Mübariz Qurbanlı: “Vətəndaşlarımızın böyük əksəriyyəti Milli Şuranın mitinqinə getmir” – MÜSAHİBƏ

Mübariz Qurbanlı: “Vətəndaşlarımızın böyük əksəriyyəti Milli Şuranın mitinqinə getmir” – MÜSAHİBƏ
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Sfera.az-a müsahibəsi:


– Bu gün Milli Şura və Müsavat Partiyası tərəfindən birgə mitinq keçirilir. Siyasi təşkilatların birgə mitinqlə bağlı fikirləriniz necədir?


– Azərbaycanda "Milli Şura” adı altında fəaliyyət göstərən qrupların arxasınca insanların getmədiyi hamıya bəllidir. Bu gün Azərbaycan xalqının mütləq əksəriyyəti prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir, mövcud olan ictimai-siyasi sabitliyi, inkişafı müdafiə edir. Ona görə də "Milli Şura” və digər bunun kimi qrupların aksiyaları Azərbaycan xalqı tərəfindən dəstəklənmir. Əminəm ki, bundan sonra da dəstəklənməyəcək. Onların bu gün keçirdiyi mitinqəbənzər tədbirləri də xalqımız tərəfindən qəti dəstəklənmir. Bu səbəbdəndir ki, vətəndaşlarımızın böyük əksəriyyəti həmin tədbirlərdə iştirak etmirlər. Çünki Azərbaycan xalqı bu cür mitinq keçirən şəxsləri və ictimai-siyasi sabitliyi pozmağa çalışan insanların hərəkətlərini heç zaman müdafiə etməyib.
Bütün bunlara baxmayaraq, Azərbaycan azad və demokratik ölkə olduğu üçün hər bir qrup siyasi aksiya keçirə bilir. Dövlət də onların təhlükəsizliyinin təmin olunması üçün lazımı tədbirlər görür. İndi "Milli Şura” da buyurub öz aksiyasını sərbəst şəkildə keçirsin, görək nə qədər adam gəlib onları dəstəkləyəcək! Özü də onların aksiya keçirəcəyi stadion Bakının mərkəz yerlərindən birində yerləşir. Buyurub öz aksiyalarını keçirsinlər. Dövlətimiz də onlara heç bir əngəl yaratmır. əskinə, qanun çərçivəsində bütün təhlükəsizlik tədbirləri həyata keçirilir.
Ümumiyyətlə, Azərbaycan dövləti qanun çərçivəsində fəaliyyət göstərən heç bir quruma maneçilik törətməyib. Ancaq bütövlükdə Azərbaycan cəmiyyəti bu cür aksiyaları qətiyyən dəstəkləmir, mitinqlər vasitəsilə öz məqsədlərinə çatmaq iddialarını müdafiə etmir. Əgər cəmiyyətdə kimsə hər hansı fikrini çatdırmaq istəyirsə, bunun üçün mitinqə ehtiyac qalmır. İnsanlar öz fikirlərini sosial şəbəkələr və kütləvi informasiya vasitələri ilə azad şəkildə çatdıra bilir. İndi kimsə qanunla mitinq keçirərək, öz fikrini çatdırmaq istəyirsə, buna da heç kəs mane olmur. Azərbaycan azad və demokratik ölkədir.
Mən sizə əminliklə deyə bilərəm ki, "Milli Şura”nın sözügedən mitinqində çox insan olmayacaq. Çünki insanlar onların çağırışlarının arxasınca getmir. Hər kəs də gedib onların mitinqi müşahidə edə və ora gələn adamların sayını görə bilər. İnsanlarımızın mütləq əksəriyyəti "Milli Şura”nın çağırışlarına qoşulmur.

– Bir neçə gün öncə YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Azadlıq Hərəkatı iştirakçılarına müraciət ünvanlayıb. Bu müraciəti necə qiymətləndirirsiniz?


– Mən Siyavuş Novruzovun həmin müraciətilə tanışam. Hesab edirəm ki, Siyavuş Novruzov həmin müraciətilə bir daha cəmiyyətə mesaj verərərək bildirir ki, siyasi mübarizəni normal və svil qaydalarla aparmaq lazımdır. Kimsə söyüş və təhqirlə "siyasi mübarizə” adı altında öz fikirlərini çatdırmaq istəyirsə, bu doğru yol deyil. Bu cür çıxış edən adamlar var ki, onlar tənqidlə təhqiri ayıra bilmirlər. Onlar siyasət adamları deyil. Normal siyasətçi təhqirə yol verməli deyil. Normal siyasi mübarizədə fikirlər və konsepsiyalar yarışı gedir. Əgər kimin tənqid və alternativ fikir söyləmək fikri varsa, ona heç kəs qadağa qoymur. Həmin adamlar öz fikirlərini rahat şəkildə deyə bilərlər. Alternativ fikir söyləyən insanlara cəmiyyət qiymət verir. Bu da seçkilərdə müəyyən olunur. Əgər cəmiyyət sənin fikrini qəbul edirsə, deməli sənin təmsil olunduğun siyasi təşkilata üstünlük verməlidir.
Azərbaycanda isə cəmiyyət YAP-ın ideyalarına və prezident İlham Əliyevin siyasətinə üstünlük verdiyi üçün seçkilərdə partiyamız və onun namizədləri uğur qazanır. Digər alternativ fikirlər olursa və ona fərqli münasibət bildirmək istəyən şəxslər təhqirə yol verirsə, onlar artıq siyasətçi deyil. Siyasət təhqirdən kənar olmalıdır. Siyasət normal fikir mübadiləsidir, plüarist cəmiyyətlərdə düşüncə və ideyyalararası yarışdır. Əgər orada təhqir olursa, artıq bu siyasətçi sayılmır. Ona görə də ölkədən kənarda və sosial şəbəkələr vasitəsilə kiminsə haqqında təhqiramiz ifadələr səsləndirilirsə və həmin adamlar hesab edirsə ki, doğru fəaliyyət göstərir, həmin adamlar böyük səhvə yol verirlər. Ola bilər ki, həmin adamlar onlara kiminsə qulaq asdığını və onu siyasətçi kimi qəbul etdiyini düşünür. Ancaq həmin adamlar çox böyük səhvə yol verirlər. Normal siyasətçilər normal mübarizə yolunu seçirlər. Söyüş, təhqir və siyasi şou yaradan adamlar heç zaman siyasi arenada yer tuta bilməz. Siyavuş Novruzovun da çağırışı məhz bu aspektdən idi.

– Milli Şura və Müsavat funksionerləri hakimiyyəti və Mərkəzi Seçki Komissiyasını açıq söyüş və təhqiramiz ifadələri ilə yadda qalan partiya sədri Hafiz Hacıyevə tribuna verməkdə ittiham edirlər. Sizin bu məsələyə münasibətiniz necədir?


– Bilirsiniz, seçkilərdə nazmiədlərin qeydə alınmasını hakimiyyət təmin etmir. Namizədlərin namizədlikləri onlara dəstək imza vərəqələrini və digər sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etməklə qeydə alınır. Kimsə seçkilərdə namizədliyini irəli sürübsə, istənilən adam həmin qaydalar çərçivəsində namizədliyi qeydə alına bilər. Odur ki, kiminsə namizədliyinin qeydə alınmasında hakimiyyətin rolunun olması barədə fikirlərdə heç bir əsas görmürəm. Azərbaycanda seçkilər azad və demokratik şəraitdə keçirilir. İstənilən adam lazım olan müvafiq sənədləri toplayaraq, MSK-ya müraciət edə və namizədliyi qeydə alına bilər. Bu zaman heç kəs onlara mane ola bilməz. Misal üçün, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi olan cənab İlham Əliyevin namizədliyi artıq qeydə alınıb. Bunun üçün də partiyamızın fəalları imza toplayıb, müvafiq sənədlər MSK-ya təqdim olunub. Bunun kimi digər şəxslərin də namizədliyi eyni proseslə həyata keçirilir. Kimsə kimsəyə deyə bilməz ki, sən namizədliyini vermə və ya namizədliyin qeydə alınmasın.
Bu kimi məsələlərə Yeni Azərbaycan Partiyası yalnız öz üzvlərinin fəaliyyətilə bağlı şərh verə bilər. Ancaq bütövlükdə də siyasi mübarizədə etik normalardan kənar çıxışlar olursa, biz onun tərəfdarı deyilik. İstər siyasi partiya olaraq, istərsə də şəxs olaraq bu cür hallara qarşıyıq.
Siyasi mübarizədə söyüşlər və təhqirlərə qarşı müxalifətin istənilən qanadından hər hansı çağırışlar olarsa, biz onlara dəstək veririrk. Ona görə də seçkilərdə kim iştirak edirsə və təbliğat kampaniyasında hansı formada metodlar seçirsə, ona qiymət verəcək meyar vətəndaş və ona səsvermə bülletenində göstərdiyi münasibətidir. Bu aksiomadır və heç kəs inkar edə bilməz.
 
Ozal Mamedov
Sfera.az

OXŞAR XƏBƏRLƏR