peşəkar olaraq niyə davam etmədiniz?

- Peşəkar olaraq məşğul olmuşam. Lakin bildiyiniz kimi belimdə, onurğa sütununda tibbdə disk adlandırılan yumru dairələr var, mənim onurğamda 2 disk yerindən çıxıb, həkim məsləhəti ilə, yəni artıq sağlamlıq üçün idmanıma davam edirəm. Amma idmanın mənə qazandırdığı dostlar var, bu gün də onlarla ünsiyyətim var.

Məsələn, sizə deyə bilərəm WAKO üzrə 5 qat dünya çempionu AKF-da kikboksinq üzrə yeniyetmələr və gənclərin baş məşqçisi Ehram Məcidov, AKF-nın vitse-prezidenti Güloğlan Cabbarov, Olimpiya çempionumuz Vüqar Ələkbərov, Ramin Allahverdiyev, Nəsimi Aydınov, Şahin İmranov, Rövşən Hüseynov, Mürşid Bağırov və s.. Bu gün bu insanların adını çəkməyi özümə borc bilirəm. Həm yaxşı idmançı, həm yaxşı insan, həm də yaxşı dostdurlar. Adlarını burada müsahibə üçün vaxt azlığı səbəbindən çəkmədiyim kimlərsə varsa üzrlü saysınlar məni, mənim dostlarım, qardaşlarım məndən inciməzlər.

- Hansı sahələrdə çalışmısınız və hansı sahə sizə daha yaxındır?

- Dediyim kimi mən Hüquq fakültəsini bitirmişəm, həm idmançı kimi, həm də dövlət sahələrində çalışmışam. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnzibati və Cinayət Hüququ şöbəsində mütəxəssis, böyük mütəxəssis vəzifəsində çalışmışam. “Effektiv Cəmiyyət İnstitutu” İctimai Birliyinin rəhbəriyəm, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin donoru və xeyriyyəçisiyəm.

2014-cü ilin may ayından etibarən Azərbaycan Sambo Federasiyasında Döyüş Sambosu (Combat Sambo) üzrə vitse-prezident olaraq fəaliyyət göstərirəm. Hamı bu və ya digər federasiyalardan maaş aldığımı düşünür və suallar verir, sizin vasitəniz ilə buradan bir daha bildirirəm. Mən heç bir müəssisədən, cəmiyyətdən, federasiya, habelə qurumdan maaş almıram, əksinə, maaş verdiyim insanlar var, çox şükür.

- Bu gün sizin ümid etdiyiniz hansısa bir istək varmı?

- Mən sizə bir şey danışacam. Biz uşaq idik, bu hadisə olan zaman məscidlər çox yox idi, hansısa qəsəbədə balaca məscidlər olurdu, bizə orda qolumuza bağlamağa ip verirdilər. İnam, ümid işarəsi idi, biz də təbii ki, uşaq idik, maraqlı gəlirdi belə şeylər.

Dostlarımızla hərə ürəyində bir arzu, niyyət edib bağlayırdı, mən də öz-özümə danışırdım ki, mən bunu bağlayıram, əgər açılsa Qarabağ alınacaq demək.

Bir gün baxdım ki, qolumda yoxdu, açılıb, qaça-qaça getdim anamın yanına ki, Qarabağ bizimdir. O anki sevincimin yerini heç nə verə bilməzdi. Düzdü, əslən qarabağlı deyiləm, amma özümü qarabağlı sayıram. Bu gün Qarabağı sevməyən insan ola bilməz. Bu gün bizim Qarabağın adını, şərəfini daşıyan futbol klubumuz var, onlara da uğurlar arzu edirəm.

Və mən o xəbəri eşidəcəyim günü səbirsizliklə gözləyirəm. Mən inanıram ki, öz yurdumuzun yenidən bizim olmasına çox vaxt qalmayıb.

Bu gün hörmətli Ali Baş komandan İlham Əliyev və Müdafiə naziri, cənab Zakir Həsənovun gördüyü işlər, onların qayğısı, diqqəti bizim üçün qürurvericidir. Hörmətli nazir Zakir Həsənovun əsgərlərə göstərdiyi diqqət bizim hamımız üçün bəsdir, bizi qoruyan əsgərlərimizdir, onlara göstərilən qayğı bizə qarşı göstərilən qayğıdır.

Cənab nazir Zakir Həsənovun bir əsgərə öz qolundakı saatı hədiyyə etməsi mənim heç yadımdan çıxmır, Allah Zakir Həsənova can sağlığı versin.

Bu gün bizim Mübariz İbrahimov, Fərid Əhmədov kimi bir çox, hələ də davam edən məlum münaqişə nəticəsində şəhid olmuş qardaşlarımız var. Bizim hər birimiz şəhid ailələri ilə hər zaman maraqlanmalıyıq.

- İnsan artıq özünü tanıyandan bilir ki, xarakteri (insanlarla ünsiyyəti, yardımsevərliyi) necədir? Sözüm odur ki, xeyriyyəçiliklə məşğul olmağı, yardım etməyi insana kimsə deməlidir, ya o, özü buna şərait yaratmalıdır?

- İslam dini yardımsevərliyi sevir. Kimin gücü nəyə çatırsa yanındakına, ətrafındakına, kasıba əl tutmalıdır. Əl tutmaq Əlidən qalıb deyirlər. Şərt o deyil ki, kiməsə milyon verəsən, şərt odur ki, bir az varındı və onu paylaşırsan. Paylaşmaq gözəldir, amma bacarana. Mən indiyədək etdiyimi deyən olmamışam, amma xeyriyyəçilik etməkdən zövq alıram. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin donoru və xeyriyyəçisiyəm. Əsas şəhid ailələrinə, ehtiyacı olanlara, məcburi köçkünlərə yardım edirəm.

- Bildiyimə görə elə bu yaxınlarda məcburi köçkün ailələrindən olan iki uşağın yarışa getməyində yardımçı olmusunuz?

- Əslində, istəmirəm bunlardan danışım, amma onlar Vətənə qalibiyyətlə döndülər, buna görə də deyəcəm. Bəli, onlar məcburi köçkün ailəsindəndirlər və onlara bu yarışda yardım lazım idi. Mən də düşünmədən yardım etdim, şükür ki, qalib olaraq Vətənə döndülər. Bu, mənim üçün fəxr idi.

Azərbaycan Kikboksinq Federasiyası və onun rəhbərliyinə, başda Adil (Əliyev) müəllimə bizə bu şəraiti yaratdığı üçün təşəkkür edirəm. Çünki birbaşa Adil müəllimin rizası və izni olmadan mən o uşaqlara dəstək ola bilməzdim. Bir neçə konsert, xeyriyyə tədbiri keçirmişik, şəhid ailələrinə tez-tez baş çəkirik. Bunu reklam üçün və yaxud hansısa bir səbəbə görə demirəm, sadəcə paylaşmaq gözəldir və bunu hər birimiz bacarmalıyıq.

- İdmançılarla da maraqlanırsız. Onlara da yardım əlinizi uzadırsınız?

- Daha çox gənclərə dəstək oluram, onların hal-hazırda peşəkar idmançı olmaq şansları çoxdu, onlara bu yolda yardımım dəyirsə nə xoş mənə.

Dostlarımdan birini də qeyd etmək istəyirəm - Pərviz Abdullayev. Bizimlə beş əməkdaşlığı olub və beşində də qalibiyyət ilə qayıdıb, tanıdığım ən güclü kikboksçulardan biridir. 

- Bir neçə gün əvvəl Türkiyədə tədbir keçirildi. Və bu tədbir Türkiyə Sambo Federasiyasında seçimlə bağlı idi. Türkiyə Sport Kombat Sambo Federasiyasına 1-ci vitse-prezident seçildiniz. Necə oldu bu fikir yarandı?

- Birinci ondan başlayım ki, Türkiyə Sambo Federasiyası 2009-cu ildən Qədir Məmmədov tərəfindən yaradılıb. Qədir müəllim də öz həmvətinimizdir. Sambo qardaş Türkiyədə ilk olaraq  İstanbulda yaradıldı və bir çox işləri məhz İstanbulda həyata keçirildi.

Türkiyədə Özünümüdafiə klubları birliyi dərnəyi adı ilə ilk rəsmi Sambo dərnəyi yarandı. Samboçularımız Dünya çempionatlarında, Beynəlxalq turnirlərdə iştirak etdilər, bizim zəhmətimiz yerdə qalmadı. Türkiyə Sport Kombat Sambo Federasiyası Baku 2015 Avropa Oyunlarında iştirak edən 6 türk federasiyasından biri idi, bu da sambo idmanının qardaş Türkiyədə necə inkişaf etdiyinin göstəricisidir.

Mənim Türkiyə ilə bir neçə layihəm və əməkdaşlığım olub. Qədir müəllim mənə söylədi ki, mən onlarla bərabər çalışım, məni dəvət etdilər və seçildim. Türkiyə Sport Kombat Sambo Federasiyasının 1-ci vitse-prezidenti olaraq, artıq irəlidə bir neçə planımız var.


OXŞAR XƏBƏRLƏR

Alimlər gənclikdə spirtli içki içməyin zərərlərini açıqladı

Gənclikdə həddindən artıq spirt istehlakı siçanların beyinlərində yaşlanma ilə müşahidə olunanlara bənzər dəyişikliklərə səbəb olub.   Sfera.az ...

"Dünyanın müxtəlif ölkələrində də hər yerdə valyutadəyişmə məntəqələri yoxdur" - Deputat

Zaman-zaman bəzi vətəndaşlar valyutadəyişmə məntəqələrinin az olması ilə bağlı narazılıqlar edir.   Bununla bağlı Sfera.az-a açıqlama verən deputat R...

Uşaqlar üçün yaşayış minimumu artırılır -MƏBLƏĞ

2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manata çatdırılacaq.   Sfera.az xəbər xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İq...

UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələdi

UEFA Çempionlar Liqasının IV turunda qeydə alınan qayda pozuntularına görə Portuqaliyanın “Sportinq” və Almaniyanın “Ştutqart” klubların...

Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik

Meşələrin qırılması və ekosistemlərin deqradasiyasına qarşı siyasəti gücləndirməliyik.   Sfera.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvət...

“Baydenə görə münaqişədə yeni gərginlik yaranıb” - Kreml

“Amerika lideri Co Baydenin hakimiyyətdən gedən administrasiyasının qərarları ilə əlaqədar Ukraynada münaqişədə yeni gərginlik yaranıb”.   ...