“Rusiya başa düşməlidir ki, indi Çingiz xan dövrü deyil” – Ukraynanın eks XİN başçısı ilə MÜSAHİBƏ

“Rusiya başa düşməlidir ki, indi Çingiz xan dövrü deyil” – Ukraynanın eks XİN başçısı ilə  MÜSAHİBƏ
"Rusiya başa düşməlidir ki, indi Çingiz xan dövrü deyil. Kimisə qorxutmaq üçün atla, bıçaqla danışmaq olmaz.

Bu sözləri Ukrayna-Rusiya müharibəsi ilə bağlı  Ukraynanın ABŞ və Rusiyadakı keçmiş səfiri, eks xarici işlər naziri  və baş nazirinin müavini Konstantin Qrişenko Bizim.Media-ya müsahibəsində bildirib.  

Ukraynanın sabiq XİN başçısının Bizim.Media-ya verdiyi eksklüziv müsahibəsini təqdim edirik: 

- Artıq bir aya yaxındır Ukraynada davam edən müharibə yəqin ki, vətəndən uzaqda olmağınıza baxmayaraq sizi də narahat edir. Bu barədə fikirlərinizi öyrənmək maraqlı olardı.

- Ukraynadakı müharibə təbii ki, məni çox məyus edir. Belə olmasını qətiyyən istəməzdim. Əminəm ki, hazırda Ukraynada olan insanlar da bunu istəmirdilər. Ukraynanın heç vaxt başqa bir ölkənin suverenliyi və ərazi bütövlüyünə qərəzli yanaşması olmayıb. Onlar azad və suveren Ukraynada yaşamaq istəyirlər. Onlar Rusiya malikanəsindən verilən qərarlarla idarə olunmaq istəmirlər. Bu təkcə Ukraynalıların deyil, orada yaşayan rusların və digər xalqların, misal üçün yunanların da arzusudur. Sizə təəccüblü gələ bilər, amma qeyd etmək istərdim ki ,yunanlar Mairupolda böyük etnik qrup şəklində yaşayırlar. Görünür ki ,Rusiya rəhbərliyi müharibədən öncə səhv hesablama aparıb və qeyd etdiyim faktları nəzərə almayıb.

- Cənab Qrişenko, müharibənin gedişi ilə bağlı vurğulmaq istədiyiniz hər hansı bir xüsusi məqam varmı?

- Bu xarici işğala qarşı aparılan klassik müharibədir. Bütün dünyanın gözü qarşısında Ukrayna xalqı əlinə silah alaraq öz vətənini müdafiə etməyə çalışır. Bu sualınıza ən yaxşı cavabı Ukrayna xalqı özü verir. Belarus və Rusiyadan fərqli olaraq Ukrayna oradakı rejimdən narazı deyil və demokratik şəkildə seçdikləri hökumətin tərkibində yaşamaq istəyirlər. Məncə də bu narazı halda yaşayan digər dövlətlərin xalqları ilə müqayisədə azadlığın nə demək olduğunu Ukrayna xalqı fonunda bütün dünyaya göstərir.

- 2008-2010-cu illərdə Ukraynanın Rusiyadakı səfiri olmusunuz və bu da sizə Rusiya siyasətinə daha yaxından bələd olmaq üçün imkan yaradıb.  Sizcə, Vladimir Putin müharibəni nə vaxt dayandıra bilər?

- Rusiyanın Ukraynaya və Postsovet məkanı ölkələrinə münasibəti həmişə eyni olub. Bunu Gürcüstan misalında da görə bilərsiniz. Ukraynada başlatdığı müharibə ilə Rusiya yenidən 90-cı illərin əvvəllərinə qayıtmaq istəyir. Amma halbuki Rusiyanın beynəlxalq hüququn öhdəliklərinə əsaslanan münasibətlər qurmaq imkanı da var idi. Təəssüf ki, onlar bu yolu seçmədilər. Ukrayna sərhədləri ilə bağlı Rusiya ilə danışıqlar apararkən biz ən azı dostluq və qarşılıqlı hörmət əsasında bunu reallaşdıra bilərdik. Ukraynanın yeganə məqsədi ərazi bütövlüyünün qorunması idi və heç bir qərəzli yanaşma nümayiş etdirmirdi.

- Bəs sizcə müharibəni alovlandıran əsas səbəb nə idi?

- Mən şəxsi yanaşmama əsaslanıb deyə bilərəm ki ,Ruslar Sovet İttifaqının yenidən bərpa olunacağına inanırdılar. Onları müharibəyə sürükləyən əsas səbəb də məhz bu idi. Amma mən inanmıram  indi hər hansı bir müstəqil ölkə yenidən Sovet İttifaqının yaranmasını və ora daxil olmağı arzu etsin. Bir məsələ də var ki bir çox ölkələr müharibəyə tandemik deyil, sadə müharibə kimi yanaşırlar. Onlar rus oliqarxlarına qarşı sanksiyalar tətbiq edərək raşizmin güclənməsinin qarşısını alırlar.

- Sanksiyaların yüksələn xətt üzrə artması da buna işarədir?

- Sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatını bir növ izləyirlər. Yəni hansı sanksiya öldürücü təsir edir və ya hansı sanksiya səthi xarakter daşıyır və bunları kənardan müşahidə edirlər. Bununla bu kimi müharibələrin bir daha təkrarlanmasının da qarşısını almış olurlar. Reallıq göstərir ki, Rusiya müasir sivilizasiyadan geri qalır.

- Prezident Zelenskinin Rusiyalı jurnalistlərlə keçirilən görüşü hər hansı müsbət dəyişikliklərə yol aça bilərmi?

- Cənab Zelenski Rusiyalı jurnalistlərlə görüşdə müharibənin dayandırılmasının vacibliyini vurğuladı və o söylədi ki, danışıqlara hər zaman açıqdır. Məncə prezidentlərin birbaşa görüşü olsa nəticə əldə oluna bilər. Amma Rusiya başa düşməlidir ki ,indi Çingiz xan dövrü deyil. İndi kimisə qorxutmaq üçün atla bıçaqla danışmaq olmaz. Onlar vaxtilə Çingiz xanın etdiyini etməməlidirlər. Ola bilər ki Ukraynadakı müharibə ilə Rus ədəbiyyatına daha yeni bir müharibə daxil etmək istəyirlər, amma bu uğursuz nəticə verəcək. Bu müharibə ruslara yaxşı heç nə verməyəcək. İstər reallıqda, istərsə də ədəbiyyatda.

OXŞAR XƏBƏRLƏR