\"Heç vaxt evdar xanım olmamışam\" - Leyla Quliyeva / MÜSAHİBƏ / VİDEO
Sfera.az aparıcı Leyla Quliyeva ilə müsahibəni təqdim edir.
- Öncəliklə, ənənəyə sadiq qalaraq işlərinizdən danışaq/
- Hazırda AzTV telekanalında iki layihənin aparıcısıyam. Biri məktəblilərlə, digəri böyüklərlə bağlıdır. Bu mövsümdə çəkilişlərə qatıla bilmədim. Çünki səhhətimdə bəzi problemlər var. Ancaq uşaqların çəkilişlərini bitirdim və ara verdim. Yəni, bir mövsüm olmayacam. Həmin mövsümdən sonra nə olacağını deyə bilmərəm.
- Səhhətinizdəki problem ciddi deyil?
- Xeyr, qətiyyən! Müəyyən bir müalicə dövrü lazım idi. Eyni dönəmə təsadüf etdiyi üçün gedə bilmədim. Çox istəyirdim, lakin buna icazə vermədilər.
- Ciddi verilişlər aparmaq xüsusi hörmət qazandırsa da, bu verilişləri izləyən kütlə çox məhduddur. Şou verilişi ilə gündəmə gəlməkdən çəkinirsiniz.
- Baxmayaraq ki, mən musiqi verilişləri ilə başlamışam, ancaq onu deyim ki, musiqi verilişimiz belə şou səciyyəsi daşımırdı. Ona da ciddi tərəfdən yanaşırdıq. Bunun səbəbini bilmirəm. Mənim üçün reytinq toplamaq, kütlə nəyi istəyirsə, onu etmək kimi tendensiyalar yaddır. Ürəyimə yatmayan bir şeyi dəbdədir deyə geyinmərəm. İndi bu sahəyə verdiyim illər, enerjim və təcrübəm imkan verir ki, özüm öz yönümü seçim. Buna ixtiyarım var.
- Çox say-seçmə toylarda sizi aparıcı kimi görmək olar. Hansı halda toyu qəbul edirsiniz?
- Bir çox toylara çağırırlar. Ancaq xüsusi həssaslıqla toyları seçirəm. Bu, sırf kommersiya məsələsidir. Mənim potensialımı heç vaxt açmayan sahədir. Bu, əsas qayə deyil. Mənə deyirlər ki, biz sizə zəng etdik amma bilirəm ki, siz nadir halda təklifi qəbul edirsiniz. Toyda mənimlə yan-yana duracaq həmkarıma baxıram, toy sahiblərinə nəzər yetirirəm. Tədbir mənə uyğundursa, gedirəm.
- Tərəf müqabilinizi də seçirsiniz?
- Təbii ki, seçirəm. Məni hansısa tədbirə dəvət edirlərsə, mütləq tərəf müqabilimi soruşuram. Tərəf müqabilimdən razı deyiləmsə, onu işindən etmərəm. Özüm çəkinərəm. Ancaq elə həmkarlarım var ki, bunu edirlər. Öz qazancları üçün başqasının işini əlindən alırlar. Mən özümə yaraşdırmıram, ayıbdır, çirkinlikdir. Şəxsiyyətimə yaraşmaz.
- Bu qədər həssas yanaşırsınızsa bu məsələyə, deməli, həmkarlarınızla müqayisədə qiymətiniz daha yüksəkdir
- Maddiyyatdan danışmaq istəməzdim. Onsuz da nə qədər də çalışsan, dünyanın bütün pullarını qazana bilməzsən. Bu bir qaydadır. Pul qazanmaq olar, ancaq hansısa sənə uyğun olmayan məclisə gedib qazandığın imicə zərbə vuracaqsansa, o imici heç bir pulla yenidən bərpa edə bilməzsən. 2012-ci ildən toya aparıcı kimi gedirəm. Özü də mənə gələn dəvətlər o qədər hörmətli şəxslərdən olub ki, onları qıra bilmədim, bilməzdim. Mən aparıcılıqdan savayı Atcılıq Federasiyasının Beynəlxalq Əlaqələr Departmentinin rəhbəriyəm və bununla yanaşı, PR marketinq şirkətim var. Ona görə də, əsas qazanc mənbəyim aparıcılıq deyil.
- Ən çıxılmaz anınız hansı olub?
- Hamımızın həyatında təzadlı anlar olub. İş yerini dəyişəndə, övladlarınla bağlı, yaxud özünlə bağlı qərar verəndə. Sizə deyim ki, hər vəziyyətdən iki çıxış yolu var. İki çıxış yolu daim sənin üçün var. Ya irəli, ya da geri gedəcəksən. Bu artıq sənin məsləhət aldığın adamdan asılıdır.
- Ən çıxılmaz anda kimə söykənirsiniz?
- Ailəmə və yalnız ailəmə.
- Çətin insansınız. Həm dəli-dolu və həm də dərinsiniz. Bu xasiyyətiniz həyat yoldaşınızla tarazlaşırmı?
- Mənfi-müsbət məsələsi var. Bir-birini cəzb etmək məsələsi. O da öz dünyasına gedən, çılğın bir insandır. Məni çılğınlıq həddinə çatdırmaq heç də asan məsələ deyil. Hər hansı uğurun sevincini çox çılğın şəkildə göstərə bilərəm. Amma əsəbiləşmək məsələsi tamami ilə fərqlidir. Mənim əsəbiləşməyim yatmış vulkanın sönməyinə oxşayır. Təmkinli adamın özündən çıxması, güclü kişinin ağlamasına bərabərdir. Yoldaşım çox təmkinlidir. Ancaq mənim kimi romantik, tənhalıq kimi istəkləri yoxdur. Ailədə biri bu diaqnozla olar.
- Həyat yoldaşınızda sizi cəlb edən nədir?
- Ailəm haqda danışılmasını sevmirəm. Əslində, bu günə qədər də danışmamışam. İndi bir kəlmə onu deyəcəm ki, əsl kişi olaraq hansı xüsusiyyətlər varsa, çox xoşbəxtəm ki, həyat yoldaşımda hamısı toplanıb. Övladlarına gözəl ata, mənə gözəl həyat yoldaşıdır. Allah hamını maddi qazancından aslı olmayaraq xoşbəxt etsin. Düşünün, işdən, tədbirdən ya toydan çıxmısınız və evə gəlirsiniz. Qapını açıb, özünlə olacaqsansa, nə mənası var? "Təbrik edirəm uğurlu çıxış etdin", yaxud "bu gün nəsə xoşuma gəlmədi" - deyən biri yoxdursa, nə mənası var?
- Hansı yanlışınızdan peşmansınız?
- Bir çox insanlara lazım olandan daha çox dəyər verdiyim üçün peşmanam. Bəli, var məndə belə xasiyyət. Ona görə son zamanlar ətrafımı məhdudlaşdırmışam. Düzdür, işimə görə çox insanla tanış oluram, lakin yaxın buraxmıram. Mən qarşımdakı insana tam güvənmək istəyirəm. Yəni insanlarda yanılıram. Buna görə də, məni böyük kütlələrin arasında görməzsiniz.
- Səhv yönləndirənlər çox olub?
- Biz elə sahədə çalışırıq ki, belə hadisələrlə tez-tez rastlaşırıq. Amma bizim də beynimiz boş deyil. Hər halda insanları tanıya bilirik. Hamımızın səhvləri vardır. Deyir, kimin günahı yoxdursa, mənə bir daş atsın. Hansımızın günahı yoxdur?
- Məqsədinizə çatmağa çox qalıb?
- Məqsədimə çatdığım an həyat mənasını itirəcək. İstək və maraq öləcək. Mən hesab edirəm ki, hələ də öz potensialımı tam göstərə bilmirəm. Təhsil mənasında ümumiyyətlə, özümü yarımçıq hiss edirəm. Baxmayaraq ki, bakalavr və magistr təhsili almışam. Deyəcəksiniz ki, 30 yaşında insan hələ də oxumaq haqda düşünür? Bəli, bir sözlə, məqsədimə çatdığım andan çox qorxuram. Çatdım, bitdi həyat? İndi nə olacaq?
- Bu qədər işin arasında evə lazımi qədər vaxt ayıra bilirsiniz? Evdə evdar xanım, işdə Leyla Quliyeva olmaq çətin deyil?
- Yox, mən evdar xanım deyiləm, olmamışam da. Evdə heç olmuram. Səhərlər ancaq ailəmlə birlikdə oluram. Kimin nə dərdi olduğunu, nə yediklərini, hara getdiklərini hər səhər maraqlanıram. Yaxşı ki, analar var. Yoxsa, heç nəyi çatdıra bilməzdim. Təbii ki, uşaqlarıma lazım olduğum vaxtlarda işə getməmişəm və onlarla məşğul olmuşam. İndi də onların məsələləri mənim üçün ilk sıralardadır. Həyatım artıq belə tənzimlənib.
- Bu sahədə təcrübəsi olan bir insan kimi Azərbaycanda aparıcılıq sənətindəki qüsurlardan danışın.
- Azərbaycanda müasir televiziya tendensiyalarını bilən çox az adam tanıyıram. Bəlkə də əsas problemimiz budur. Müasir və daha yaradıcı televiziya tendensiyaları ilə ayaqlaşa bilmirik. Bəzi ölkələrin 70-80-ci illərdə keçdiyi yolu biz hələ indi keçirik. Çox böyük əksəriyyət bu qaydalardan xəbərsizdir. Mən isə heç kimi tənqid edəcək deyiləm. Çünki mən özüm də hələ öyrənirəm. Bilirəm ki, yeni layihə etmək istəyən həmkarım hansı problemlərlə qarşılaşır. Biri reytinq toplamamaqdan çəkinir, o biriisi sponsor tapa bilmir. Onları yaxşı başa düşürəm.
- Dünya ölkələrində kütləni yönləndirən televiziya kanallarıdır. Bizdə isə...
- Bizdə isə əksinədir. Kütlə televiziya və verilişləri yönləndirilir. Televiziya, radio və mətbuat kütlədə rəy formalaşdırmalıdır. Ancaq biz sözümüzü demək istəyəndə hara üz tuturuq? Təbii ki, internetə. Bir çox hallarda insanlar televiziyaya reklam verməkdənsə, interneti seçirlər. Gəl, "Facebook"-a, "İnstaqram"a, yaxud oxunan saytlara verək.
- Məşhurluq məfhumu nədən ibarətdir?
- İşimin tərkib hissəsi. Məşhur olmayan, dağ kəndlərinin birində həyatını uşaqların təhsilinə həsr edən o qədər gözəl müəllimlər var ki, bizdən daha faydalıdırlar. Hərbi hissələrdə tibbi yardım göstərən o qədər həkimlər var ki, bizdən daha faydalıdırlar. Yalnış anlamayın, işimizi alçaltmıram. Ancaq məşhurluq anlayışı bizim işimizin verdiyi bir şansdır.
- Adınızın ilk dəfə insanların dilində səslənməsi, məşhurluq sizə nələr gətirdi? Özündənrazılıq yarandımı?
- Mən televiziya sahəsinə gələndə 19 yaşım var idi. Yay tətilindən sonra ikinci kursa başlayanda artıq universitetə aparıcı kimi qayıtmışdım. Çünki həmin ərəfədə İctimai Televiziyanın açılış konsertinin aparıcısı olmuşdum. Bir sözlə, bu dəfə qayıdanda bir müddət insanlara "siz nə ilə məşğulsunuz burda? Mən televiziya aparıcısıyam, məşhuram" kimi nəzərlərlə baxırdım. Sadəcə sonra anlayırsan ki, bu sənin işindir. Bununa heç kimdən artıq deyilsən.
- Məşhurluğunuz köməyinizə gəlirmi?
- Daim tanıdıqlarına görə insanlar mənə hörmətlə yanaşır. Hələ olmayıb ki, kimsə artıq-əksik nəsə danışsın. Bilmirəm, bu hər kəsdə belədir ya yox. Açığı bəzi həmkarlarıma qarşı saytlarda təhqirlər görürəm. Bu hala çox acıyıram. Tənqid də eləmirlər, birbaşa təhqir edirlər. İnsanın keçmişinə, kimliyinə toxunmaq qeyri-etikdir. Bu situasiyanı isə insan özü yaradır.
- Hər kəsin həyatında bir boşluq, bir çatışmazlıq olar.
- Heydər Əliyev Sarayı ilə Akademik Milli Dram Teatrı arasında olan Qış parkı var. Mən 1986-cı ildən 2010-cu ilə qədər Qış parkı olan məhlələrdə yaşamışam. Orada ailə qurmuşam. Yəni həyatımın əsas mərhələləri orada keçib. Ordan köçdüyüm andan etibarən indiyə qədər yuxu görürəmsə, evlə bağlı, məişətlə bağlı fərq etmir. Yuxumu ancaq orda görürəm. Bütün uşaqlıq xatirələrim həmin məhlələrdə qalıb. Nənəm də dünyasını orda dəyişib. Nənəli günlərimlə bağlı ən gözəl xatirələr orda qaldı. Düzdür, indi ondan da yaxşı yerdə yaşayıram, ancaq həyatımın strukturu orda qurulub.
- Deməli, boşluğunuz doğma məhlənizə olan həsrətdir.
- O vaxt lap içəri məhlələrlə qalxanda belə tanıyırdılar səni. Bilirdin ki, sən burda təhlükəsizsən. Hamı səni tanıyır və qoruyur. Məhlə uşağı, məhlə ənənələri də elə o illərlə birlikdə yox olub getdi, itdi. İnsan çox nadir hallarda şeir yazmaq istəyir. Mən də bununla bağlı şeir yazmışam. Özü də bu şeiri heç yerdə oxuyan deyiləm. Sadəcə bu anın hökmü bunu gərəkdirdi.
- Şeiri nə zaman yazmısınız?
- Bu şeri 2012-ci ildə yazmışam. Və mən Vaqifin əsərlərini çox sevirəm.Vaqifin əsərləri mənim üçün Bakıdır. Vaqif Mustafazadə, Hacıbaba Hüseynov, Emin Sabitoğlu, Tofiq Quliyevin əsərləri necə başqa şəhərə aid ola bilər? Çox yaxşı başa düşürəm, doğma torpağından uzaq düşən soydaşlarımızı. Mən hələ yaxınam, nə vaxt istəsəm gedib görə bilirəm. Ancaq bunu görə bilməyənlər tamamilə başqa cür nisgil çəkir. Oranın daşı-torpağı, qoxusu, insanları, sehri hər şey çox fərqlidir.
- Həyat hər cür sizi o məhləylə bağlayır.
- Elədir. Bu gün mənə yaxın olan bir rəfiqəm var. O həm rəfiqəmdir, həm iş partnyorumdur. Onun evi həmin məhəllədədir. Demək olar ki, hər gün onun evinə gedirəm, hər gün o məhlədəyəm. Onun eviylə köhnə evim arasında bir tin məsafə var. Arzularımız bizi özüylə aparır. Bir şeyi ürəkdən istəyəndə mütləq alınır
- Amma belə şeiri yazmağın da öz qaydası, öz aurası, ovqatı var.
- Mən tək qalmağı xoşlayıram. Elə həqiqətlər var ki, kütlə arasında özünü tapa bilməzsən. Özünü tapmaq üçün, gərək tək qalasan və nöqsanlarını görəsən.Tək qalanda kütlə içində boynuna ala bilmədiyin həqiqətləri qəbul edirsən. Çox əsərlər tənhalıqda yazılıb. Ancaq onu da deyim ki, hətta özümüzü tam tənha sandığımız anlarda belə tək deyilik.
- Reallaşmayan hansı arzularınız var?
- Reallaşmayan arzularım var, çünki onları ürəkdən istəməmişəm. Balaca olanda çox istəyirdim opera müğənnisi olum. Özü də Xuraman Qasımovadan dərs almışam. Ancaq indi deyirəm ki, nə yaxşı olmamışam. Bəlkə də orda özümü təsdiq edə bilməzdim. Biz öz həyatımızın həm rejissoruyuq, həm dirijoruyuq. Çox şeyi özümüz həll edirik.
- Uşaqlıq illərinə dair xatirəniz
- Mən vokal dərslərinə gedirdim. Musiqiylə ciddi məşğul idim. 9-cu sinifdə oxuyurdum. Bakıya Roma Papası gəlmişdi. Bütün istedadlı uşaqları yığırdılar. Mənə də 35 saylı musiqi məktəbindən Yusif müəllim yaxından yardım, himayədarlıq etdi. Ondan soruşdular ki, vokalçın var? Və o məni təklif etdi. Beləliklə, Roma Papası və Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin qarşısında çıxış etdim. Yəni həyatım musiqi ilə bağlıdır. Zaman-zaman dostlarım üçün oxuyuram.
- Bir ana kimi cəmiyyət üçün övladlarınızı necə tərbiyyə edirsiniz? Necə yönləndirirsiniz?
- Onlar çox balacadırlar. İstəyirəm yıxıla-yıxıla böyüsünlər. İstiqamət verirəm. Bu pisdir, bu yaxşıdır deyirəm. Lakin uşağın xarakterini sındırmaq olmaz. Sözün açığı, qızımla daha çox söhbət edirəm. 7 yaşı var və məktəbə gedir. Oğlumun isə 4 yaşı var. Onun xoşuna gəlmir ağlamaqdan, yaxud üstünə acıqlanılmasından. Mən də üstünə getmirəm ki, kişi xasiyyəti formalaşsın. Biz bir çox mənəvi dəyərlərin maddi fonda uduzduğu vaxtda yaşayırıq. Əlimdən gələni edəcəm ki, uşaqlarım insanları maddi sosial vəziyyətinə görə dəyərləndirməsinlər.
Çox vaxt uşaqların arasında söhbət gedir: "Sənin telefonun hansındandır? Atan hansı avtomobili idarə edir? Sən hansı məktəbdə oxuyursan?” İstəmirəm övladım buna görə insanlara dəyər versin. Düzdür, bəlkə buna görə övladlarım gələcəkdə acı çəkəcək. Ancaq doğru formalaşacaq.
- "Eurovision”-un həyatınızdakı rolu
- Müstəsnadır. 2006-2012 ci illərdə "Eurovision" adlı böyük bir yarışmanın tərkib hissəsi oldum. 2006-cı ildə çox dəyərli həmkarım Murad Ariflə ilk dəfə şərh etdik. Birinci dəfə idi ki, Azərbaycan dilində şərh edəcəkdik. Çox həyəcanlı idik. O qədər müfəssəl bir məlumat öyrənmişdim ki, o, bu gün də yadımdadır. Birinci yarımfinalı gecə saat 4-ə qədər şərh etdik. Səhər durdum, Murad dedi ki, bizi yıxıb-sürüyüblər. Bizi tənqid etmişdilər. İkinci dəfə ilk dəfə olan enerjini verə bilmədik. Rəhbərlik gəldi dedi ki, "niyə düşdünüz? Sizə nə olub?” Ancaq bundan sonra yenidən biz dirçəldik.
- Qalib olduğumuz ildəki həyəcanınız səsinizdən bəlli idi.
- 2011-ci ildə yarışmanı şərh edərkən qışqırmağım, sevincim, səsimin xırıldaması hamısı təbii idi. Axı necə həyəcansız olmaq olar? Oturmusan böyük arenanın içində, görürsən Eldar və Nigarı, hər tərəfdə Azərbaycanın bayrağı, düşünün, burda necə reaksiyasız olmaq olar? Deməli, qalib gələn ölkənin şərhçisi səhnəyə düşür və qaliblərdən ilk müsahibəni o almalıdır. Mən bu qaydadan xəbərsiz idim. Oturmuşam kabinetdə, başımı qucaqlamışam, hisslərim bir-birinə qarışıb. Alman kişi gəlib dedi ki, düşüb müsahibə almalısan. Mən də deyirəm ki, səhnəyə enəcək halda deyiləm. Gəlmişəm səhnəyə, Eldar və Nigarla qucaqlaşıb, ağlaşırıq. İndi müsahibə almalıyam, bilmirəm nə sual verim. Bax bütün bu mərhələ mənim həyatımda, kariyeramda əsas hissəni təşkil edir.
Metbuat.az