"Bu torpaqların sahibləri geri qayıdıb və talana son qoyulmalıdır"
Sfera.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini oxuculara təqdim edir:
- Qüdrət bəy, azərbaycanlı təbiətsevərlərin Şuşa-Xankəndi yolunda təşkil etdiyi etiraz aksiyasına münasibətinizi bilmək istərdik.
- Belə soyuq havada aksiyada iştirak edənlər əsl vətənpərvərlər və bizim qəhrəmanlarımızdır. İşğal illərində ermənilər tərəfindən Azərbaycan təbiətinə ciddi ziyan vurulub, təbii sərvətlərimiz vəhşicəsinə talan olunub. Artıq buna dözmək olmaz. Aksiya iştirakçıları başa salırlar ki, bu torpaqların sahibləri geri qayıdıb və talana, ətraf mühitin çirkləndirilməsinə son qoyulmalıdır.
- Onlara münasibətdə sülhməramlılar, yaxud erməni təxribatçıları tərəfindən hər hansı təxribat ola bilərmi?
- Bu az ehtimal olunur. Azərbaycan Ordusu ordadır və bunu edənlər ağır cavab ala bilər. Aksiyaçıların tələbləri yerinə yetirilməli, Ermənistan Azərbaycanla sülh sazişi imzalamalı və istəyirsə ki, Qarabağdakı ermənilər orda qalıb yaşasın, onların Azərbaycanın yurisdiksiyasına qayıtmasına kömək etməlidir.
- Qüdrət bəy, 2023-cü ilin dövlət büdcəsi qəbul olundu. 2023-cü ildən gözləntiləriniz nədir?
- 2023-cü il böyük dövlət adamı, mərhum prezident Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyidir. Çox istərdim ki, 2023-cü il tariximizdə həm də Qarabağ üzərində dövlət suverenliyimizin bərpa olunması ili kimi qalsın. Bu, hər iki yubileyə ən böyük töhfə olar, Heydər Əliyev və Mustafa Kamalın, torpaqlarımızın azadlığı uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin ruhunu şad edərdi.
İstərdim ki,2023-cü il həm də böyük islahatların həyata keçirildiyi dövlət quruculuğu ili kimə də yaddaşlarda, tariximizdə qalsın. Azərbaycanda hazırda qarışıq iqtisadiyyatın (mixed economy) elementləri mövcuddur. Əslində isə iqtisadiyyatımıza dövlət rəsmilərinin idarə etdiyi iqtisadiyyat (command economy) xarakterikdir. Azad bazar iqtisadiyyatına keçidi təmin etmədikcə ciddi iqtisadi uğurlardan və buna bağlı olan yüksək sosial rifahdan danışmaq mümkün olmayacaq. 2023-cü ildə Azərbaycanda istehsal olunan ümumi daxili məhsulun həcmi adambaşına 5000 ABŞ dollarına çatmayacaq,amma müqayisə üçün deyim ki, bu, məsələn, Kanadada 57 000 ABŞ dollarından artıq olacaq. 2023-cü il üçün proqnozlaşdırılan illik 5%-lik iqtisadi artımla görün bizə neçə on illər lazımdır ki,iqtisadiyyatımızın həcmini heç olmasa iki dəfə artıra bilək.
- Sizcə nədən başlamaq lazımdır?
- Bunun üçün ilk növbədə siyasi iradə lazımdır. Ardınca texnokratlardan ibarət təşkil olunmuş Nazirlər Kabinetindən imtina olunmalıdır. Texnokratlardan (yəni rəhbərlik etdiyi öz sahə üzrə müəyyən biliklərə malik olan şəxslər) ibarət hökumətlər heç vaxt və heç bir ölkədə ciddi uğurlara nail olmayıb. Məşhur psixoanalitik Ziqmund Freyd yazırdı ki, insanlar ona görə azad olmaq istəmir ki, azadlıq məsuliyyət, məsuliyyət isə qorxu hissi yaradır. Siyasətçilərdən fərqli olaraq texnokratlar risk etməkdən və məsuliyyəti öz üzərlərinə götürməkdən çəkinirlər. Onlarda təşəbbüskarlıq çatışmır. Siyasətçilər isə risk etməyi, məsuliyyəti öz üzərlərinə götürməyi bacaran, uduzmağa da hazır olan insanlardı. Ona görə siyasi proseslərə qoşulmamış, belə xarakterə malik olmayan insanların yüksək siyasi vəzifələrə təyin olunması özünü doğrultmur. Onlar yaxşı icraçı ola bilərlər.
Azərbaycanda iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmadıqca, yəni dövlət mülkiyyətində olan xidmət sahələri, istehsal və emal müəssiələri özəlləşdirilmədikcə və investisiya cəlbi üçün qanunun aliliyini yüksək səviyyədə təmin edəcək güclü məhkəmə hakimiyyəti yaradılmadıqca iqtisadi və sosial sahədə, elm və təhsildə və digər sahələrdə böyük uğular olmayacaq. Neftin qiyməti qalxsa, hansısa layihələr həyata keçiriləcək, neftin qiyməti düşsə, 2015-ci ildəki kimi, növbəti devalvasiyalar (manatın ucuzlaşması) baş verəcək.
- Sizə yaxşı qanunlar qəbul edib güclü iqtisadiyyata sahib hüquqi dövlət qurmağa kim mane olur?
- Yaxşı qanunların qəbulu təşəbbüsü ilə hökumət çıxış etməlidir, həm də həmin qanunlar vicdanlı şəkildə icra olunmalıdır. Konstitusiyada qanunların icrasına parlamentin nəzarət etməsi nəzərdə tutulsa da bunun icra mexanizmi yaradılmayıb. Bu gün, hətta məhkəmə qərarlarının böyük bir qismi icra olunmur. Siyasi partiyalar hökumətə nəzarət edəcək gücə sahib deyil. Böyük dövlət adamı Bismark deyirdi ki, yaxşı məmurlarla pis qanunlarla dövləti idarə etmək olar, amma yaxşı qanunlarla pis məmurlarla dövləti idarə etmək olmaz. Bizdə kifayət qədər yaxşı qanunlar var, problem onların icrasındadır.
- Qüdrət bəy, Ceyhun Bayramov Lavrovla məsləhətləşmələrə dair protokol imzalayandan sonra bəlli dairələrin ciddi tənqidi ilə üzləşdi. Sizin münasibətiniz necədir?
- Putin Valday klubunda Azərbaycanın ərazi bütövlüyünü, əvvəllər verdiyi bəyanatlara zidd olaraq, şübhə altına alanda mən həm onu, həm Rusiya dövlətini sözünü tutmamağa və beynəlxalq hüquqa hörmət etməməyə görə kəskin qınadım. Amma o zaman da əlavə etmişdim ki, biz Rusiya ilə işləməkdə davam etməliyik. Çalışmalıyıq ki, hansı rejimin və kimin hakimiyyətdə olmasından asılı olmayaraq həmişə Rusiya ilə yaxın qonşuluq və dostluq siyasəti aparaq. Bir daha təkrar edirəm, Rusiya bizim böyük qonşumuzdur, Rusiyada iki milyona qədər soydaşımız, on milyonlarla türk-müsəlman yaşayır. Rusiya Azrbaycan fermerləri üçün böyük bazardır. Azərbaycan gəncləri üçün iş bazarıdır. Onlar Azərbaycanda qalmış ailə üzvlərinə acından ölməmələri üçün yüz milyonlarla dollar pul göndərirlər. Bizi Rusiya ilə 200 illik tarixi əlaqələr bağlayır. Qarabağda Azərbaycanın suverenliyinin qansız, itkilərsiz bərpası da daha çox Rusiyadan asılıdır, bunu heç kim yaddan çıxarmamalıdır. Mən həmişə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsinin tərəfdarı olmuşam. Qarabağ məsələsində biz Qərbdən fərqli olaraq Rusiyanın daha ədalətli mövqe sərgiləməsinə nail ola bilərik. Mən türk-slavyan respublikaları ittifaqının perspektivinə inanmışam. Ukraynaya təcavüz bu prosesi gecikdirsə də gələcəkdə bunun baş tutacağına inanıram.