“Nə qədər ki Putin hakimiyyətdədir, Qarabağ problemini başa çatdırmalıyıq” - Qüdrət Həsənquliyev
“Regionda geosiyasi dəyişikliklər o qədər sürətlə baş verə bilər ki, 2025-ci ili gözləməyə ehtiyac qalmaz”
Sfera.az xəbər verir ki, bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:
– Qüdrət bəy, xoş gəlmisiniz. Sizi redaksiyamızda görmək çox xoş oldu.
– Xoş gördük. Təşəkkür edirəm. Öncə qısa müddət ərzində belə uğurlu sayt yaratdığınız üçün sizi və kollektivinizi təbrik edirəm. Globalinfo.az artıq özünü təsdiq edib. Oxunaqlılığı ilə seçilir, həmçinin öz dəsti-xətti var. İnanıram ki, mövqeyinizi bu şəkildə qoruyub saxlaya biləcəksiniz. Daha böyük uğurlar qazanacağınıza əminəm.
– Çox sağ olun, Qüdrət bəy.
– Buyurun.
– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində mətbuata açıqlamasında Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları barədə sualı cavablandırarkən deyib: “Burada razılaşma ondan ibarətdir ki, 2025-ci ilə qədər Rusiya sülhməramlıları təyin olunmuş yerlərdə qalacaq. 2025-ci ildə Rusiya ərazini tərk edəcək. Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram. Qardaşım İlham Əliyev də məsələni diqqətlə izləyir”. Sanki Türkiyə prezidentinin açıqlamasında müəyyən bir narahatlıq hiss olunur. Necə düşünürsünüz, Rusiya 2025-ci ildə sülhməramlı kontingentini Azərbaycandan çıxarmaya bilər?
– Hər şey Türkiyə və Azərbaycanın 2025-ci ildə nə qədər qətiyyətli mövqe ortaya qoymasından və beynəlxalq vəziyyətdən asılı olacaq. İndidən 2025-ci ildə nə baş verəcəyinə dair birmənalı nəsə demək doğru olmaz. Mən bu yaxınlarda da müsahibələrimin birində söylədim ki, regionda geosiyasi dəyişikliklər o qədər sürətlə baş verə bilər ki, biz heç 2025-ci ili gözləməyə bilərik. Amma mövcud vəziyyət davam edərsə 2025-ci ili gözləməliyik ki, Rusiya öz nüfuzunu qorumaq üçün bizimlə münaqişəyə girməsin.
Həmişə söyləmişəm, Rusiyada hansı siyasi rejimin olmasından asılı olmayaraq Azərbaycan-Rusiya əlaqələri dost və qonşuluq münasibətlərinə əsaslanmalıdır. Çünki bu gün Rusiyada iki milyona qədər azərbaycanlı yaşayır. Bundan başqa, orada müsəlman-türk xalqlarının da yaşadığını unutmamalıyıq. Rusiya Azərbaycan üçün həm də böyük bir əmək və kənd təsərrüfatı məhsulları bazarıdır.
Rusiya təbii sərvətlər ilə zəngin bir ölkədir. Azərbaycan bir çox məhsulları, xüsusilə də metal, taxta-şalban və s. bu ölkədən idxal edir. Buna görə də çalışmalıyıq ki, Rusiya ilə münasibətlərimiz həmişə yaxşı olsun. Lakin bu o demək deyil ki, Azərbaycan buna görə hansısa dövlət marağından geri addım atmalıdır.
Hesab edirəm, bu gün Qarabağda işğala son qoymaq və ərazi bütövlüyümüzü təmin etmək üçün əlverişli zamandır. Biz Qarabağdakı rejimi `separatçı` deyil, `işğalçı rejim` adlandırmalı, işğalın nəticələrini aradan qaldırmalıyıq.
Hazırda böyük güclərin başı Ukraynadakı müharibəyə qarışıb. Azərbaycan bundan istifadə etməlidir. Ərdoğan da məlum açıqlaması ilə əslində Paşinyana mesaj göndərir ki, düşünməsinlər 2025-ci ildən sonra da sülhməramlılar Qarabağda qalacaq və işğalçı rejim de-fakto fəaliyyətini davam etdirəcək. Ərdoğan bu açıqlaması ilə Ermənistanı danışıqlarda daha konstruktiv olmağa çağırır. O ki qaldı bu açıqlamanın Türkiyə ilə Rusiya arasında münasibətlər təsirinə, mən düşünmürəm ki, bu münasibətlərə ciddi təsir etmiş olsun. Çünki Rusiyanın hazırda Türkiyəyə ehtiyacı var. Qərbin sanksiyalar tətbiq etdiyi bir zamanda Rusiyanın Türkiyə ilə münasibətləri pozması rəsmi Moskvanın mövqelərini daha da zəiflədə bilər.
– Qüdrət bəy, Azərbaycan və Türkiyə yeni geosiyasi konfiqurasiyanın qurulmasında paralel iştirak edirlər. Azərbaycanın Rusiyanın geopolitik təsirindən qopardılaraq Qərbə inteqrasiya prosesi gedir. Ermənistanla Azərbaycan arasında sülh prosesi istiqamətində danışıqların da əsasən Qərb paytaxtlarında getməsi bunu deməyə əsas verir. Görünən mənzərə budur ki, Qərb prosesin bu kontekstdə icrasında və təşəbbüsü üzərinə götürməkdə maraqlıdır. Sizin proses ilə bağlı görüşünüz necədir?
– Təəssüf ki, Rusiya Cənubi Qafqazda mövcudluğunu hərbi iştirakda görür. Yumşaq gücdən istifadə metodlarını Rusiya mənimsəməyib. Rusiya daha çox istəyir ki, konflikt, gərginlik olsun və tərəflər bu ölkədən asılı vəziyyətdə qalsın. Ancaq bu metod daha işə yaramır. Çünki xalqlar, xüsusilə qonşular həmişə qarşıdurma şəraitində yaşaya bilməzlər.
Lakin mənim münaqişənin tarixindən öyrəndiyim və hər zaman səsləndirdiyim bir fikir var ki, Qərbdən ədalətli mövqe sərgiləməsini gözləmək daha absurddur, nəinki Rusiyadan. Rusiya Azərbaycanı və Türkiyəni itirməmək naminə ədalətli mövqe sərgiləyə bilər. Hesab edirəm, buna görə Rusiya ilə işləməli, danışmalıyıq və onu inandırmalıyıq ki, bizimlə dost olmaq üçün münaqişənin həllinə mane olmamalısan, əksinə, kömək etməlisən. Ermənilər vaxtilə Qərbin də təhriki ilə Rusiyadan dəstək alıb torpaqlarımızı işğal etdi. Vaxtilə Mixail Qorbaçov, Boris Yeltsin kimi Rusiya rəhbərləri Qərbdən asılı idi. Bu şəxslər Qərbin təhriki ilə Azərbaycana qarşı çox ədalətsiz olub, separatizmi və işğalı dəstəkləyiblər.
Azərbaycanda bir çoxları Qarabağ üzərində suverenliyimizin bərpasını Putinin hakimiyyətdən getməsində görürlər. Hesab edirəm ki, çox yanlış düşüncədir. Putin hakimiyyətdən getsə və onun yerinə Yeltsin kimi Qərb meyilli bir lider gəlsə, Qərb ona təzyiq edəcək ki, Ermənistana hərbi yardım etsin. Nə qədər ki Putin hakimiyyətdədir, çalışmalıyıq Qarabağ probleminin həllini başa çatdıraq.
Qərbdə islamafobiya və xristian həmrəyliyi, o cümlədən erməni lobbisi faktoru var. Qərb siyasi sistemi də artıq korrupsiyalaşıb. Bunu gizlətmək mümkün deyil. Bugünkü Qərb cəmiyyəti ifrat liberallaşma səbəbindən güclü liderlərin ortaya çıxmasını az qala mümkünsüz edib. Ukrayna müharibəsi fonunda bunun necə böyük fəlakətə səbəb olduğunu hər kəs görür. Qərb liderləri qətiyyətli mövqe sərgiləyib vacib qərarların qəbul edə bilmirlər.
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan güclü, xarizmatik liderlər kimi işğala son qoyulması şansını qaçırmamalı, Putinlə daha intensiv işləməlidirlər.
– Sizcə, Ermənistan ilə Azərbaycan arasında yekun sülh sazişi hansı gücün moderatorluğunda, kimlərin iştirakı ilə harada imzalanacaq?
– Mən çox istəyərdim ki, problemin həllində region dövləti kimi, Rusiya və Türkiyə iştirak etsin. Sonrakı dövrlərdə Kremlin yaranı qanatmaması üçün buna ehtiyac var.
Düzdür, bəzən elə məqamlar olur ki, dövlətlər üzərlərinə götürdükləri öhdəliklərdən imtina edib onu poza bilirlər. Misal üçün, 1994-cü ildə Rusiya ABŞ və Britaniya ilə Budapeşt memorandumuna imza atmaqla Ukraynanın ərazi bütövlüyünə təminat vermişdi. Lakin bu gün özü Ukraynanın ərazi bütövlüyünü pozur.
Amma özü başqa dövlətləri üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandırır. Misal üçün, Türkiyənin “Azov” komandirlərini Ukraynaya qaytarması Rusiyada narazılığa səbəb olub. Türkiyə öhdəliklərinə sadiq ölkədir. Əgər bu gün “Azov” komandirləri Ukraynaya qaytarılıbsa, deməli, bizim bilmədiyimiz məsələlər var. Ya bu, Rusiyanın hansısa addımlarına qarşı atılan cavabdır, ya da Rusiya ilə razılaşdırılmış bir addımdır. Bu məsələnin də təfərrüatlarını müəyyən zaman keçəndən sonra biləcəyik. Bu olayın da iki ölkə arasında gərginliyə, münasibətlərin korlanmasına səbəb olacağını düşünmürəm.
– Qüdrət bəy, Türkiyə-Azərbaycan münasibətlərini hazırkı mərhələdə necə qiymətləndirirsiniz?
– Bu yaxınlarda parlamentdə çıxışım zamanı dedim ki, biz Türkiyə ilə Avropa Birliyi modelində bir ittifaq qurmalıyıq. Vahid gömrük sərhədləri, valyuta, sərbəst gediş-gəliş olmalıdır. Baxın, macar, alman, fransız, çex bunu fərqli millətlər olaraq bacara bilibsə, niyə dini, dili və milli mənsubiyyəti eyni olan biz bacarmayaq?! Həm də bu bir baza rolunu oynaya bilər ki, gələcəkdə digər türk və slavyan dövlətləri də buna qoşular.
Avropa Birliyinin formalaşması da vaxtilə Fransa və Almaniya arasında imzalanan “Polad sazişi”nə əsaslandı. Sonra bu sazişə digər dövlətlərin qoşulması ilə formalaşdı. Hesab edirəm, etibarlı və təhlükəsiz gələcəyimiz naminə biz də buna nail ola bilərik.
Slavyan ölkələrin bu birliyə qoşulması həm də Rusiyanın daxilində olan türk xalqlarının da bizimlə vahid siyasi-hüquqi məkanda olması deməkdir. Mən gələcəkdə İranın da bu təşkilata qoşula biləcəyini mümkün hesab edirəm.
Bu, İranda necə bir hakimiyyətin, siyasi rejimin olmasından, farsların bizimlə bir dövlətdə olub-olmamaq istəyindən asılı ola bilər. İranda – Güney Azərbaycanda 30 milyona qədər soydaşımız, farslarla min illik tarixi-mədəni əlaqələrimiz var, bunu unuda bilmərik.
– Siz İran məsələsinə toxundunuz. Bu gün İranın bölünməsi həm beynəlxalq birliyin masasında, həm də bu ölkədəki etnik azlıqların düşüncəsində var…
– Düşünmürəm ki, Qərb İranı bölmək istəyir. Belə bir plan olsa idi, biz bunun əlamətlərini görərdik. Məncə, hazırda İranın demokratikləşməsi Qərbi daha çox maraqlandırır.
– Şərqdə ümumiyyətlə demokratik bir sistem qurmaq mümkündür? Belə bir nümunə varmı?
– Bəli, var. Türkiyəni buna misal kimi göstərə bilərik. Türkiyədə müəyyən çatışmazlıqların olmasına baxmayaraq orada demokratik, azad cəmiyyət var.
100 il öncə Mustafa Kamal Atatürk Türkiyədə demokratik bir sistemin əsasını qoydu. İranda da belə bir sistem qurula bilər. İranın minillik dövlətçilik təcrübəsi var. Orada yaşayan xalqların gen yaddaşında dövlətçilik ənənəsi oturub. Mən demirəm, bu asan bir proses olacaq, amma bu baş verə bilər. İran dünyəvi, demokratik ölkə olmasa da, çərçivəyə salınmış seçki ənənəsi var. İnsanlar seçki zamanı qutuya bülleten atmağı öyrəniblər. Bir sözlə, Avrasiya məkanında yeni iqtisadi, hüquqi və siyasi birliyə ehtiyac var.
– İran ilə Azərbaycan arasında münasibətlər hazırda gərgindir. Son zamanlar rəsmi Tehran israrla münasibətləri normallaşdırmağa çalışır. Sizcə, iki ölkə arasında münasibətlər normallaşıb əvvəlki səviyyəyə qayıdacaq?
– Necə ki, Türkiyə ilə Rusiyanın həyati maraqları tələb edir ki, əməkdaşlıq etsinlər, eynilə Azərbaycanın və İranın da maraqları tələb edir ki, əməkdaşlıq etsinlər. Çox təəssüf ki, İran Azərbaycanın güclənməsini özünə təhlükə olaraq görür. Mövcud problemlərin kökündə də bu dayanır. İran Azərbaycanın problemlər içərisində qalmasını, Ermənistanla münaqişənin davam etməsini istəyir. Çalışır, Azərbaycan cənublu soydaşlarımız üçün cəzbedici olmasın, İranda mərkəzdənqaçma meyillərinin bu yolla qarşısı alınsın. Bu yanlış siyasət İranı qorumur, əksinə, onun süqutunu yaxınlaşdırır. İran öz siyasətində dəyişiklik edəcəyi təqdirdə münasibətlər normallaşacaq.
– Sizcə, İran belə bir addım atacaq?
– Səmimi deyim ki, bu, İrandakı liderlərin müdrikliyindən və regionda gedən proseslərdən asılı olacaq. Amma Azərbaycan hər zaman bu mesajları verməlidir ki, bizim tərəfdən heç bir problem yoxdur.
– Bəs İrandakı səfirliyimizə edilən hücum… Bunu unudaq?