COVID pandemiyasından sonra gənclərdə bu XƏSTƏLİKLƏR ARTIB – Terapevt kardioloq Arzu Bəydəmirova

COVID pandemiyasından sonra gənclərdə bu XƏSTƏLİKLƏR ARTIB – Terapevt kardioloq Arzu Bəydəmirova

Ürək xəstəlikləri səbəbindən ölüm hallarının artması son zamanların aktual problemlərindən biridir. Bu tip xəstəliklərin yaranmasının səbəbləri ilə bağlı Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının terapevt kardioloqu Arzu Bəydəmirova Sfera.az-ın suallarını cavablandırıb.

 

Müsahibəni təqdim edirik:

 

- Son zamanlar ürək, qan-damar xəstəliklərinin artdığı və bu problemdən daha çox kişilərin əziyyət çəkdiyi deyilir. Qadınlara nisbətən kişilərin ürək xəstəliklərindən dünyasını daha çox dəyişdiyi iddiası doğrudurmu?

 

- Son dövrün qlobal problemlərindən biri ürək, qan-damar xəstəlikləri və bu səbəbdən ölüm saylarının artmasıdır. Statistika göstərir ki, 35-45 yaş dövründə Azərbaycanda kişilər arasında ürək, qan-damar xəstəliklərinə rast gəlinmə tezliyi artıb. Müəyyən yaş dövründən sonra qadın və kişi orqanizmində hormonal spektrdə gedən balansla əlaqədar dəyişikliklər baş verir ki, bunun nəticəsində də belə xəstəliklər yarana bilir. Kişilərdə kişi hormonlarının çatışmazlığı, qanda laxtalanmanın aktiv getməsi, arterial təzyiqin müalicəyə cavab verməməsi, dərman preparatlarından geniş şəkildə istifadəsi bu xəstəliklərin artmasına gətirib çıxarır.

 

35-45 yaş aralığındakı kişilərdə endokrin hormonal disbalans başlayır. Amma qadınlarda bu dövr estrogen cinsi hormonların kəmliyi vaxtına, yəni 55 yaş və ondan sonrakı dövrə təsadüf edir. Odur ki, 45 yaşında kişi ürək ağrısından şikayətlənirsə, onun üçün daha çox təlaşlanıram, nəinki 45 yaşındakı qadın üçün. Bu, qadında isterik ola bilər, əsəb gərginliyindən yarana bilər. Kişilərdə problem daha ciddi olsa da, onlar buna laqeyd yanaşır.

 

- Ürək xəstəliklərinin ilkin əlamətləri nədir? Yəni hansı mərhələdən sonra daha diqqətli olmalıyıq?

 

- Döş sümüyündən sol tərəfdə, sol kürək ağrılarımız varsa, bu ağrılara səthi yanaşmaq olmaz. Ürək ağrısı “bu da keçər” yanaşmasını qəbul etmir. Amma ilkin mərhələdə ilk müdaxiləni etmək lazımdır. Təkmillləşmiş həkim yardımına qədər isə xəstə özünə yardım etməyi bacarmalıdır. Məsələn, biz ürək xəstəliklərindən əziyyət çəkən xəstələrimizə daima yanlarında müəyyən dərman preparatlarının olmasını tövsiyə edirik.

 

- Qadınlarda bu qəbildən olan xəstəliklər hansı dövr üçün risklidir?

 

- Qadınlarda ürək xəstəliklərinin ağırlaşmasına səbəb yanaşı xəstəliklərin olmasıdır. Məsələn, şəkərli diabetdən əziyyət çəkən xəstə arterial xəstəlikdən əziyyət çəkdiyi halda, qanda qlükozanı stabil saxlaya biliriksə, o zaman areterial təzyiq qorxulu deyil. Əgər qanın göstəriciləri 180-200-dən yuxarıdırsa, o zaman arterial təzyiqi endirmək çətin olur və bu da fəsadla nəticələnir.

 

- Təəssüf ki, ürək, qan-damar xəstəliklərindən ölüm hallarının yaşı cavanlaşır. Gənclərdə bu xəstəliklərin əsas səbəbləri nədir?

 

- COVID pandemiyasından sonra gənclərdə kardioloji problemlərin artdığını müşahidə edirik. Bu da xüsusən ritm pozğunluğu, qeyri-bərabər ürək vurğuları ilə müşahidə olunur.  Təəssüf ki, gənclər bu kimi hallara laqeyd yanaşırlar. Eyni zamanda, əgər ana-ata, dayı, xala, yaxud əmidə kardioloji problemlər varsa, belə gənclər mütləq kardioloqa müraciət edib, müayinədən keçməlidirlər. Məni gənclərlə bağlı narahat edən ikinci məsələ isə onlar arasında energetik içkilərin sistematik qəbuludur. Gənclər bunu yuxusuzluqdan əziyyət çəkməsinlər deyə, etdiklərini deyirlər. Lakin həm kofe, həm də belə içkilər miokardın adrenalinə qarşı həssaslığı artırır. Bunun sonu isə ritm pozğunluğu ilə nəticələnir. Ona görə də belə içkiləri qəbul etməkdən çəkinmək lazımdır.

 

- Arzu xanım, son olaraq, gündəlik həyat tərzində diqqət yetirməli olduğumuz məqamlar hansılardır?

 

- Qanın laxtalanması təzyiqin enməməsi ilə nəticələnəndə bu, beyin insultunun yaranması ilə nəticələnir. Belə olan halda vaxtında həkimə müraciət edilməməsi ölümlə nəticələnir. Xəstə ritm pozğunluğundan, arterial təzyiqdən əziyyət çəkirsə, mütəmadi dərmanlarını qəbul etməlidir. Bakıda geomaqnit qasırğalarının tez-tez baş verməsi, havanın dəyişkənliyi, həyat tərzimizin qeyri-stabilliyinə uyğun olaraq, dərman dozasını qəbul etmək lazımdır. Məsələn, bu gün daha çox əsəbiləşib gərgin olmuşuqsa, daha az maye qəbul etmişiksə, qəbul etdiyimiz dərman dozası əvvəlki günlərdən fərqlənməlidir. Bu kimi hallara diqqət yetirilməsə, ritm pozğunluğu, tromboz, yaxud digər fəsadlar müşahidə oluna bilər. Fəsadlar isə ölümlə nəticələnir. Bir fransız alimi isə deyir ki, ürək ağrısı birinci və sonuncu ola bilər.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Yubilyarın profili: Qüdrət Həsənquliyev-60!

Tarixin sətirləri arasında gizlənən həqiqətləri tapmaq, o gerçəkliklərin yaranmasında və yayılmasında rol oynamış şəxsiyyətlərin profilini çizmək asan olmadığı ...

Bakıda bağırsaq yuyulmasından vəfat edən Ceyhunun anası DANIŞDI

Yanvarın 21-i 37 yaşlı Ceyhun Süleymanov adlı şəxs müayinə olunmaq üçün özəl klinikalardan birinə gedib, lakin bir neçə saat sonra dünyasını dəyişib.   ...

Yaşayış binasındakı yanğında xəsarət alanların SON DURUMU

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 28.01.2025-ci il tarixində saat 18:03-də Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmər...

Sürücülərə ŞAD XƏBƏR: yeni yollar çəkiləcək, tıxaclar azalacaq

"Gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğr...

Cənubi Koreyanın hava limanında təyyarə yandı: 170-dən çox insan təxliyə edildi

Cənubi Koreyanın Gimhae beynəlxalq hava limanından Honq-Konqa uçan “Air Busan” təyyarəsində yanğın baş verib. Bu barədə Yonhap xəbər agentliyi məlum...

Bu gün Azərbaycanda seçkilərdir

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.   Sfera.az xəbər verir ki, 118 seçki dairəsi üzrə 685 bələdiyyəyə 8071 üzv seçiləcək.   ...